• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1081
— 27.09.2021 09:53

27 sentyabr - Zəfər tariximizin başladığı gün

KepezTV Player

Vətən müharibəsi ölkəmizin şanlı hərb tarixinin səhifələrinə əbədi həkk olundu. 27 sentyabr qələbəmizin təməli, zəfərimizin başlanğıc günü sayılır. 44 gün sürən Zəfər yürüşünə Vətən müharibəsi iştirakçılarının və qazilərin gözündən baxmağa çalışmışıq. İzləyək.

Ötən 90-cı illərin əvvəlində torpaqlarımızın işğal olunması ilə sinəmizə çəkilən dağ illər keçdikcə yaramızı daha da ağırlaşdırırdı. Bu acıya ən kəskin cavab ilk olaraq 2010-cu ildə gəldi. Həmin il gizir Mübariz İbrahimov təkbaşına düşmənin xeyli sayda əsgər və zabitini məhv edib, sonra qəhrəmancasına şəhid olub. Bu, ölkədə düşmənə qarşı xalqın ayaqlanmasının əsasını qoyub. Ardınca 2016-cı ildəki aprel döyüşlərində Lələtəpə yüksəkliyinin işğaldan azad edilərək ordumuzun nəzarətinə keçməsi artıq addım-addım sinəmizdəki yaranın sağalmağa doğru getdiyinə işarəydi. Ərazilərimizi düşmən əsarətindən qurtarmağın vaxtının gəldiyini bildirən işarə isə 2020-ci ilin iyul ayında verildi. Ermənistan Azərbaycanla dövlət sərhədi boyu hərbi təxribat törətdi və Tovuz rayonu istiqamətində açılan artilleriya atəşi nəticəsində General-mayor Polad Həşimov və 12 hərbçi, eləcə 1 mülki vətəndaş həlak oldu. Bundan sonra yumruq kimi birləşən xalq vətənin azadlığı uğrunda döyüşmək üçün könüllü olaraq ordu sıralarına yazıldı. O gün, yəni arzuların gerçəkləşdiyi, ürəklərdəki istəklərin reallığa çevrildiyi gün isə 27 sentyabr oldu. Prezident, Ali Baş Komandan İlham Əliyevin irəli əmri ilə hamı yumruq kimi birləşərək torpaqlarımızın azadlığı uğrunda mübarizəyə qoşuldu.

27 sentyabrda başlayan Vətən müharibəsi təkcə qələbəmizə töhvə vermədi. Bu gün eyni zamanda uzun illər şişirdilən, sanki yenilməz ordu imici yaradılan Ermənistan Silahlı Qüvvələrinin darmadağınına da səbəb oldu.

1-ci Qarabağ müharibəsinin canlı şahidi olan qazilər də haqq yolundakı  yarımçıq qalan mübarizənin 27 sentyabrda təməli qoyulan Vətən müharibəsində tamamlandığı deyirlər. Rəşadətli ordumuz sayəsində tarix səhifələrinə düşən qara ləkə birdəfəlik silinib.

27 sentyabrın önəmi, əhəmiyyəti xalqımız üçün çox böyükdür. Çünki Prezident İlham Əliyevin imzaladığı sərəncamla bu günün hər il "Anım Günü" kimi qeyd edilməsi şəhidlərimiz, Vətən müharibəsində qazi olan, eləcə də döyüşlərə qatılan bütün vətəndaşlarımızın dövlət səviyyəsində yad edilməsi deməkdir.