• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 842
— 27.10.2022 19:54

Kabusa çevrilən dəm qazından qorunmaq olar

KepezTV Player

Payız fəsli gələndən Gəncədə 5 nəfər dəm qazından zəhərlənib. Ölüm faktı qeydə alınmasa da, artıq qış gəlməmiş gözəgörünməz kabusun addımları eşidilir. Soyuyan havaların qorxulu yuxusundan danışacağıq.

Dəm qazı boğluma və nəfəsalmanı çətinləşdirdiyindən zəhərlənmələrə yol açır. İnsan üçün ciddi təhlükə sayılan dəm qazı hiss edilmədiyindən zəhərlənmə zamanı anidən huşun itirilməsinə səbəb olur. Bunun müxtəlif səbəbləri ola bilər.

Qeyd edildiyi kimi, əsasən hündürmərtəbəli binalarda tüstübacalar vaxtında təmizlənərsə, xoşagəlməz halın yaşanması səbəblərindən biri azalar. Bəzən sakinlər tərəfindən bacanın tutulması, ələxsus da mətbəxdə mavi yanacağın yanması nəticəsində yaranan qazın xaric olmasını əngəlləyir. Gəncə şəhər MKTİB-nin Təmir tikinti və qəza xidməti şöbəsinin tərkibində bir neçə ildir fəaliyyət göstərən mobil qruplar məhz belə halların aradan qaldırılması istiqamətində çalışırlar.

Gəncədə çox mərtəbəli yaşayış binalarında tüstü-bacaların təmizlənməsi hazırlanmış tədbirlər planına uyğun olaraq həyata keçirilir. Ümumilikdə Gəncədə ötən ay ərzində 150-ə yaxın mənzilin tüstü-bacası təmizlənib.

Dəm qazının orqanizmə öldürücü təsiri onunla izah olunur ki, o qanda tez bir zamanda hemoqlobinlə birləşir. Toxuma hüceyrələrinə oksigen daşınmadığından oksigen qıtlığı yaranır və insan huşunu itirir. Həmin vaxt bədəndə süstlük əmələ gəlir, nitq tutulur. Bunun üçün də belə insanlar mümkün qədər həkimə tez çatdırılmalıdırlar.

Göründüyü kimi, adi səhlənkarlıq insanı oksigensiz qoya, həyatdan edə bilər. Bunun baş verməməsi üçün əməl olunması vacib olanlara vaxtında diqqət etməliyik ki, sonradan acısını yaşamayaq.

 

Elnur Vahidoğlu