Gədəbəyli arıçılar qış hazırlıqlarını başa çatdırıb. Rayonu ucqar dağlıq mövqeyi burada işlərə daha ciddi yanaşma tələb edir. Təsərrüfatçılar deyir ki, arıların yaza sağlam çıxarması üçün qışlamanın vacib şərtlərinə əməl edilməlidir. Əməkdaşımız Valeh Anaroğlu arıçıların qış hazırlığı və qayğılarından danışacaq.
Havaların qəfil soyuması qışa hazırlıq prosesini tezləşdirməklə yanaşı, həm də təsərrüfat sahiblərini çətinə salıb. İndi arıçılar təsərrüfatlarını qışdan salamat çıxarmaq üçün daha ciddi tədbirlər görməyə məcburdurlar. Ancaq bu məsələ onları heç də narahat etmir. Peşəkar yanaşma və məhsuldarlığın bol olması nəticəsində fermerlər gələcəyə nikbin baxır.
Rafiq Nağıyev arıçı: 33 arı ailəsi saxlayıram. Onlardan çox hissəsi karnika, qisməni bozqafqaz populyasiyası olan qabaqtəpə cinsini saxlayıram, çox məhsuldardır. Mütəxəssis olduğuma görə mən arıçılığın nəzəri və praktik cəhətlərini bildiyimə görə yüksək məhsul əldə edirəm. Relyef də buna imkan verir. Alp çəmənləri burada çoxdur.
Selyan Musayeva arıçı: 30 ildi arıçılıqla məşğul oluram. Yaxşı məhsuldarlıq verir. Akasiyadan, dağların çiçəyindən çəkir. Həm özümüz yeyirik. Həm də satırıq.
Arıların sağlam və itkisiz yaza çıxmaları üçün pətəklərdə yetərincə yem ehtiyatını saxlamaq, xəstəliklərə qarşı profilaktik müalicə və soyuqdan qorumaq üçün tədbirlərin görülməsi vacibdir. Yetkin arı ailələrindən fərqli olaraq, gənc və xırda arı ailələri nisbətən zəif olduqları üçün onlara xüsusi xidmət göstərilir. Cari ildə bu məsələlərin həlli istiqamətində Gədəbəy rayonunda arıçılıqla məşğul olan fermerlərə subsidiyalar ödənilib.
Hilal Verdizadə Gədəbəy DAİM-in Heyvandarlıq sektorunun müdiri: Arıçılara dövlət tərəfindən dəstək, subsidiya ilə göstərilir. Subsidiyalar 5 illik planla təsdiq olunub. Bu il, yəni 2021-ci il onun 4-cü ilidir. Bu il 850-dən artıq fermerə, 11 mindən artıq arı ailəsinə görə 110 mindən manatdan artıq subsidiya ödənilib.
Həm pətəklərdə, həm də arıxanalarda təmizliyi qorumaqla, pətəyin döşəməsini, divarlarını, tavanını, qoyulma taxtaları, çərçivələri bulaşıqlardan təmizləməklə arıçılıqda yüksək məhsuldarlıq əldə etmək və qış aylarında arıların təhlükəsizliyini təmin etmək mümkündür.
Valeh Anaroğlu
- Baxış: 356