• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1367
— 26.10.2021 20:36

Ərazilər minalardan addım-addım təmizlənir

KepezTV Player

İşğaldan azad olunan ərazilərdə hərbi qarşıdurmanın əsas elementlərindən biri olan minalanmış sahələr problemi aradan qaldırılmayıb. Ermənilərin mina xəritələrini verməməsi, verilən xəritələrin də dəqiq olmaması müharibə cinayəti sayılır və beynəlxalq hüquqa ziddir. Bütün bunlara baxmayaraq Minatəmizləmə Agentliyi tərəfindən azad edilən ərazilərin minalardan təmizlənməsi əzmlə davam edir. Nə qədər vaxt aparan iş olsa da, minatəmizləmə əməliyyatlarının sürətlə getməsi üçün bütün güclər maksimum səviyyədə səfərbər olunub.

Vətən Müharibəsinin başa çatdığı ilk vaxtlardan ANAMA tərəfindən işğaldan azad olunan ərazilərdə, o cümlədən Ağdamda minatəmizləmə işlərinə start verilib. Viran qalmış rayonda böyük quruculuq işlərinə başlanılması, nəzərdə tutulan irimiqyaslı layihələrin tam həyata keçirilməsi üçün təhlükəsizlik məqsədi baxmından mütləq şəkildə ilk növbədə ərazilər minalardan təmizlənməlidir. Ermənilər Ağdamı nəzarətdə saxladıqları illər ərzində bütün əraziləri minalayaraq hesablamalara görə 97 min tank və piyada əleyhinə mina basdırıblar. Azərbaycana verilmiş xəritələrin dəqiqliyinin çox az olması işləri çətinləşdirir, Ağdamda əsası qoyulan yenidənqurma layihələrini və keçmiş məcburi köçkünlərin qayıdışı prosesini yubadır. İşğaldan azad olunan ərazilər dünyada ən böyük mina çirklənməsi problemləri ilə üzləşmiş yerlərdəndir və mina sahələrinin xəritələri olmadan təmizlənməsi çox çətin olmaqla yanaşı, vaxt aparandır.

Ağdamda minatəmizləmə işlərinə ANAMA-nın canlı qüvvəsi və texnikalar cəlb olunub. Minalı sahələrin spesifikliyi əməliyyatlar aparılarkən minaaxtaran istehkamçıları müvafiq təhlükəsizlik qaydaları ilə bağlı olduqca diqqətli, məsuliyyətli, eyni zamanda sürətli düşünmə və qərarvermə bacarığına malik olmağa məcbur edir.

Minatəmizləmə Ağentliyi tərəfindən işlər beynəlxalq standartlara uyğun olaraq aparılır, ərazinin hər qarışı ciddi şəkildə yoxlanılır, əməliyyatlar planlı şəraitdə davam etdirilir.

Ağdam böyük strateji əhəmiyyətə malik olduğundan ermənilər işğal dövründə böyük istehkam sədləri quraraq ərazidə müxtəlif tipli və təyinatlı minalar basdırıblar.

Minatəmizləmə Ağentliyinin mütəxəssisləri işğaldan azad edilən, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə icazəsiz keçmək istəyən şəxsləri bədbəxt hadisələrlə qarşılaşmamaq üçün  belə addımlardan çəkinməyə çağırıblar.

Torpağın səddinin metal qırıntıları ilə çirklənməsi, mövsümə uyğun olaraq otların çox olması əməliyyatları çətinləşdirir. Metal tullantılarına görə bəzi yerlərlərdə siqnal səviyyəsi çox yüksəkdir və buna görə detektorla axtarış effektsiz olur. Bu halda qazma üsulundan istifadə olunmaqla ərazilər yoxlanılır.