• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1680
— 26.03.2021 17:45

Misgərlik sənətini yaşadan nəsil

KepezTV Player

Misgərlik Azərbaycanın ən qədim sənət növüdür və bu sənətin tarixi min illər bundan əvvələ gedib çıxır. Qədim tarixə malik misgərliklə məşğul olan insanlar həm məişətdə istifadə etmək üçün, həm də müxtəlif bəzək əşyaları və digər sənət nümunələri hazırlayıb ərsəyə gətiriblər. Gəncə zonası da bu sənəti yaşatmaq üçün tarixdə özünün silinməz izini qoyub. Düzdür günümzün reallığında bu sənət unudulanlar sırasında yer alsa da Gəncədə misgərliyi yaşadan yeganə nəsil var. Əməkdaşımız Elnur Vahidoğlu danışacaq.

Usta Qalib Fəhimov əslən İsmayıllı rayonun Lahıc qəsəbəsindəndir. Onun atası Sultan kişi Gəncəyə ötən əsrin 50-ci illərindən köçüb və ulu babalarından öyrəndiyi misgərlik sənətini burada davam etdirib. Qədim tarixə malik sənətin sirlərini atasından öyrənən Qalib usta hazırda ona miras qalan misgərlik sənətini sevə-sevə və şərəflə yaşadır.

Emalatxanasında misdən qazan, məcməyi, tava, samovar və digər əşyalar hazırlayan misgər ata, əl işlərinə babalarından qalan, özünə məxsus naxışlar köçürür. Deyir çəkiclərin izindən hərənin öz dəsti xətti hiss edilməlidir. Hər bir usta da digər ustanın işini bununla tanıyır. İndi usta ilə çiyin-çiyinə onun qardaşı oğlu da ulu babalarından qalan bu sənəti yaşatmaqda davam edir.

Qərb bölgəsinin, eləcə də respublikanın bir çox regionlarından misgər Qalibin yanına gələnlər var. Həm almaq, həm də mis əşyaların təmiri üçün. Müştərilər də qədim sənəti yaşadanlardan razıdırlar.

Misgərlik sənətini yaşadan və özü də bu sənətlə yaşayan Qalib usta 50-60 litr tutan qazanı eləcədə 8-10 litr tutan samavarı 1 həftəyə düzəldə bilir. Məişətdə istifadə edilən digər əşyaları da az bir müddətdə hazırlayır. Bununla da xalqımızın ən qədim sənətini gələcək nəsillərə ötürür.

Elnur Vahidoğlu