Şəmkir rayonunda ağlasığmaz hadisə baş verib. Qonşu həyətinə daxil olan heyvana qarşı görünməyən işgəncələr edilib. Kənd sakinləri arasında ikrah hissi doğuran məsələni əməkdaşımız Valeh Anaroğlu yerində araşdırıb. Gətirək həmin materialı ekranlara.
Ev heyvanları ilə münasibətdə Azərbaycan qanunvericiliyində müxtəlif tələblər və qadağalar mövcuddur. Ancaq bütün növ tələb və qadağalardan da üstün dəyərlər var. İnsani dəyərlər. Ancaq deyəsən bu dəyərlər sıradan çıxmağa başlayır.
Hansısa münaqişə predmeti canlılara zərər verməyə əsas vermir. Lakin görünür bəzi insanlar öz düşüncəsizlikləri ilə insanlıq faciəsi törədirlər. Şəmkir rayonunda gəlib gördüyümüz mənzərə isə bunu deməyə əsas verir.
Şəmkir rayonunun Tatarlı kəndində baş verən tükürpədici hadisəni eşidən kimi yollandıq sözügedən məkana. Gördüklərimiz isə insanlıq dramını xatırlatdı. Kənd sakini İmran Əliyev gözünün ağı-qarası bir inəyinə qarşı edilən işgəncə haqqında danışır.
İmran Əliyev zərərçəkən: İki qoca biz bunun südü ilə dolanırıq. İnəyə baxanda mənim bütün bədənim əsir. Adam da heyvana belə işgəncə verərmi? Gəlsin desin, mənə bu qədər ziyan vurubsan mənim ziyanlığımı verginən. Mən əgər verməsəm məni aidiyyatı qurumlara şikayət etsin. Yoxsa bax belə insafsızlıq olarmı, belə ədalət olarmı, onun qanı ermənidən pisdir.
İmran Əliyevin sözlərinə görə, inəyi örüşdən qayıtmadığı üçün şübhələniblər. Onların şübhələri isə əsassız deyilmiş. Sən demə, işgəncə edən şəxs heyvanı gizlədib.
İmran Əliyev zərərçəkən: Yoldaşım gedib deyib ki, inəyi burax. Deyib ki, məni şikayət etmə, inəyi buraxacam. Çıx get. Sən demə inək ölürmüş. Gəlməyə halı yox imiş.
Adıçəkilən məsələdən hamının hali olmalı olduğunu tələb edən kənd sakini ona dəyən zərərin ödənməsini istəyir.
İmran Əliyev zərərçəkən: Xahiş edirəm ki, qoy yuxarı təşkilatlar, rəhbərlər baxsın bax bu işə qiymət versinlər. Mənim inəyimi alsın versin, iki min manata almışam onu mən. O da onun buzovudur. Bir qaşıq qatıq tapmıram, gör mənim heyvanımı nə günə salıblar.
Ailənin digər üzvləri də baş verən hadisədən narahatlıqlarını ifadə edirlər. Yaşlı insanların dolanışıq mənbəyinə qarşı edilən bu qəsdə ad verə bilmədiklərini deyirlər.
Ulduzə Əliyeva zərərçəkənin ailə üzvü: Heyvanımız bizim yaşadığımız yerdən 300 metr aralıda qonşu kənddə məhləyə girib. Gözümüzlə girməmişik, amma deyir giribdi. Tutub aparıb evinə. Heyvana işgəncə veriblər. Buynuzunu, ayağını baltaynan kəsib, bədəninə işgəncələr verib. Qaynanam, qaynatam təzyiqi olan adamlardı. Bir inəkləri vardı o da belə oldu. Buna baxanda əsəbləşirik. Qaynatam deyir ki, heyvana baxdıqca ölürəm.
Sürəyya Əliyeva zərərçəkənin ailə üzvü: Ay başına dönüm bu mənim qaynatamın inəyidir. Gedib qonşu kənddə məhləyə girib. Aparıblar bunu damda işgəncələr veriblər. Buynuzunu baltalayıblar, ayağını baltalayıblar. Belə də ədalətsizlik olarmı. Qansızlıq bu qədərmi baş alıb gedir ki, inəyi bu vəziyyətə gətiriblər. İnəyi mən görəndə gözümnən yaş gəlir. İnəyi də belə döyərlərmi?
Məsələnin şəxsi zəmində baş vermə ehtimalını da nəzərə alaraq, yollandıq kənd icra nümayəndəliyinə. İcra nümayəndəsi kənd sakinləri arasında heç bir ədavətin olmadığını bildirdi.
İqbal İsmayılov icra nümayəndəsi: Hadisə 3-4 gün bundan əvvəl baş verib. Heyvan qonşu kənddə məhləyə keçib, onlar da heyvanı pis vəziyyətə salıblar. Heyvanın üstündə insanlığa yaraşmayan hərəkətlər ediblər. Bizim kənddə hamı bir-birinə qohumdur. Heç kimin bir-biri ilə ədavəti yoxdur. Hər kənddə olduğu kimi olanda da, su üstündə, məhlə üstündə yüngül şeylərdir.
Heyvanlara indiki dövrdə bu formada işgəncə verilməsi faktı göstərir ki, hər hansı canlıya belə işgəncə verən şəxslərə qarşı daha ağır tənbeh tədbirləri görülməlidir. Görülməlidir ki, hər kəs vətəndaş məsuliyyətini anlasın, vicdanının səsini dinləsin. Bu cür vəhşiliklər törətməsin. Hazırda hadisə ilə bağlı polis tərəfindən araşdırma aparılır.
Valeh Anaroğlu
- Baxış: 446