• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1528
— 21.02.2023 19:55

Antibiotiklə müdaxilə düzgün hesab edilmir

KepezTV Player

Əhali arasında qızdırmasalıcı preparat kimi və vitamin əvəzinə antibiotiklərdən istifadə demək olar ki, artıb. Apteklərə bununla bağlı edilən müraciətlər də bunu təsdiqləyir. Həkimlər isə bu mövzuda vətəndaşlara xəbərdarlıq edir.

Əli Əliyev- valideyn: “Həkim göstərişi olmadan, bir dəfə qızdırma olanda qızdırmanı salmaq üçün antibiotik verdik. Əksinə, uşaq bir az da pisləşmişdi. Səhər də həkimə aparanda müayinə zamanı məlum oldu ki, antibiotik əks təsir göstərib. Həkimlərin sayəsində uşaq normal halına düşdü”.

Yəqin belə halla rastlaşanların sayı az deyil. Hərarəti aşağı salmaq, ya da hər hansı bir xəstəliyə çevrilməsinə imkan verməmək üçün antibiotikin tətbiqinə əl atanlar olub. Amma əbəs yerə, çünki müxtəlif dərmanlar qəbul edərək hərarəti aşağı salmaq xəstəliyin gedişini dayandırmır, əksinə müxtəlif ağırlaşmalara gətirib çıxara bilir. Ona görə də dərman qəbul etməzdən əvvəl mexaniki üsullardan istifadə etmək lazımdır. 

Elə apteklərə edilən müraciətlərdən də antibiotiklərin daha çox alındığı barədə qənaətə gəlmək olur. Xəstəlikdən, uşaq-böyük demədən, həkim göndərişi olmadan belə dərmanlara müraciət edildiyini deyir əczaçılar. 

Səyyaf Məmmədov- əczaçı: “Təbii ki, çox müraciətlər olur. Amma əslində antibiotiki təyin eləmək üçün analiz vermək lazımdır və yoxlanılmalıdır. Ona uyğun da təyin olunmalıdır. Özbaşına antibiotiklərin buraxılışı düzgün deyil. Gəlirlər ki, filan antibiotiki ver, bu mənə kömək edib. Amma əslində bunları vermək düzgün deyil”.

Antibiotiklər ağır tərkibli dərmanlardandır, ona görə də xəstələrin ev şəraitində ondan istifadəsi yolverilməzdir. Xəstələr profilaktik məqsədlə antibiotikdən istifadə etməməlidir. Qızdırmanın olması da antibiotikdən istifadə üçün göstəriş deyil. Bu dərmanlardan yersiz istifadə edilərsə, ehtiyac yaranan zaman həmin preparatdan istifadəni səmərəsiz edir. 

Yüksəl Hüseynli- həkim: “Ümumiyyətlə, antibiotikər bakterail mənşəli xəstəliklərdə təyin olunan preparatlardır. Düzgün istifadə olunmaması isə daha ağır xəstəliklərdə həmin göstəriş olan antibiotiklərin təsir etməməsinə və bakterialarda antibiotiklərə rezidentliyə səbəb olur. Bildiyimiz kimi, son zamanlarda uşaqların antibiotiklərdən ölüm halları da artmışdır. Bunun da səbəbi, valideynlərin heç bir göstəriş olmadan özlərinin gedib aptekdən antibiotiki alıb, uşaqlara təyin etmələridir. Qeyd edək ki, əgər uşağa bir dəfə antibiotik vurulub və heç bir əks göstəriş verməyibsə bu, o demək deyil ki, növbəti dəfə ağırlaşma verməyəcək. Təkrarlanan hallarda da anaflaksiya hekayələri mövcuddur. Ona görə də mütləq həkim məsləhəti ilə və xəstəxanada edilməlidir”.

Antibiotiklər xüsusilə qrip virusunun yayıldığı vaxtlarda dəbə minir. Hətta qripdən, öskürəkdən, qızdırmadan, boğaz ağrısından əziyyət çəkənlər müxtəlif antibiotiklərə müraciət edirlər. Həkimlər isə başlı-başına dərman qəbul etməyin sonradan daha ciddi fəsadlar verə biləcəyini deyirlər.

Aişə Rzayeva