• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1190
— 26.10.2021 20:39

Dumanlı dağların ardından boylanan Şuşa

KepezTV Player

Qarabağın mədəniyyət mərkəzi Şuşadan danışacağıq. “Azərbaycan musiqisinin beşiyi”, “Zaqafqaziyanın konservatoriyası”, “Qafqazın sənət məbədi” adlandırılan Şuşadan. O Şuşadan ki, igidlərimiz onu bizə qaytarmaq üçün misilsiz mübarizə apardılar. O Şuşadan ki, hər daşında tarix yatır, hər küçəsində bir dahinin ayaq izi qalıb. Gəlin görək, indi Şuşada həyat necədir?

Qarabağın tacı Şuşa, havanı udmaq, dağlarına, qayalarına toxunmaq, çiçəklərini qoxlamaq üçün gəlirik. Gəlirik ki, sənin haqqında şeirlərdən mahnılardan eşitdiyimiz o əsrarəngiz gözəlliyi gözlərimizlə görək. Gəlirik ki, doğmamızı qucaqlayaq. Xan necə deyirdi, dərdindən ölməyə çoxdu gümanım. Gəlirik sənə deyək ki, igidlər sənin üçün öldülər.. Səni öldürənlərin ayağını torpağın üzərindən birdəfəlik kəsib ölməzliyə yollandılar.

Azərbaycan əsgərinin qanıyla sulanıb, canıyla yoğrulan Zəfər yolundayıq. Bu yol bizi Şuşaya aparır, qürur yerimiz olan məkana. Bu yol həsrəti vüsala, nisgili sevincə çevirir.

Şanlı ordumuzun ölkəmizin mədəniyyət mərkəzi olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən Zəfər yolu Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçir.

Nəhayət gəlib çatdıq arzuladığımız məkana. Şuşanın girişində Azərbaycan bayrağının rənglərinə boyanan Şuşa yazısının yanında ayaq saxlayıb azad edilmiş ərazilərdə bayrağı qaldıranların ruhuna rahatlıq diləyərək yolumuza davam edirik.

Xarı Bülbülün fonunda dalğalanan 3 rəngli bayraq, Şuşanın dağlarını ağuşuna alan duman...indi bizə bütün gerçəkliklər yuxu kimi gəlir. İlahi, insanın illərlə arzuladığı məkana ayaq basması, yağıların əlindən alınan torpağına sarılması necə gözəl imiş. Necə gözəl imiş Cənnətə açılan qapılardan Cənnətin özünə boylanmaq.

Şuşanın tarixi ərazisini əhatə edən Qala divarlarının 3 qapısı olub. Gəncə, Ağoğlan və İrəvan qapısı. Günümüzə gəlib çatan isə Gəncə qapısıdır. Biz indi Gəncədən gəlib Gəncə qapısını keçərək Şuşanı daha yaxından görməyə gedirik.

Qarabağ xanlığının əsasının qoyulması və Şuşa şəhərinin onun paytaxtına çevrilməsi Pənahəli xanın adı ilə bağlıdır. Qala-şəhərə çevrilən bu yer bir müddət Pənahəli xanın şərəfinə “Pənahabad”, sonradan isə “Şuşa qalası” və “Şuşa” adlandırılıb. Şuşa qalası Azərbaycan memarlığının ən gözəl incilərindən biridir. Qala Arran memarlıq məktəbi üslubunda inşa edilib. Qalanın tikilməsində əsasən yerli daşlardan və əhəng-yumurta sarısı qarışığından istifadə edilib. Şuşa qalasının inşa edildiyi sahə, çoxsaylı təpə və yarğanlara malik, qərbdən amfiteatr formasına malik dağ yaylasıdır. Yaylanın ən hündür sahəsi dəniz səviyyəsindən 1600 m, ən aşağı sahəsi isə 1300 m hündürlüyə malikdir.

1992-ci ildə Şuşaya girən ermənilər silahlarını təkcə sakinlərə yox, abidlərimizə, heykəllərimizə də tuşlamışdılar. Düşmən Şuşada yaşayıb yaradan 3 dahi şəxsin tunc büstlərini güllələdi, söküb özümüzə satdı. Bəli, satdılar. Düşmənin xislətsizi, mənəviyyatsızı ilə mübarizə aparmaq daha çətin olurmuş.

İndi Üzeyirin, Bülbülün, Natavanın ruhu şaddır. Çünki illərlə gözümüzdə dağ ürəyimizdə ağrı olan güllələnmiş heykəllər əbədi məkanındadır.

