Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti, diplomatiya könüllüləri Gəncə şəhərində səfərdədir. “Nizami Gəncəvi İli” çərçivəsində baş tutan səfərdə qonaqlar ilk olaraq dahi şairin məqbərəsini ziyarət ediblər. Burada onları Nizami Gəncəvinin bədii obrazı qarşılayıb. Daha sonra məqbərəylə tanışlıq olub, ulu şeyxin muzeyi gəzilib. Nümayəndə heyəti və könüllülərə sərgilənən eksponatlar, əlyazmalar barədə ətraflı məlumat verilib. Qonaqlar Gəncədə bu gün başlayan kitab sərgisində olublar, ayrı-ayrı bölmələrdə nümayiş olunan nəşrlərə baxış keçiriblər. XİN-in nümayəndə heyəti Heydər Əliyev park kompleksində də olub. Burada yaradılan şərait və amfiteatrla tanışlıqdan sonra ulu öndərin adını daşıyan mərkəzdə dəyirmi masa təşkil edilib. Çıxış edənlər Nizami Gəncəvinin əsərlərinin təkcə Azərbaycan və qonşu ölkələrdə deyil, eləcə də bütün dünyada şöhrət qazandığını diqqətə çatdırıblar. Dahi şairin yaradıcılığında sülhə, əmin amanlığa böyük önəm verdiyi bildirilib.
Qonaqlar 2-ci Qarabağ savaşında Ermənistanın şəhərə raket atdığı əraziyə də baş çəkiblər. Erməni terroru zamanı həlak olan dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq, dağılmış evlərin ətrafına gül düzülüb.
- Baxış: 826