• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1222
— 31.03.2021 19:46

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşü keçirilib

KepezTV Player

Artıq tam əminliklə demək olar ki, Dağlıq Qarabağ məsələsi, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Dağlıq Qarabağ adında hazırda hər hansı bir ərazi vahidi yoxdur. Prezident İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündə belə deyib. Vurğulayıb ki, qədim Azərbaycan torpağı olan Zəngəzur Türk Dünyasının birləşməsi rolunu oynayacaq. Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ölkəsinin Qarabağda bərpa prosesinə töhfə vermək üçün hazır olduğunu deyib. Türkiyə Preizdenti Rəcəb Tayyib Ərdoğan isə Şuşanı ziyarət etmək istəyindən danışıb. Türk Şurasının Baş katibi Bağdad Amreyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğızıstan Prezidenti Sadır Japarov, Türkmənistan rəhbəri Qurbanqulu Berdiməhəmmədov, Macarıstanın Baş naziri Viktor Orban zirvə görüşündə çıxış ediblər.

II Qarabağ müharibəsi haqqında məlumat verən prezident bildirib ki, beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini daim dəstəkləyiblər. Ancaq bu dəstəyin praktiki həyatda o qədər də böyük əhəmiyyəti yox idi. Çünki məsələ öz həllini tapmırdı.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Məsələnin həlli ilə bağlı 1992-ci ildə ATƏT-in Minsk qrupu yaradılmışdır və 28 il ərzində fəaliyyət göstərsə də, nəticə olmamışdır. Minsk qrupunun nəticəsi sıfra bərabər olmuşdur. Halbuki Minsk qrupuna həmsədrlik edən ölkələr dünyanın aparıcı ölkələridir, nüvə dövlətləridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Əlbəttə ki, Ermənistana qarşı işğalla bağlı ciddi təzyiq göstərilsəydi və Azərbaycanın tələbi nəzərə alınıb sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan sülh yolu ilə öz həllini tapa bilərdi. Əfsuslar olsun ki, bu, baş vermədi. Əksinə, məsələnin dondurulması istiqamətində addımlar atılmışdır. Ermənistan faktiki olaraq danışıqlardan imtina etmişdir. Əgər əvvəlki illərdə danışıqların imitasiyası ilə məşğul idisə, son iki-üç il ərzində faktiki olaraq açıq, nümayişkaranə şəkildə bildirirdi ki, bir qarış da Azərbaycan torpağı Azərbaycana qaytarılmayacaq. Bundan əlavə, Ermənistan rəhbərinin məsuliyyətsiz və təxribat xarakterli addımları və bəyanatları faktiki olaraq danışıqları mənasız etmişdi.Ermənistan rəhbəri iki il bundan əvvəl bildirmişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Təbii ki, bizim buna cavabımız oldu və ən ciddi cavab döyüş meydanında verildi.

Digər təxribat xarakterli addımlardan biri də qədim Azərbaycan şəhəri, mədəni paytaxtımız olan Şuşada qanunsuz xunta rejiminin, keçmiş Dağlıq Qarabağ rejiminin başçısının andiçmə mərasiminin keçirilməsi idi. Sentyabrın sonlarında bizim hərbi mövqelərimiz və yaşayış məntəqələrimiz artilleriya atəşinə məruz qalıb və bunun nəticəsində bir neçə hərbçi və bir neçə mülki şəxs həlak olub. Biz təbii olaraq buna adekvat cavab verərək, əks-hücum əməliyyatı keçirib düşməni layiqincə cəzalandırdıq və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın tam qələbəsi ilə nəticələndi deyən dövlət başçısı vurğulayıb ki, biz öz tarixi missiyamızı icra etdik, erməni faşizmini məhv etdik.

İlham Əliyev - Azərbaycan Respublikasının Prezidenti: Hazırda bərpa işlərinə start verilib. Müharibədən sonra bir çox azərbaycanlı mülki şəxs və hərbçi minaya düşərək həlak olub və yaralanıb. Ermənistan bu günə qədər bizə mina xəritələrini vermir. Bu, növbəti hərbi cinayətdir. Ona görə minalardan təmizləmə işi daha çox vaxt aparacaq. Bu işlər başa çatmadan, əlbəttə ki, biz köçkün, qaçqın soydaşlarımızı o torpaqlara qaytara bilmərik. Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı.Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq, görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1918-ci ildə azərbaycanlıların soyqırıma məruz qaldıqlarını xatırladıb. Qarabağda türk mirasının qorunması üçün bütün imkanlarla Azərbaycanın yanında olmağın vacibliyindən də danışıb.

Bu ilin sonunda Azərbaycan Türk Şurasındakı sədrliyini Türkiyəyə təhvil verəcək. Türkiyədə keçiriləcək rəsmi Zirvə görüşündə Azərbaycanın sədrliyi dövründə gördüyü işlərlə bağlı məlumat veriləcək.