Elə yerlər var ki, onlar dua kimidir, ulduzlar kimidir. Var, amma uzağımızdadır, görmürük, amma bilirik ki, bizimlədir. Şuşa da bizim üçün dua idi. Varlığını bilib, nisgiliylə könlümüzü yandırdığımız dua. Deyirlər ki, dualar sevgiliyə yazılan məktub kimidir. Bütün səmimiyyətini, ürəyinin qübarını zərfin içinə yazıb qoyursan və Tanrı səni əliboş qaytarmır. Həm öz duamızın gerçəkliyinə, həm narahat ruhların düşmən pəncəsindən qurtulmasına sevinirik.

1769-cu ildə Şuşada meydan adlanan yerdə İbrahimxəlil Xan Cavanşir tərəfindən ilk böyük Cümə məscidi tikilib.lakin məscid 19-cu əsrin 60-cı illərində dövrün tələblərinə cavab vermədiyinə görə, Gövhər ağa Cavanşirin dəstəyi ilə yenidən qurulub və bura Yuxarı Gövhər ağa məscidi deyilib. Zaman keçdikcə ikinci məscidin tikilməsi zərur olub. Gövhər ağa İmrahimxəlil xan qızı Cavanşir bu ərazidə yeni bir məscidin bünövrəsini qoyub və həmin məkan aşağı Gövhər ağa məscidi adlandırılıb.

Yuxarı Gövhər ağa məscidinin memarı Kərbəlayi Səfixan Qarabağidir. O, Qarabağda bir çox tikililərin müəllifi olub. Məscidin girişi yarımdairəvi daş tağ şəklindədir. Eyvanın tağları üzərində Quran ayələri yazılıb. Dam örtüyünün orta hissəsində əsas ox boyunca yerləşən təxminən 5 metr diametrə malik olan iki günbəz var.

İşğal altındakı ərazilərimizdə olan bütün məscidlər kimi Yuxarı Gövhər ağa məscidi də  ermənilər tərəfindən dağıdılmışdı. Ancaq Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də ordumuz tərəfindən azad edilməsi ilə məscid erməni əsarətindən qurtarıldı, yaraları sarıldı.

Biz illərlə işğal altında qalan torpaqlarımızda Azan səsinin ucalmasını arzulamışıq. Tanrıya açılan əllərimizlə arzularımızı qucaqlamışıq. Bu gün artıq məscidin də, Şuşanın da taleyinə işıq gətirmək üçün ömründən pay verən igidlərin ruhuna dua oxuyub əllərimizi səmaya açırıq.

Aşağı Gövhər ağa məscidi Şuşa şəhərinin Qapan meydanında yerləşən cümə məscididir. Yuxarı məsciddən fərqli olaraq Aşağı məscidin minarələri əsas fasadı yox, cənubda yerləşən və kiçik Qapan meydanına açılan ikinci fasadı əhatə edir. Bu da cənubda meydanın olması ilə əlaqəlidir. Şuşanın işğalı zamanı Aşağı Gövhər ağa məscidinin binası və minarələri ermənilərin zirehli texnikalarının atəşlərinə məruz qalıb və ciddi zədələnib. Divar yazıları pozulub, yerində azərbaycanlılara qarşı təhqiramiz ifadələr yazılmışdı.

Zaman bütün bu təhqirləri sahiblərinə elə qaytardı ki, dünyaya bir daha gələcək olsalar nə düşmənlik etməyə, nə də Allahın evi dediyimiz məkanlarda donuz otarmağa cəsarətləri çatar. Zamanında erməni işğalçıları tərəfindən məscidlərimizin təhqir obyektinə çevrilməsinə göz yuman dünyanın ədaləti 30 il sonra bərpa olunacaqmış. İgidlərin qanı bahasına...İndi Şuşanın bütün məscidləri bərpa olunmağı, dualarla bəzənməyi gözləyir. Biz isə bütün gözləntiləri gerçəyə çevirən xalqıq.

Şuşanın dağılmış, içərisində ağaclar bitən evlərinə baxıb dəhşətə düşməmək mümkün deyil. Bütün dünyaya Şuşanı Şuşi adlandırıb haray çəkənlərin sevdası bu idimi? Bu idimi Şuşaya rəva görülən? İnsan hər daşında tarix yatan, təbiətinin gözəlliyinə doyum olmayan bir məkanı necə belə xarabazara çevirə bilər? Demək ki, özününkü olmayanda edə bilirmiş. Özününkü olmayanda bu qədər amansız, bu qəddar mənəviyyatsız ola bilirmiş. Şuşa illərlə ögey ananın əlində zülm görən körpə kimidir. Biz onun hayqırtısını eşidib, göz yaşlarını hiss edirdik. Amma nə onun, nə də bizim səsimizi özümüzdən başqa eşidən yox idi. Nəhayət, Allah hər kəsə mərhəmətiylə, onlara ədalətiylə davrandı.

