Bu gündən ali və orta ixtisas təhsili müəssisələrində, eləcə də orta məktəblərin yuxarı siniflərində yeni dərs ili başlayıb. Bütün ölkədə olduğu kimi Gəncədə də ötən ildəkindən fərqli tədris ənənəvi qaydada aparılacaq.
Məlum olduğu kimi COVİD-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə 2020-ci il tədris prosesi distant formada təşkil olunub. Ancaq təhsil nazirinin əmri ilə 2021-ci ildə bütün təhsil müəssisələri ənənəvi tədrisə qayıdıb. Nizami yurdunda da uzun müddətdən sonra ali məktəblərin müəllim və tələbə heyəti dərsləri auditoriyalarda davam etdirəcəklər. Gəncədəki universitetlərdə pandemiya qaydalarına riayət olunmaqla dərslərə başlanılıb.
Gəncədə ali məktəblər kimi orta ixtisas və peşə məktəblərində də bu gündən yeni dərs ili start götürüb. Sözügedən təhsil müəssisələrində də ənənəvi tədrisdə koronavirus infeksiyası ilə bağlı verilən bütün göstərişlərə əməl olunur ki, yenidən qapanmalar baş verməsin. Dərs ilinin ənənəvi formada başlaması həm müəllimlərin, həm də tələbələrin sevincinə səbəb olub.
Həmçinin bu gün orta məktəblərin yuxarı - V-XI siniflərində də yeni dərs ili başlayıb. Uzun aradan sonra tədris ənənəvi qaydada həyata keçirilir. İbtidai siniflərdə isə tədris sentyabrın 22-də start götürüb.
Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilməlidir. Amma Elmi Şuraların qərarı ilə bəzi universitetlərdə mühazirələr onlayn şəkildə oxunacaq. Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVID-19 pasportu olmalıdır.
- Baxış: 394