Övlad sahibi olmağı hər bir ailə arzulayır, ancaq bu xoşbəxtlik hər adama nəsib olmur. Həmin xoşbəxtliyi bəzi ailələr illərlə gözləməli olurlar. Bəzən isə övlad sahibi olmağa hazırlaşanlar uşağın cinsindən narazı olurlar. Oğlan uşaqlarının olmasını arzu edirlər. Bu isə demoqrafik balansın pozulmasına səbəb olur.
BMT-nin Əhali Fondunun hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilədək doğulan oğlanların sayı qızlardan 12-15 min çox olacaq. Bu isə çox ciddi demoqrafik problemlərin anonsu kimi qəbul edilə bilər. Azərbaycan ailələrində qədimdən oğlan uşaqlarına daha çox üstünlük verilib. Müasir dövrdə də bununla bağlı fikirlər bir o qədər dəyişməyib. Oğlanlara soyadın, nəslin davamçısı kimi baxılır.
Əksəriyyət oğlan uşağına ailənin köməkçisi, qazanc mənbəyi kimi baxır. Qız övladını yük kimi görürlər. Ona görə də oğlan uşaqlarına üstünlük verirlər. Hazırda Azərbaycanda hər 100 qıza 105-107 oğlan düşür. Sosioloqlar elə hesab edir ki, hələlik rəqəmlər normaldır. Ancaq irəliləyən illərdə cins nisbətinin pozulması təhlükəli hal ala bilər.
Cavid Bağırzadə- sosioloq: “Aydın məsələdir ki, mentalitet olaraq ailələrdə oğlan uşaqlarına münasibət bir az fərqli olur. Həm nəslin davamçısı kimi, həm düşmənə qarşı döyüşən bir ər kimi, el misalı da var ki, “oğula düşmən çəpəri deyirlər”, düşmənin qarşısını alan bir qüvvə hesab edirlər. Bu, bir demoqrafik problemdir və gələcəkdə bunun nəticəsi necə olacaq bunu proqnozlaşdırmaq da çətindir. Bu illər ərzində hər hansı bir pandemiyada ola bilər. Hər hansı bir təbii fəlakət və ya hər hansı bir hadisə- sosial məsələlər ortaya çıxa bilər. Mənim şəxsi qənaətimə görə, BMT-nin proqnozlaşdırdığı bu rəqəm gələcək üçün elə də sosial problemə çevrilməyəcəkdir”.
İqtisadçılar isə başqa fikirdədirlər. Belə ki, Azərbaycanda 10-15 ildən sonra oğlanlar evlənmək üçün qız tapa bilməyəcək. Belə olduqda isə oğlanlar beynəlxalq nikahlara getməli olacaqlar.
Məsim Abadov- iqtisadçı: “Bunun sosial tərəflərindən başqa iqtisadi tərəfi də var. Yəni müəyyən işlər var ki, bu, ancaq qadına məxsusdur. Misal üçün tikmə, hörmə xırda işlər var ki, sırf qadına məxsusdur. Yəni, qeyri-ixtiyari bu sahədə təlabat artır. Yəni tələb-təklif balansı pozulur. İkinci bir tərəfi qızların sayının azalması, oğlanların sayının çoxalması evliliklərin kənar tərəflərə çıxmasına səbəb yaradır. Onsuz da qızlarımız da əcnəbilərlə ailə qururlar. Oğlanlarımız da əcnəbi qızlarla evlənmə halları artır. Amma belə hal olduqda bu, avtomatik olaraq özü bir təkan verəcək ki, bu hal artsın, qıraqda axtarsınlar”.
Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsindən məsələ ilə bağlı şifahi bildirildi ki, cins seçiminin qarşısının alınması, oğlan uşaqlarına üstünlüyün azaldılması və bunun kökündə dayanan gender stereotiplərinin aradan qaldrılması məqsədilə uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025 illər üçün tədbirlər planı təsdiqlənib. Həmçinin komitə “Gender əsaslı cins seçimi və aidiyyatı zərərli təcrübələrin aradan qaldırılması” qlobal proqramı çərçivəsində bu sahədə işləri davam etdirir.
Aişə Rzayeva
- Baxış: 358