• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 903
— 28.02.2023 20:33

Məktəblərdə smatfon qadağası, diqqət dərsə yönəlməlidir

KepezTV Player

Məktəblərdə yenilik. Şagird davranış qaydaları ilə bağlı pilot layihənin tətbiqinə başlanılıb. Gəncənin 5 məktəbi də yeniliyin olduğu təhsil müəssisələri sırasındadır. Yeni qaydanın nədən ibarət olduğu qarşıdakı süjetdə.

Fevralın 20-dən məktəblərdə şagird davranış qaydalarının pilot tətbiqinə başlanılıb. Qaydalar ilkin olaraq seçilmiş 300-dən çox ümumi təhsil müəssisəsində tətbiq edilir. 322 min nəfərdən çox şagirdi əhatə edən qaydalar 6 bölmədən ibarətdir.

Orxan Abbasov- Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini: “Davranış səviyyələri, qayda pozuntularının ağırlıq dərəcələrini müəyyənləşdirən səviyyələr, tövsiyyə edilən korreksiya tədbirləri, rəğbətləndirmə tədbirləri və əsas terminlərin izahı bu sənəddə öz əksini tapmışdır. Və qeyd edildiyi kimi, şagird davranış qaydalarında 6 hissə dedik ki, bunlar isə öz növbəsində davamiyyət və punktallıq, geyim və xarici görünüş, təhlükəsizlik məsələləri, öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi, ümumtəhsil müəssəsinin əmlakı və şəxsi əşyalarına qayğı və etik davranışları əhatə edir”.

Qaydaların sonuncu sadalanan hissəsi özündə məktəblərdə mobil telefon qadağasını özündə ehtiva edir. Yəni, smart funksiyalı mobil cihazların məktəb bunasına keçirilməsinə icazənin verilməməsi. Lakin, burada da istisna hallar var.

Orxan Abbasov- Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini: “Xeyr, şagird məktəbə telefon gətirə bilməz. Amma, əgər müəllim hər hansı tədrisin tərkib hissəsi olaraq elektron cihaz istəyərsə, bu, öncədən bildirilməli və bunun saxlanmasına şərait yaradılmalıdır. Əgər valideyn övladının təhlükəsizliyi məqsədilə elektron cihaz gətirməsini istəyirsə bunu da məktəb saxlanılmasını təmin etməlidir. Dərs müddətində elektron cihaz şagirdlərə verilməməlidir”.

Gəncənin də 5 məktəbində qeyd edilən tələblərin tətbiqinə başlanılıb. 4, 6, 10, 39 və 44 nömrəli məktəblər hədəf qrupuna salınıb. 

Həmid Məhərrəmov- şagird: “İki gündür dərsə girəndə telefonları müəllimlərimizə veririk. Və dərs bitdikdən sonra telefonu götürüb, anamla atamla danışıram”.

Banu Qarayeva- şagird: “Telefonu valideyinimlə əlaqə saxlamaq üçün istifadə edirəm. Amma son iki gündür məktəbə girəndə telefonları yığırlar, çıxanda qaytarırlar”.

Yeni qaydaların tətbiqinin məktəb daxilində davranış qaydalarıının tənzimlənməsinə müsbət təsir göstərəcəyi düşünülür. Xüsusən də mobil cihazlardan istifadə nəticəsində yaşanan xoşəgəlməz halların aradan qalxacağı deyilir. 

Səadət Eminbəyli- müəllimə: “Telefonlarla nə dərs vaxtı, nə də tənəffüslərdə şagirdin ixtiyarı yoxdur, istifadə eləsin. Ancaq təbii ki, uzaqdan gələn var, əlaqə saxlamaq istəyən var. Və yalnız dərsdən sonra uşaq telefonu götürüb, əlaqə saxlasın. Artıq biz müsbət təsirini görürük. Çünki, uşağın fikri telefona deyil, dərsə çox yönəlir. Gözü çantada qalmır. Fikri ancaq müəllimdə, lövhədə, keçdiyimiz yeni mövzuda olur. O da uşaqların daha çox bilikləri qəbul etməsinə xeyri var”.

Valideynlərin mövzuya münasibətinə gəlincə isə, onlar da yeni qaydalardan məmnunluqlarını ifadə ediblər.

Cari tədris ilinin sonunadək davam edəcək layihənin növbəti tədris ilindən əhatə dairəsinin bir qədər də genişlənəcəyi planlaşdırılır. 

Aişə Rzayeva