• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 718
— 02.09.2021 20:23

Babəksiz keçən illər

KepezTV Player

Zalım öyünməsin zülümləriylə, Min bir böhtanıyla, min bir şəriylə. Həqiqət uğrunda ölümləriylə, Ölümü kamına çəkdi Şəhidlər… Çox kamına çatmadan ölümü kamına çəkən vətən oğullarından daha biri Babək Cəfərovu anacayıq bu gün. Çəkiliş qrupumuzla şəhidimizin ailəsində olanda, Babəkin özü olmadan 30-cu baharı qeyd olunurdu... Daha doğrusu son baharı...

Bayrağımızı enməyə qoymayan, dalğasında ruhu yatan minlərlə şəhiddən biri - Cəfərov Babək Məxsus oğlu... Deyirlər ki, ad insanın taleyinə biçilir. Düz deyirlər. Çün Babək adı tarix boyu qəhrəmanlıq səlnaməsinə biçilib. Nə fərq edər 7-ci əsr, yoxsa 21-ci ?! Dəyişən xronologiya olsa da, dəyişməyən Vətən sevgisidir. Həm də elə bir sevgi ki, aliliyi könülləri riqqətə gətirməyə bilmir. Babək müharibəyə öz istəyi ilə getmişdi. Gedərkən yaxşı bilirdi ki, iki gül balası, həyat yoldaşı və valideynlərinin gözü yolda qalacaq. Amma daha yaxşı bildiyi bir həqiqət də var idi ki, illərdir xalqımızın gözü Qarabağın yolunu çəkir. O yolu yaxın etmək üçün düşməni xülyasından çəkindirmək lazım idi. Babək bu işi görə biləcək cəsarətlilərdən oldu. Füzuli uğrunda gedən döyüşlərdə ağır yaralandı və elə o gündən ailəsi ilə əlaqəsi kəsildi.

Allah Babəkə şəfa vermədi, şəhadətə ucaltdı. 8 mart 2021-ci ildə. Elə bir zirvəyə ki, hər kəs həsədlə baxar, amma hər kəsin nəsibinə yazılmaz. Şəhidimizin oğul payı da bu  zirvənin ucalığını duyub fəxarətini gizlətmir.

Qardaşından fərqli olaraq balaca Zeynəb isə şeirdə söylədiyi kimi hələ balaca olduğundan nə dinə bilmir, nə də anasının göz yaşlarını silə bilmir.

Biz Zeynəbi dindirəndə, atası Babəkin doğum günü idi. Yaşasaydı 30 yaşı olacaqdı, amma o iki rəqəmə sığaraq, yaşlanmağı yox, illər, əsrlər boyu hər kəsin qəlbində və tarixin yaddaşında yaşamağı seçdi. Elə buna görə idi ki, vətən oğlunun böyüyüb boya-başa çatdığı Samux rayonunun Qarayeri qəsəbəsinin sakinləri, uşaqdan-böyüyə hər kəs Babək Cəfərovun məzarına axın edirdi.

Yurdun sinəsində vüqar, dağ olan şəhid, vaxt ötüb, zaman keçəcək. Bəlkə də, 44 günlük Vətən savaşının üstündən 44 min il ötəcək. Biz də keçəcəyik... Yaşadığımız dövrün xatirələrinin ağuşunda... Amma keçməyənlər də olacaq. Tarixin hər səhifəsində yadda qalanlar kimi...şəhidlər kimi...Babək kimi...