• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 31.03.2023 11:08

31 Mart soyqırımı

KepezTV Player

1917-ci il oktyabr devirimi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi "Daşnaksütyun" partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçəri şəhərə hücum zamanı A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku", qəzetləri redaksiyalarını dağıtmış, "Təzə pir" məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər. Məscidin həyəti xarabalığı xatırladırdı. Matroslar şəhərdə ruslara qarşı heç bir qırğının törədilmədiyini yəqin edəndən sonra, top atəşini dayandırdılar.

Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, həm də Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Qeyd olunan ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb, məhv edildi. Tarixi  mənbələrdən topladığımız məlumata görə, Bakıda 229, Gəncədə 272,  Zəngəzurda 115, Qarabağda 157 Azərbaycan kəndi tamamilə dağıdılaraq, əhalisinin əksəriyyəti öldürüldü. Hətta, bir milyondan artıq soydaşımız erməni qəsbkarları tərəfindən öz doğma yurd-yuvalarından didərgin salındı, daha sonra da çadırlarda yaşamağa məhkum edildi. 

Xüsusilə də, Şamaxının dini ocaqları, həmçinin 8 əsrlik tarixi olan “Cümə məscidi”, Lənkəranda Kiçikbazar məscidi yandırılaraq tamamilə dağıdıldı. Onların etdikləri vəhşiliklər xalqımız tərəfindən heç vaxt unudulmadı!

2007-ci ildə məhz Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ilin may ayında bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olmuşdur. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli sərancamı ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılmasına qərar verib və 2013-cü il sentyabrın 18-də açılışı olub. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.

Nəticədə, tarix ona görə yad olunur ki, ondan nəticə çıxarılsın. Biz bu gün də müstəqil və bütöv Azərbaycan olaraq 31 Mart Soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir, onlara Allahdan rəhmət diləyirik!

Lalə Bağırova