Prezidentlə Stoltenberqin görüşü keçirilib
Zəngəzur dəhlizi Laçın dəhlizinin eynisi olmalıdır
Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş olub. Görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub. Avropa İttifaqının Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində dəstəyi vurğulanıb.Söhbət zamanı, həmçinin Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı məsələlər müzakirə olunub. Eyni zamanda, kommunikasiyaların açılması, humanitar xarakterli məsələlər və digər mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
NATO-nun Baş katibinin dəvəti əsasında Prezident İlham Əliyevlə Alyansın Baş katibi Yens Stoltenberq arasında görüş olub. Görüşdə NATO-nun Baş katibi Azərbaycanın Alyansın dəyərli tərəfdaşı olduğunu deyib və Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda "Qətiyyətli dəstək" əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirib. Dövlətimizin başçısı Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı oldğunu qeyd edib.
Söhbət zamanı postmünaqişə dövründə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb və Azərbaycanın Ermənistanla sülh sazişi üzrə danışıqlara hazır olduğu bildirilib. Həmçinin regiondakı təhlükəsizlik məsələləri qeyd olunub.
Brüsseldə həmçinin,Prezident İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberqin Alyansın mənzil-qərargahında birgə mətbuat konfransı olub.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Zəngəzur dəhlizi ilə bağlı demək istərdim ki, regionda bu kommunikasiyaların açılması təklifi ötən il noyabrın 10-da Rusiya Prezidenti, Ermənistanın baş naziri və mənim tərəfimdən imzalanmış üçtərəfli Bəyannamədə öz əksini tapıb. Beləliklə, bütün lazımi şəraiti təmin etmək Ermənistan üçün bir növ öhdəlikdir. Baxmayaraq ki, bir ildən çox vaxt ərzində irəliləmək asan olmayıb, bu mərhələdə biz Azərbaycandan Ermənistan vasitəsilə Naxçıvan Muxtar Respublikasına dəmir yolu əlaqəsinin tikintisi ilə bağlı razılıq, həmçinin magistral yol inşasına dair razılıq əldə etmişik. Lakin magistral yolun dəqiq marşrutu hələ ki, müəyyən olunmayıb. Bu, gələcək müzakirələrin mövzusudur və biz bunu bu axşam cənab Şarl Mişelin ev sahibliyi edəcəyi üçtərəfli görüşdə mütləq müzakirə edəcəyik.
Zəngəzur dəhlizinin hüquqi rejiminə gəlincə, o, Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Beləliklə, bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Bu, məntiqidir və qərar Ermənistan tərəfindən qəbul edilməlidir. Biz hər iki varianta hazırıq, ya hər ikisində heç bir gömrüyün olmaması, ya da hər ikisində hər iki gömrüyün olması.
Bağlılığa gəlincə, regional nəqliyyat əlaqələrinin inteqrasiyası həqiqətən də region üçün böyük imkandır. Çünki Zəngəzur dəhlizi təkcə bizim Naxçıvan Muxtar Respublikasına çıxış əldə etməyimiz üçün deyil, həm də Ermənistanın Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi üçündür. Bununla, həmçinin Ermənistan da Naxçıvan Muxtar Respublikası vasitəsilə İranla dəmir yolu əlaqəsi əldə edir. Ermənistan Azərbaycan ərazisindən Rusiya ilə dəmir yolu əlaqəsi əldə edir. Bu gün onların belə bir dəmir yolu əlaqəsi yoxdur. Bu, regionda həqiqətən müsbət ab-hava yarada bilər və bu, hər kəsin xeyrinə olacaqdır. Hesab edirəm ki, bu imkanların düzgün dəyərləndirilməsi dinc gələcəyimizin planlaşdırılması baxımından olduqca vacibdir.Bir daha qeyd edirəm, biz hazırıq. Biz artıq bir neçə dəfə ictimai şəkildə bəyanatlar vermişik ki, biz düşmənçilik səhifəsini çevirərək sülh sazişi üzərində çalışmaq istəyirik.
Prezident Şimali Atlantika Şurasının iclasında iştirak edib
Ermənistan dəmir yolu xəttinin çəkilməsi ilə bağlı öhdəliyi təsdiq edib
Brüsseldə NATO-nun Şimali Atlantika Şurasının iclası keçirilib.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. Dövlət başçımız Azərbaycanın regionda oynadığı rol, xüsusilə Vətən müharibəsinin başa çatmasından sonra bölgədə yaranmış yeni geosiyasi vəziyyət, Azərbaycanın Ermənistanla sülh müqaviləsi üzrə danışıqlara başlamağa hazır olması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə hazırlıq kimi məsələlər haqqında ətraflı məlumat verib.
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşü də keçirilib. Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib.Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəliblər. Eyni zamanda, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Bildirilib ki, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib. Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcək. Görüşün nəticəsi olaraq Avropa İttifaqı Komissiyasının Prezidenti tərəfindən mətbuata açıqlama verilib.
- Baxış: 429