• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2012
— 05.10.2022 20:19

Silaha sarılan müəllimlər, bayramınız mübarək!

KepezTV Player

İndi isə düşmənə dərs keçən müəllimlərimizdən danışacağıq. Hansılar ki, sinif otaqlarını səngərlərə, təbaşiri silaha dəyişərək Vətənin müdafiəsinə qalxdılar. Apardıqları mübarizədən qayıdanları da oldu, canını fəda edənləri də. Bu gün zəfər çalan, qələbə qazanan kimi xatırlanır hər biri. Həm müəllim yoldaşları, həm şagirdləri tərəfindən. Elə yenidən sinif otaqlarına qayıdan müəlimləri tərəfindən də.

Şərəfli müəllim adını daşıyan bu şəxslər təkcə sinifdə deyil eləcə də cəbhədə də öz qəhrəmanlıqlarını nümayiş etdirdilər. İkinci Qarabağ müharibəsində 20 müəllim silaha sarılaraq torpaqlarımızın azadlığı uğrunda müharibəyə yollandılar. Bu müəllimlərdən 2 nəfəri ən ali zirvəyə şəhidlik zirvəsinə ucaldı.

Gəncənin ilk şəhadət şərbətini içən müəllim 14 nömrəli orta məktəbdən Rabil İsmayılov olub. Riyaziyyat müəllimi Vətən müharibəsi başlıyandandan leytinant kimi ordu sıralarına qatılıb. Füzuli və Xocavənd istiqamətlərində qəhrəman hərbiçi kimi döyüşüb. Ağır döyüşlərin birində isə şəhadətə ucalıb. İndi dərs dediyi şagirdlər, eləcə də iş yoldaşları  onu xoş xatirələrlə yada salır.

Müqəddəs müəllim adının əvvəlinə şəhid sözünü əlavə etdirənlərdən biri də 16 saylı məkətbin tarix müəllimi Rəşad Məmmədovdur. O da vətənin dar günündə silaha sarılaraq döyüş meydanına qəhrəmanlıqla, igidliklə hərb tarizimizə adını qızıl hərflərlə yazdıranlardandır. Həmişə sinifdə haqqında qürurla, fəxrlə danışdığı Şuşa uğrunda gedən döyüşlərdə şəhadətə ucalıb.

Gəncənin şəhid müəllimləri ilə yanaşı qazi, müharibə iştirakçısı olan pedaqoqları da var. Onlardan biri də 27 nömrəli məktəb-liseyin  riyaziyyat  müəllimi Təbriz Nurəddinlidir. Vətən müharibəsinə könüllü olaraq yollanan Təbriz müəllim cəbhənin Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə iştirak edib. Gözünü açıb ailəsində gördüyü vətən sevgisini döyüş meydanında nümayiş etdirib.

Şəhid Samir Vəliyevin adını daşıyan 34 saylı orta məktəbdə çağırışa qədərki hərbi hazırlıq rəhbəri kimi işləyən Azər Əhmədov da hərbi bacarığını vətən müharibəsində, döyüş meydanında qazanıb. Düşmənin xeyli sayda canlı qüvvələrini, texnikalarını məhv edib. İndi o azad ölkənin, azad müəllimi kimi şagirdlərinə  vətən, torpaq sevgisini aşılayır.

Daim inkişafda olmaq, fəaliyyəti ilə təhsili yüksəltmək müəllimin peşə vəzifəsidir. Bununla paralel müəllim cəmiyyətin aparıcı qüvvəsi kimi layiqli vətəndaş da yetişdirir. Həm də qanları, canları bahasına Vətəni vətən edirlər.

 

Elnur Vahidoğlu