• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1273
— 13.05.2021 20:29

Azərbaycan Ramazan bayramını qalib ölkə kimi qeyd edir

KepezTV Player

Prezident və Birinci vitse-prezidentdən bayram paylaşımı

29 ildən sonra bayram namazı qılınıb

Bu gün və sabah Azərbaycanda Ramazan bayramıdır. Ramazan ayı insanlara Allah yolunda öz iradələrini, dözümlərini yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir və bütün bunlar orucla ifadə olunur. Orucluq "Eydül-fitr" bayramı ilə başa çatır. Həmin gün bütün imkanlı müsəlmanlar kasıblara yardım etməlidirlər. Fitrə verərkən bütün ailə üzvləri nəzərə alınır. Ölkəmizdə Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur və uzun illər sonra ilk dəfədir ki, bu il biz bu bayramı qalib xalq kimi qeyd edirik.

Prezident İlham Əliyev özünün rəsmi tviter səhifəsində Ramazan bayramı münasibətilə paylaşım edib. Dövlət başçısı hər kəsi bayram münasibətilə təbrik edib.

Birinci vitse-prezident Mehriban Əliyeva da Ramazan bayramı münasibətilə paylaşım edib. "Təsviredilməz qürur və sevinc hissi ilə bizim doğma Şuşa şəhərimizdən hər birinizə ən xoş arzularımı və müqəddəs Ramazan bayramı münasibətilə səmimi təbriklərimi çatdırıram! Qoy, insanları sülhə, birliyə, həmrəyliyə, xeyirxahlığa və mənəvi kamilliyə dəvət edən bu bayram hər birinizin ocağına sağlıq, qarşılıqlı anlaşma və əmin-amanlıq gətirsin! Vətən uğrunda həlak olmuş şəhidlərimizin xatirəsini ehtiramla yad edirəm. Onların doğma və yaxınlarına səbir diləyirəm. Uca Tanrı mərhəmətini xalqımızdan heç zaman əsirgəməsin! Bütün dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə ürəkdən təbrik edirəm, Allahdan onların dua və oruclarının qəbul olunmasını diləyirəm", - deyə Mehriban Əliyevanın rəsmi İnstagram səhifəsindəki paylaşımda vurğulanır.

Və bu Ramazan həm də ona görə özəldir ki, bu gün 29 ildən sonra işğaldan azad olunmuş Azərbaycanın dilbər güşəsi Şuşada Yuxarı Gövhərağa məscidində bayram namazı qılınıb. Bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsi sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli xütbə söyləyib, dualar oxunub.