• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1929
— 16.02.2023 17:50

Ev heyvanları saxlayarkən nələrə diqqət etməliyik?

KepezTV Player

Canlılar dünyası insanlardan, heyvanlardan və bitkilərdən ibarətdir. Heyvanlar isə insanların ən sadiq dostlarıdır. Onlarla dostluq etməyin, sahiblənməyin faydalı cəhətləri də var. Araşdırmalara görə, evində heyvan saxlayanlar digərlərinə nisbətən daha az əsəbiləşir və stressdən uzaq qalmağı bacarırlar. Onlar  uşaqların inkişafında da müsbət rol oynayır, düzgün münasibət qurulduğu halda empatiya qabiliyyətindən əxlaqi dəyərlərin inkişafına qədər bir çox müsbət nəticə alınır və uşaqlara yoldaşlıq hissini aşılayır, belə uşaqlar daha paylaşımcıl və anlayışlı olurlar. Evdə heyvan saxlamağın  məsuliyyəti və diqqət edilməsi lazım olan yönləri var. 
Evdə heyvan saxlayarkən xüsusilə onların təmizliyi nəzərə alınmalıdır. Evdə körpə uşaqlar varsa, heyvanlar vaxtlı-vaxtında peyvənd edilməli, vaxtında yemək verilməli, ayda 1-2 dəfə veterinar müayinəsindən keçməlidir, heç olmasa 2 aydan bir qurd dərmanı verilməlidir. Qulluq edənin paltarı təmiz olmalıdır, çünki heyvanlardakı natəmizlik halları və onların tükü allergiyaya səbəb ola bilər.
Heyvanlarla insanlar arasında yaranan isti münasibət onların qorunmağına, sahiblənilməyinə, heyvan xəstəxanaları yaradılmağına səbəb oldu. Bütün heyvanları sevməli və diqqət göstərməliyik. Evimizdə olanlara isə daha həssaslıqla yanaşmaq lazımdır. Onların qidalanması və qulluqları daha diqqətlə edilməlidir.
“İlk olaraq heyvanlara ev yeməkləri vermək olmaz, bu yeməklər onlara ziyanlıdır.  Ona görə xüsusi heyvan qidaları ilə bəsləyirəm. Tez-tez gəzintiyə çıxarmaq lazımdır. Vaxtlı-vaxtında dırnaqları kəsilməlidir, çünki bütün gün ərzində hərəkətdə olduqları üçün dırnaq uzananda aşınmalar baş verir, evdə kəsmək çətin olanda mütəxəssislərdən kömək istəyirəm. Tükləri qısaldılmalı və tökülməməsi üçün daranmalıdır. Yoxsa, bəzi xəstəliklərə yol açar, bunlara xüsusilə diqqət edirəm. Təmizliyi üçün tez-tez çimizdirmək və dərisində olan kəpəkləri təmizləmək üçün xüsusi daraqla daramaq, masaj etmək lazımdır”.
Bu düşüncəyə sahib heyvan sevənlər ilk dəfə İngiltərədə 1822-ci ildə bir araya gəldilər və Heyvanları Qoruma Birliyini qurdular. Bu hərəkət daha sonra bütün dünyaya yayılmağa başladı.  İllər sonra eyni məqsədli dərnəklər birləşərək Hollandiyanın Lahey şəhərində Dünya Heyvanları Qoruma Federasiyası yaratdı. 1931-ci ildən bu yana bu təşkilat 4 oktyabrı Heyvanları Qoruma Günü olaraq qeyd edir.  Bütün bunlar işin rəsmi tərəfidir. Əsas odur ki, heyvanlar da duyğu və hərəkət qabiliyyəti olan canlılardır. Onlar sahiblərinə bağlı olur, həm özünü sevdirir, həm də insanı sevirlər. Faktdır ki, bu dünya tək bizim deyil, heyvanlarla birgə yaşayırıq, onları qoruyaq, sevək, kömək edək. Bunlar tək ev heyvanlarına deyil, sahibsiz küçədə yaşayanlara da aiddir. Onları sahiblənmək, sığınacaqlara yerləşdirmək bizim insanlıq vəzifəmizdir.