• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1749
— 24.04.2023 19:35

Tarixin təkəri Laçın yolunda geri dönür

KepezTV Player

Ermənistanla şərti sərhəd istiqamətində sərhəd postunu qurmaqla Azərbaycan tarixi və strateji əhəmiyyətli qərara imza atdı. Bu, həm də ölkəmizin ərazi butövlüyü və suverenliyimizin tam təmin olunmasının növbəti mühüm təntənəsidir. Əgər bundan öncə Ermənistanın siyasi dairələri Qarabağla bağlı öz xeyirlərinə hər hansı həll yoluna ümid edirdilərsə, bundan sonra bu xülyaları da puç oldu. Siyasi şərhçilərin mövzu ilə bağlı maraqlı fikirləri var. 

Ermənistan ilə sərhəddə - Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulması bölgədə baş verən proseslərə iki mühüm töhfə verəcək. Bunlardan biri, Ermənistan-Azərbaycan normallaşma prosesinə müsbət təsiridirsə, digəri Azərbaycan üçün hazırda böyük önəm kəsb edən Qarabağda yaşayan ermənilərin tərk-silah edilməsinə nail olmaqdır. Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədovun sözlərinə görə, bu iki təsirin nəticələrini yaxın gələcəkdə görmək mümkün olacaq.

Fərhad Məmmədov- Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru: “Onlar hələ də ümid edirdilər ki, beynəlxalq ictimaiyyətin təzyiqləri nəticəsində Azərbaycan razı olacaqdır ki, sülh müqaviləsində bu və ya digər formada Qarabağ mövzusu yer alsın. Hal-hazırkı durum artıq Ermənistan hakimiyyətinə imkan verir ki, öz cəmiyyətlərinə bu mesajı açıq-aydın bildirsinlər, çünki nə beynəlxalq ictimaiyyət, nə ABŞ, nə Avropa İttifaqı, nə də Rusiya federasiyası artıq hal-hazırkı vəziyyəti dəyişə bilməyəcək”.

Ekspert əlavə edir ki, separatçılara dəstək verən cinayətkar qruplar bundan sonra hər hansı bir addım atmazdan öncə iki dəfə düşünəcək. Çünki, artıq ərazini sərbəst şəkildə Rusiya Sülhməramlılarının müşayiəti ilə keçə bilməyəcəklər.

Fərhad Məmmədov- Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru: “Əgər onlar həmin ərazidə qalmaq istəyirlərsə, onlar Azərbaycanın reinteqrasiya təklifinə və Bakıya gəlişinə razı olmalıdırlar. Əks halda, bu reinteqrasiya onsuz da baş verəcək, amma sistemsiz, individual qaydada baş verəcək və yerli ermənilər birbaşa olaraq Azərbaycan dövlət strukturlarına müraciət edərək vətəndaşlığı qəbul edə biləcəklər. Qarabağda yaşamağa davam etmək istəyən ermənilər vətəndaşlığı qəbul edib, istəməyənlər isə həmin ərazini birtərəfli qaydada tərk etməyə məcbur olacaqlar”.

Xarici ekspertlər bildirir ki, mövcud vəziyyət Ermənistanın 44 günlük Vətən müharibəsindən sonrakı reallıqları həzm edə bilməməsi nəticəsində formalaşıb. Hər vəchlə Qarabağda status-kvonu dəyişməyə çalışan Ermənistan rəhbərliyi qazdığı quyuya özü düşdü. Azərbaycan isə bölgədə gedən prosesləri yaxından izləyərək ardıcıl şəkildə düşünülmüş addımlar atır.

Abdullah Ağar- Terror və təhlükəsizlik məsələləri üzrə ekspert: “10 noyabrda imzalanan sənədin altına atılan imzaya uyğun davranmayanda, Azərbaycan son dərəcədə önəmli bir qərar verdi və bunu həyata keçirdi. Yəni Ermənistana, mən, öz haqqımı axtarıram və bununla bağlı şəffaflıq təklif edirəm, dedi. Bundan sonra Ermənistanın və digər ölkələrin nələr edəcəyi çox onəmlidir, çünki, Azərbaycan anasının ağ südü olan- halal olan toprağını sonuna qədər qoruyacaq”.

Sergey Markov- Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru: “Bu, eyni zamanda Qarabağın erməni icmasına ünvanlanmış bir mesajdır ki, nə Erməni ordusuna, nə xarici güclərə ümid etmək lazım deyil. Bundansa Azərbaycan cəmiyyətinə inteqrasiya etmək barədə düşünmək, və ya digər ölkələrə öz qohumlarının yanına köçmək lazımdır. İndi Ermənistanda buna görə təşviş yaranıb. Çünki başa düşürlər ki, Rusiya bu faktla tamamilə razılaşıb. İndi Ermənistan rəhbərliyi bütün dünyaya bu barədə car çəkir. Amma çağırış etdiyi bütün dövlətlər yalnız masa danışıqları, müxtəlif bəyanatlarla kifayətlənəcəklər. Ermənistanın Azərbaycana sanksiya tətbiq edilməsi tələbi baş tutmayacaq”.

44 günlük Vətən müharibəsində İranla sərhəddəki Xudafərin qəsəbəsinin azad edilməsi Azərbaycanın 30 ildən sonra bu bölgədə tarixi sərhədlərinə qayıdışını təmin etdi. Ermənistanla şərti sərhəd istiqamətində Dövlət Sərhəd Xidməti postunun qurulması isə ölkəmizin artıq siyasi – diplomatik meydanda növbəti qələbəsi kimi qiymətləndirilir. Bunun isə ardı var. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi…

İlham Əliyev- Azərbaycan Prezidenti: “...Və nəyi, necə, nə vaxt etmək lazımdır, bunu, mən bilirəm!”

Azad Mustafayev