• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1106
— 09.12.2022 20:05

İslamın ən böyük günahı İslam ölkəsinin qanuna çevrilib

KepezTV Player

Qəddar şovinist fars rejiminin ən təməl prinsiplərini şiddət və qorxu təşkil edir. Molla hakimiyyəti 43 ildir ki, öldürmək və bununla da insanları qorxu içərisində saxlamaqla bərqərardır. Rejimin ən böyük silahı - edamlar məhz bu səbəbdən əksərən əhalinin gözü qarşısında icra olunur. İran ölkə əhalisinin sayına nisbətən ölüm hökmlərinin və edamların sayına görə dünyada birinci yeri tutur. Əvvəllər prokurorluq və məhkəmə sistemində çalışan, qəddarlığı ilə seçilən İbrahim Rəisi hakimiyyətə gəldikdən sonra isə ölkədə bu üsulla cəzalandırılanların sayı sürətlə artıb. Bu yerdə bir faktı xatırlamaq yerinə düşər. 1988-ci ilin yayında İranda solçu siyasi güclərə, o cümlədən İran Kommunist Partiyasının üzvlərinə qarşı repressiyalar təşkil olunur. 4 üzvündən birinin Rəisi olduğu “öldürmə komitəsi”nin qərarı ilə 4500-ə yaxın məhbus 5 ay ərzində edam olunur.
Rəisinin prezident seçildiyi 2021-ci ildə molla respublikasında 17-si qadın olmaqla, 350-yə yaxın şəxs edam edilib. Bu rəqəm 2018-2020-ci illərlə müqayisədə 25 faiz artım deməkdir. Əslində İranda edamların real statistikası yoxdur. Hakimiyyət strukturları bununla bağlı məlumatları çox vaxt gizli saxlayır. İslamın humanist prinsiplərindən tamamilə uzaq idarə olunan molla respublikasında ölüm hökmü ilə bağlı yaş məhdudiyyəti də yoxdur. Bu ölkədə dünyəvi hüquqa zidd olaraq uşaqlara qarşı da edam cəzası tətbiq edilir. Edam qərarları çıxaran məhkəmələrin ədaləti isə şübhə altındadır. Çünki bu sistem qanunsuzluqları ilə bütün dünyada ad çıxarıb. İllərdir İranda neçə-neçə günahsız insanın bu və ya digər səbəbdən ən təməl haqqı olan yaşamaq hüququndan məhrum edildiyini isə Allah bilir.
Repressiv rejim hazırda ölkədə gedən proseslərin qarşısını almaq üçün də ənənəvi üsula əl atır. Möhsün Şekaridən başqa, etirazlarda saxlanılan daha 10 nəfər barəsində də ölüm hökmü çıxarılıb və yaxın vaxtlarda icra olunacaq. Mollalar edamdan etiraz aksiyalarının qarşısını almaq və nümayişçiləri qorxutmaq üçün istifadə edirlər.
Siyasi analitiklərin fikrincə, etirazçıları qorxutmaq məqsədilə reallaşdırılan edamlar əks effekt verə bilər. Etiraz koordinatorları və təşkilatları edamı pisləyərək Şekarinin qisasını alacaqlarına söz veriblər. Əslində bunu hakimiyyət qüvvələrinin özləri də proqnozlaşdırıblar. Nə Şekari, nə də ailəsi edam barədə əvvəlcədən məlumatlandırılmayıblar. Rejim onun meyitini də gizli dəfn edib. Bununla da Şekarinin edamından əvvəl etirazçıların toplaşmasının qarşısını almağa, onları gələcəkdə anım mərasimlərinin keçiriləcəyi, eləcə də nümayişlərə çevrilə biləcək dəfn yerindən məhrum ediblər.
İranda etirazlar başlayandan bu günə qədər çox sayda insan iğtişaşlarda öldürülüb, kor, əlil edilib, həbs olunub. Elə edamların sayı da kifayət qədər olub. Lakin molla rejimi xalqın daha kəskin aqressiyasından çəkinərək bu edamların iğtişaşlarla əlaqəli olmadığını bildirib, narkotik, qaçaqmalçılıq, casusluq və ya başqa səbəblərlə əlaqələndirib. Statistika başqa bir faktı da ortaya qoyur. İranda edam cəzasına daha çox qeyri-fars xalqların nümayəndələri məruz qalırlar. Onların arasında isə əlbəttə ki, azərbaycanlılar çoxluq təşkil edir. Ümumiyyətlə, İranda say etibarəilə digər xalqlardan daha çox olan, daha geniş coğrafiyada məskunlaşan güneylilərə münasibət fərqlidir. Molla rejimi yaxşı bilir ki, indiyədək ölkədə azərbaycanlıların iştirak etmədiyi heç bir inqilab uğurlu olmayıb. Ona görə də, hər hansı prosesin qarşısını almaq üçün öncə azərbaycanlılara təzyiq göstərilməlidir. Dəyişikliyin baş verməməsi üçün əvvəlcə azərbaycanlıları susdurmaq lazımdır. O baxımdan həm etirazlarda öldürülənlər, həm həbs olunanlar arasında azərbaycanlılar çoxluq təşkil edir.
İranda ölüm hökmünün hələ də qüvvədə qalması, edamların sayı beynəlxalq ictimaiyyətin sərt qınağına tuş gəlsə də, molla rejimi öz mövcudluğunu qorumaq üçün öldürməkdən, qorxutmaqdan başqa yol görmür. Bu isə əslində, fars rejiminin gücünü yox, gücsüzlüyünü göstərir. Uşaqların, yeniyetmələrin belə edamına fərman verməklə bəşəri cinayətə imza atan mollaların əmmamələrindən asılacaqları gün yaxın görünür.