• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1032
— 30.06.2021 19:46

Zərərvericilərə qarşı mübarizəyə başlanılıb

KepezTV Player

Azərbaycanda Mərakeş və İtaliya çəyirtkələrinin ən çox rast gəlindiyi bölgələrdən biri də Samux rayonunun Gürcüstanla sərhədə yaxın əraziləridir. İlin bu fəslində daha çox faəllaşan zərərvericilərə qarşı qabaqlayıcı tədbirlər görülür. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları Samuxda təsərrüfat sahibləri ilə görüşərək maarifləndirici söhbətlər aparıblar, həşaratlarla mübarizə yolları bir daha izah edilib.

Samux, Göygöl və Goranboy rayonlarından olan kənd təsərrüfatı mütəxəssisləri, toxum istehsalçıları, fermerlərin iştirak etdikləri görüşdə vurğulanıb ki, sürü halında yaşayan Mərakeş və İtaliya çəyirtkələri nəzarət olunmadıqda böyük fəlakətlərə gətirib çıxarır. İstənilən bitki ilə qidalananan bu ziyanvericilər bütün yaşıl kütləni yemək qabiliyyətinə malikdir. Onlar əkin, biçənək sahələrini məhv edə bilir. Məhz bu səbəbdən çəyirtkələr kənd təsərrüfatı bitkiləri üçün əsl təhlükə mənbəyi sayılır. Bu zərərvericilər, həmçinin 250 kilometr məsafə qət edə bilir ki, bu da onların təsərrüfatlar üçün nə qədər təhlükəli olduğundan xəbər verir.

Kənd təsərrüfatı mütəxəssisləri ilə brilikdə çöl şəraitində əyani surətdə ziyanvericilərə qarşı mübarizə üsulları da nümayiş etdirilib. Çəyirtkə kimilərə qarşı aparılan mübarizənin təşkili, onların zərərvermə xüsusiyyətləri haqqında geniş məlumatlar verilib. İştirakçılar dərmanlamalar zamanı təhlükəsizlik tədbirlərinə riayət olunması, insan sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi barədə də təlimatlandırılıblar.

Samuxda Mərakeş çəyirtkələrinə əsasən Ceyrançöl, Eldar düzü ərazilərində, Palantökən, eləcə də Alazan adlanan istiqamətdə rast gəlinir. İtaliya çəyirtkələri isə Kürün sağ, sol sahillərində yerləşən Qarağac və Qarasaqqal meşələrində yayılıb. İndiyə kimi rayonda 2500 hektara yaxın ərazidə kimyəvi dərmanlama işləri həyata keçirilib.Bundan əvvəl Qazax, Tovuz, Ağstafa rayonlarında sahələrdə çəyirtkəkimilərə qarşı mübarizə tədbirləri yerinə yetirilib. Analoji işlər ziyanvericilərin rast gəlindiyi digər bölgələrdə də həyata keçiriləcək.

Elnur Vahidoğlu