Kimin olub görəsən bu darvaza, kim açıb bu qapıları, kim boylanıb bu pəncərələrdən, neçə ana oğlunu, qızını həyətdən evə gəlmək üçün səsləyib. İndi bu kadrlara baxanda kim öz evini tanıyacaq görəsən? Bəlkə bir ata övladlarını çağırıb əkdiyi o ağacı göstərəcək. Uşaqlığının keçdiyi küçələrdən danışacaq göz yaşlarıyla. “Bu binanın filan mərtəbəsi idi bizim evimiz” deyib sevincdən qışqıran o şuşalının yarasına məlhəm olacaqmı görən bu görüntülər. Sızlayan ürəyinin ağrısı azalacaqmı görəsən? Ömründə ilk dəfə Şuşanı görən bizim üçün bu qədər xoşbəxtlik gətirən dumanlı dağlar, yarpaqları qızıla boyanmış ağaclar, hətta dağılmış evlər bu yerlərdə doğulub yaşayanları necə həyəcanlandırmasın axı?!

Xan sarayı, Xan qızı Natavanın imarəti, Üzeyirin evi və daha saysız-hesabsız abidələr düşmən əlində viran qalıb, pəncərələrində hörümçəklər tor qurub. Bəlkə də elə bu tor idi qurtuluşun müjdəçisi, bəlkə də tarix yenidən təkrarlanırdı. Peyğəmbəri də qorunduğu mağaradan xilas edən hörümçəyin toru deyildimi?

Təbiət Şuşadan heç nəyi əsirgməyib. Yaşıl meşələr, gözəl hava, unikal bulaqlar. Amma əfsuslar olsun ki, bu məmləkətə 30 ilə yaxın müddətində layiq olmayanların ayağı dəydi. Bir zamanlar elə bu bağda qol qaldırıb oynayanlar, yallı gedənlər indi Şuşaya uzaqdan baxır. Necə deyərlər, özgə atına minən tez düşər.

Xurşudbanu Natavanın adını daşıyan bu bağda zəfəranların, payızın rənginə bürünmüş xəzəllərin gözəlliyindən doymaq mümkün deyil. Şuşa dedikləri qədər, hətta deyilənlərdən də gözəldir. Şuşa Cənnətdi.  Elə bir Cənnət ki, gözünü açıb yumana kimi duman gəlib ətrafını bürüyür. İndi başa düşürəm, başı dumanlı dağları şairlər niyə bu qədər gözəl vəsf ediblər.

Şuşa indi canlanır, öz simasına qayıdır. Dağıdılan məkanlar bərpa olunur, tarixin bütün daşları öz yerinə qaytarılır, yeni obyektlər, mağazalar inşa olunur. Şuşa sakinlərini qarşılamağa hazırlaşır.

Şuşanın məşhur “Qala çörəyi”nin ətri də onun küçələrinə yayılır. Gündəlik 5 tona yaxın istehsal gücünə malik sexdə bişirilən çörəyin ətri kimi dadı da fərqlidir.

Biz çörəyə and içən, yerə düşən tikəni öpüb gözümüzün üstünə qoyan insanlarıq. Bəlkə də bu səbəbdən Tanrıya da acıq getdi özgələrin Şuşada çörək kəsməyi, süfrə açmağı. 

Şuşada ən çox görmək istədiyimiz məkan Cıdır düzü, o sıldırım qayalar idi. Şuşa döyüşlərində dünyaya səs salan igidlərin ayaq basdığı o yerlərin buz kimi havası əllərimizi, üzümüzü dondursa da qarşılaşdığımız  mənzərənin möhtəşəmliyindən heç nəyi hiss etmirdik.

Cıdır düzündə yerli əhali Novruz bayramı qeyd edib, at yarışları keçiriblər. 2020-ci ildə isə Azərbaycan əsgəri, hərbçisi sözün həqiqi mənasında burada at oynatdı.

Cıdır düzü - Şuşa şəhərinin cənub-şərqində, dəniz səviyyəsindən təqribən 1300 m yüksəklikdə yerləşən, çox da böyük olmayan düz ərazidir. Tarixən Qarabağ xanlarının və bəylərinin cıdır yarışlarını keçirdiyi yer olub. Cıdır düzündən 200 metr aşağıda Daşaltı dərəsiylə Daşaltı çayı axır. Rəvayətə görə, keçmiş zamanlarda uzun müddət yağıntı düşməyəndə, şəhərin bütün türk-müsəlman əhalisi Cıdır düzünə gedib toplu şəkildə yağış yağması üçün dua edərmişlər.  Biz də 28 il ərzində haqqın yerini tutması üçün dua etdik, bu gün isə bütün duaların gerçək olduğu Şuşadan, Cıdır düzündən baxıb haqqın qələbəsinə sevinirik.

Dağlardan, qayalardan keçib düşmənlə əlbəyaxa savaşıb qalib gələn Azərbaycan əsgəri, yaşa, var ol! Varlığın düşmənə, haqqı tapdalayanlara göz dağı olsun!