• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1899
— 31.03.2023 11:20

Unudulmayacaq qanlı tariximiz

KepezTV Player

31 Mart soyqırımı ermənilərin Azərbaycana qarşı törətdiyi ən qəddar qətliamlardan biridir. Tarixin 1 əsr dərinliyində yatan bu fəlakət unudula, unutdurula bilməz!

30 min günahsız insanın qətl edildiyi soyqırımın yarasını təzə saxlamaq, bu qanlı tarixi hadisənin mahiyyətini növbəti nəsillərə ötürmək və olanları dünya ictimaiyyətinə çatdırmaq məqsədləri əsas götürülərək, ötən onilliklər ərzində mart qətliamı mövzusuna ədəbiyyatda və kinematoqrafiyada geniş yer verilib.

Məmməd Səid Ordubadinin "Qanlı sənələr" adlı kitabı tarixi həqiqətlərin üzə çıxarılması baxımından bu minvalda yazılan əsərlər siyahısında ilk pillələrdə yer alır.

Kitab XX əsrin əvvəllərində baş verənlərin müxtəlif bölgələrdən gələn müxbir məktubları əsasında təsvirini özündə əks etdirir. Münaqişənin məzmunu və gedişi haqqında oxucuda tam təsəvvür yaratmağa imkan verilir. Bəlli olur ki, ermənilər aranı sakitləşdirib, azərbaycanlıları arxayın saldıqdan sonra öz məkrli siyasətlərini gerçəkləşdirirlər. Xalqımızın sadəlövlüyündən, xoş niyyətindən və məlumatsızlığından istifadə edən təcavüzkarlar onlara arxadan zərbələr endirir və bu qırğınları həyata keçirirlər. Həmin hadisələrin eyni ssenari üzrə yetmiş ildən sonra təkrarən baş verməsi isə təəssüf ki, keçmişi unutduğumuzu göstərir. Bu səbəbdən də əsərin yenidən nəşri xalqımızın yaddaşını oyatmağa, baş verənlərdən ibrət dərsi almasına xidmət edir.

Xalqının saflığına bələd olan və taleyin gedişini dəyişdirmək üçün çalışan uzaqgörən insanların fəaliyyəti bununla yekunlaşmır.

İndiyədək dünyanın 33 dilinə tərcümə edilmiş məhəbbət romanı olan “Əli və Nino”da da həmin dövrlərdə cərəyan edən məlum hadisələrin izlərinə rast gəlinir.

Belə ki, əsərdə  Cənubi Qafqazda bolşevik-erməni dəstələrinin Azərbaycan xalqına qarşı qırğınlar törətməklə xalqımızı məhv etməyə çalışdığı göstərilir. Əsərin baş qəhrəmanı Əli isə əsl azərbaycanlı gənci kimi vətəninin müdafiəsinə qalxır və uğrunda canından keçir.

Digər bir film, “Həqiqətin özü”ndə isə ermənilərin Türkiyədə, o cümlədən Cənubi Qafqazda törətdiyi soyqırım faktlarından bəhs edilir.

Filmdə Birinci Dünya müharibəsində imperiya güclərinin oyununa çevrilən ermənilərin bütün dünyaya car çəkdikləri qondarma erməni soyqırımı və eləcə də günümüzün problemi sayılan Dağlıq Qarabağ haqqında yaydıqları uydurma bəyanatların hansı mənbədən qaynaqlandığı ortaya qoyulur.

Yazılan və səhnələşdirilən bu əsərlərlə həqiqətləri ortaya qoyan danılmaz faktlar tarixin səhifələrində öz silinməz izlərini qoymuş olur və gələcək nəsillərə acı bir dərs kimi ötürülür ki, xalqımız belə fəlakətləri bir də yaşamasın.

Aysel Abbasova