• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1577
— 29.06.2023 13:22

Proqramçılar süni zəka əsaslı sistemlərdən istifadəyə başlayıblar

Proqramçılar arasında aparılmış sorğu onu göstərib ki, süni zəka əsaslı alətlər bu sahədə artıq adi hala çevrilməyə başlayıb. Bununla belə proqramçılar hələ də bu cür sistemlərə skeptik yanaşmağa davam edirlər. Sorğuda iştirak etmiş proqramçıların 77%-i qeyd edib ki, onlar öz işlərində süni zəkanın istifadəsinə müsbət yanaşırlar. 70%-i isə bildirib ki, onlar bu il ərzində proqramlaşdırma üçün nəzərdə tutulmuş süni zəka sistemlərindən istifadə etməyi planlaşdırırlar. Sorğu iştirakçılarının 33%-i düşünür ki, bu cür sistemlər performansı yüksəldir. 30%-nin fiklrincə isə onlar müəyyən şeyləri öyrənmək prosesini daha da sürətləndirirlər.

Lakin bununla yanaşı proqramçılar proqramlaşdırma üçün nəzərdə tutulmuş süni zəka əsaslı sistemlərin dəqiq şəkildə çalışmalarına hələ də skeptik yanaşırlar. Belə ki, sorğu iştirakçılarının yalnız 3%-i bildirib ki, onlar bu cür süni zəka sistemlərinin işlərinə tam olaraq güvənirlər. Proqramçıların 39%-i bu cür sistemlərə qismən güvənir, 31%-i neytral yanaşır, 22%-i ehtiyatla yanaşır, 5%-i isə ümumiyyətlə güvənmir. Stack Overflow bildirib ki, onun sorğusunda 185 ölkədən ümumilikdə 90 000 nəfər proqramçı iştirak edib. Sorğu əsasında digər bir maraqlı statistika da tərtib edilib. Beləliklə ChatGPT süni zəka vasitəsilə reallaşdırılan axtarış sistemləri arasında ən məşhurudur.

O, sorğu iştirakçılarının 83%-i tərəfindən istifadə edilir. İkinci yeri Bing (20%), üçüncü yeri WolframAlpha (13%), dördüncü yeri isə Google Bard (10%) tutub. Github Copilot proqramçılar arasında ən çox istifadə edilən axtarış alətidir. O, proqramçıların 55% tərəfindən istifadə edilir. Bu məsələdə ikinci yeri Tabnin (13%), üçüncü yeri isə AWS CodeWhisperer (5%) tutub. Statistikada qeyd edilib ki, ABŞ, Böyük Britaniya və Almaniyadakı proqramçılardan fərqli olaraq Hindistan, Braziliya və Polşadakı proqramçıların çoxu süni zəka əsaslı sistemlərdən istifadə edir. Proqramçılıq təhsili alan şəxslərin 82%-i, artıq professional proqramçı kimi fəaliyyət göstərən şəxslərin isə 70%-i süni zəka əsaslı sistemlərdən tez-tez istifadə edir.