Ölkədə beynəlxalq yükdaşımaları dəhlizi üzərində yerləşən avtomobil yollarının inşasına və yenidən qurulmasına xüsusi diqqət yetirilir ki, Gəncə-Qazax magistralı da bu yollar sırasındadır. Uzunluğu 130 km olan yolun tikintisinin gələn il yekunlaşdırılması planlaşdırılır.
Bakıdan Gürcüstan sərhədinədək 503 km məsafəni əhatə edən magistralın Bakıdan Gəncə şəhərinədək olan hissəsinin müxtəlif illərdə I texniki dərəcəyədək təkmilləşdirilməsi işləri yekunlaşdırılıb. Hazırda isə yolun 130 km-lik Gəncədən Gürcüstan sərhədinədək olan hissəsinin 4 hərəkət zolağına genişləndirilməsi layihəsi icra olunur. Tikinti-quraşdırma işləri magistralda avtomobillərin hərəkəti dayandırılmadan yerinə yetirilir. Layihəyə əsasən yol örtüyü polimer asfalt-beton olacaq.
Ümumilikdə yol boyu işlərin 70% başa çatdırılıb. Tikinti işlərinin növbəti il ərzində yekunlaşdırılması nəzərdə tutulur. 25 yol qovşağı və ötürücüsü, 16 avtomobil körpüsü, 84 avtobus dayanacağı, 83 yeraltı keçidin inşası hərəkətin təhlükəsiz və yolun uzunömürlü olmasına hesablanıb.
Layihə tam reallaşdırıldıqdan sonra şərqdən qərbə və əks istiqamətdə Böyük İpək yolunun Azərbaycandan keçən hissəsi Avropa ilə Asiya arasında avtomobillə beynəlxalq və daxili yükdaşımaların artmasında önəmli rol oynayacaq. Bundan başqa yolun tikintisi kənd təsərrüfatı, turizm və sənayenin inkişafına gətirib çıxarmaqla yol boyu yaşayan əhalinin sosial həyatına müsbət təsir göstərəcək.
- Baxış: 628