• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1637
— 30.03.2023 20:39

1918-ci ilin mart soyqırımından 105 il ötür

KepezTV Player

Ermənilər tarixin müxtəlif dövrlərində xalqımıza qarşı kütləvi qətliamlar törədib, soyqırım aktları həyata keçiriblər. Bu cinayət əməllərinin miqyasına və nəticələrinə nəzər saldıqda belə qənaətə gəlmək olur ki, bu soyqırımı aktları həm beynəlxalq hüquq normaları ilə təsbit olunmuş konvensiyalara əsasən, həm də mənəvi-əxlaqi kodekslərə görə, insanlığa qarşı və bəşəriyyət əleyhinə cinayətdir. 1918-ci ilin mart soyqırımları da təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir.

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetiriblər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülüb, on minlərlə insan itkin düşüb. Milli memarlıq inciləri, məktəblər, xəstəxanalar, məscid və digər abidələr erminilər tərəfindən dağıdılıb.

Cavid Bağırzadə- Tarix üzrə fəlsəfə doktoru: “Gəncə Quberniyası ərazisində Gəncədə və Gəncə yaxınlığında Cavanşir qəzasında, Şuşa qəzasında, Zəngəzur qəzasında eyni zamanda, İrəvan quberniyasında, müxtəlif tarixi torpaqlarımızda soyqırımlar törədilib. Şamaxıda 7 mindən çox insan qırğınların qurbanı olub. Quba qəzasında 122 kənddə talan və qırğınlar törədilib ki, bunlardan da 27 kənd öz əhalisi ilə birlikdə yer üzündən, xəritədən silinib. Bu gün biz Quba Tarixi Memorial Kompleksində onun ağrılı-acılı izlərini əyani şəkildə görürük”.

Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Təkzibolunmaz arxiv sənədləri, soyqırımları təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır. Bu gün həmin tarixi faktların ölkəmizdə və dünyada təbliği mühüm əhəmiyyət kəsb edir.

Cavid Bağırzadə- Tarix üzrə fəlsəfə doktoru: “Azərbaycan tarixçilərinin, ziyalılarının, müəllimlərinin, diaspor üzvlərinin və bütövlükdə hər bir vətəndaşımızın üzərinə böyük bir vətəndaşlıq məsuliyyəti, yükü düşür ki, tarixi həqiqətlərimizi həm özümüz öyrənək, həm də bu gerçəklikləri dünya ictimaiyyətinə, olduğumuz konfranslardə, tədbirlərdə başqa xalqların nümayəndələrinə çatdıraq və tarixi gerçəklikləri təbliğ edək”.

Biz birlikdə və güclü olanda hədəflərimizə çatırıq. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi atlında qazanılan şanlı qələbə bu formulu bir daha təsdiq etdi. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 Mart soyqırımı qurbanlarının qisasını aldı. Əlbət ki, insanlığa, bəşəriyyətə qarşı cinayətləri özündə ehtiva edən 31 Mart soyqırımının beynəlxalq səviyyədə hüquqi qiymət almasına da nail olacağıq. 

Elnur Vahidoğlu