Əliyev Yadigar qanı ilə tarix yazan igidlərimizdəndir. O dünyaya gələndə, artıq atası həyatda yox idi. Son vəsiyyəti isə, "Şəhid olsam məni atamın yanında dəfn edin" oldu.
Şəhidimiz Əliyev Yadigar Səfxan oğlunun ailəsində qonaq olub, onun həyatından, döyüş yolundan videomaterial hazırlamaq üçün yollandıq Goranboyun Qaradağlı kəndinə.
Yadigar hələ bu dünyaya göz açmamış atası avtomobil qəzasında həyatını itirir. O, ata kəlməsinə həsrət böyüyüb, ata məhəbbətini, nəvazişini soyuq məzar daşından alıb. Nənəsi Səyyarə xanım Yadigarı öz övladlarından ayırmadan böyüdüb, dayıları Yadigarı özlərinə qardaş biliblər. Nənəsi onun adını təsadüfən Yadigar qoymayıb. Üzünü görmədiyi atasının yeganə yadigarı idi...
Yadigar hər baxımdan qoçaq, mərd, igid oğul olub. Güləşə maraq göstərib, dərslərində əlaçı olub, çalışqan olub... Dayısı deyir ki, atasının yoxluğunu hiss etdirməməyə çalışsalar da, Yadigar Əliyev tez-tez atasının məzarını ziyarət edirmiş. Elə vəsiyyəti də atasının yanında dəfn edilmək olub.
Biz ailəsində qonaq olarkən şəhidimizin ad günü idi. Nənəsi Səyyarə xanım Yadigar doğulandan hər il necə dəstgah qurub süfrə açırdısa, bu il də ənənəsini dəyişməyib. Dəyişən sadəcə o idi ki, bu il o süfrənin başında yadigar yox idi.
Qəhrəman hərbçimiz Yadigar Əliyev Məhəmməd adlı əsgərinin həyatını xilas etmək üçün düşmən gülləsinə öz sinəsini sipər edir. Son nəfəsində də əsgərlərini düşənən komandir ən ali məqama - şəhidlik zirvəsinə ucalır. Şəhid Yadigar Əliyevin qəhrəmanlığı ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə qiymətləndirilib.
Nərgiz Əhmədqızı
- Baxış: 643