• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1564
— 16.02.2021 20:08

Aydınlığa dağılan yollarla çıxanlar və ya suya görə keçilməz olan yollar

KepezTV Player

Axan suyun yaratdığı gölməçələr, dağılan, kələ-kötür yollar, keçilməz olan səkilər. Bütün bunlar bu gün Gəncədə yaşanan acı reallıqdır. Hətta parlamentin iclasında Gəncədən olan millət vəkili Naqif Həmzəyevin bu problemi səsləndirməsi vəziyyətin ciddiliyindən xəbər verir. Əməkdaşımız Elnur Vahidoğlu da yolların nə vaxt mədəniyyət olacağını öyrənməyə çalışıb, izləyək.

Naqif Həmzəyev - millət vəkili: Çox təəsüflər olsun ki, 10 ilə yaxındır ki, Gəncədə Azərsu tərəfindən su kanalzasiya layihəsi həyata keçirilsə də hələ də bu layihə tamamlamayıb. Layihənin tamamlanması qalsın bir yana Gəncə yol infrasturukturuna çox böyük ziyan vurulur. Təsüflər olsun ki, qazılan yollar yenə qazılır elə məhz şəhərin mərkəzi küçələri elə Nizami Gəncəvi prospekti də təssüflər olsun ki, çoxlu sayda çuxurlar var və keçilməz bir yol çevrilibdir. Mən hələ digər yolları və prospekti qeyd etmək istəmirəm.

Gəncənin yolları, əsas küçə və prospektlər də daxil olmaqla vəziyyət bu və ya digər formada demək olar ki, fərqlənmir. Deputatın da dediyi kimi, şəhərdə icrası hələ də davam edən su və kanalizasiya layihəsinin icrası vəziyyəti bu həddə çatdırıb. Hətta boruların çəkildiyi ərazilər də dəfələrlə qazılaraq asfalt örtüyü yararsız hala salınır. Nəticədə küçələr keçilməz, yollar nahamar, gediş-gəliş çətin hala gəlib.

Bura şəhərin Şəddadilər küçəsidir. Bu küçədə də su kanalzasiya sistemi yeniləndikdən sonra gördüyünüz kimi küçə olduqca bərbad vəziyyətdir.

Çalalar, çuxurlar, hətta xəndəklər avtomobillər kimi piyadaların da hərəkətini mümkünsüz edir.

İlqar Hüseynov - sakin: Bəlkə bir il olar bu belədir. Düz o başa kimi belədir. Magistral yoldur, işləkdir hamı görür onların özləri də görür.

Saləddin Abbasov - sakin: Bu həftə qazırlar 15 gündən sonra gəlib yenə qazırlar. Sonra yenə gəlirlər. Buranı 4-5 dəfə qazıblar. Heydər Əliyev prospekti yaxşıdır vəssalam. Qalan yolların hamısı bərbad vəziyyətdir. Maşınlarımız qırılır, ustuya gedirik. Ustada müftə düzəltmir ki, hamısı od qiymətinədir.

Dünyamin Məmmədov - sakin: 4-5 aydır su da kanalzasiya da hamısı hazırdır. Su da kanalzasiya gedir ancaq asfaltdamırlar. Deyirlər asfaltlanacaqdır ancaq bir şey yoxdur.

Mətləf Rzaquliyev - sakin: Mən Ozan küçəsi ikinci döngədə bu qəbirstanlığın böyründə yaşıyıram. Bizim kanalzasiya sistemini dəyişdilər, yaxşı borular çəkdilər. Heyif ki, böyür küçəni etdilər bir bizim küçə qalıb. Məktəb yaxındadır böyük gedir, kiçik gedir pis gündədir. Küçənin belə olmağı hər bir problem yaradır. Palçığın içində biz hansı zamanda yaşıyırıq?

Bura şəhərin İsmət Qayıbov küçəsidir. Bu küçədə də su kanalzasiya sistemi tamami ilə yenilənib. Ancaq buna baxmıyaraq sakinlərin burada hərəkət etdiyi səki də təmamilə bərbad vəziyyətdədir.

Fariz Zeynalov - sakin: Yolun belə pis gündə olmağı biz də məcbur olub maşın yolu ilə gedirik. Arxadan gələn avtomobillər bizə xəsarət yetirə bilər. Ona görə də yolu düzlətsələr bizdə yol ilə gedə bilərik.  

Hətta bəzi küçələrdə yolla axan sular əməlli başlı keçilməz vəziyyət yaradır. Su-kanalzasiya xətləri yenilənən Muxtar Hacıyev, Ələkbər bəy Rəfibəyli, Ozan küçələrində su sızmalarının yaratdığı belə vəziyyət müşahidə edilməkdədir.

İlqar Əliyev - sakin: Kabelin içi su ilə doludur. Səhər buna kim cavab verəcək bilmirik. 20 dəfə də demişik yenə həmin şeydir elə beləcə də qalıbdır. Sabah burada bir adamı tok vursa heç kim cavab vermiyəcək.

İlqar Niyazov - sakin: Buradan keçən maşınlar salamatmı qalar. Bütün şəhərin hər yeri bu gündədir. Hamı şikayətçidir. Sərçə bazarının yanıdır, maşın bazarının yanıdır biabırçı haldadır, budurmu şəhər. Qabaq bundan yaxşı idi. Sökdülər, tökdülər, su çəkdilər yol qaldı düzəltmədilər. Ancaq qazırlar düzəltəmək söhbəti yoxdu camaat da əziyyət çəkir.

Sakinlərin narazılığına Gəncədə illərdir davam edən və hələ də 4-cü mərhələsi yekunlaşan su-kanalzasiya sisteminin yenilənməsidir. Layihə çərçivədə 500-ə yaxın prospekt, küçə, dalan, döngədə boru xəttini yeniləyib.

Orxan Abdullayev - "Azəraqrartikinti" ATSC-nin Gəncə layihəsi üzrə baş topoqrafı: Biz podratçı təşkilatıq. Müəyyən müqaviləylə çalışırıq. Müqavilədə nəzərdə tutulub küçə əvvəl asfatdırsa asfalt, çınqıldırsa çınqıl olmalıdır. Sakinlərin iddası əvvəlki küçənin çınqılının asfalt olması bu da Gəncə şəhər İcra Hakimiyyəti və hökümət səviyyəsində olan bir işdir. Xırda tamamlama işləri nəzərdə tutulub 27 min kvm asfalt örtüyüyün bərpası bu ilin mart-aprel aylarına qədər nəzərdə tutulub.

Sakinləri narahat edən və narazılıqlara səbəb olan bu problemləri aradan qaldırılması Gəncədən seçilən millət vəkillərinin də diqqətindədir.

Müşfiq Cəfərov - millət vəkili: İnsanları narahat edən yoldur. Bu gün insanlar üçün maraqlı deyil ki, bunu hansı şirkət etməlidir. Qazan şirkətdə onun təmirini mütləq şəkildə həyata keçirməlidir. Məndə olan məlumata görə təxminən 60 min kvm ərazi Azərsu tərəfindən bərpa olunmalıdır. Yaz ayları var havalar isinəndən sonra yolları bərpa etmək mümkün olacaq.

Naqif Həmzəyev - millət vəkili: Bu məsələ qaldırıldıqdan sonra Azərsu rəhbərliyi tərəfindən şəxsən mən danışdım. Onlar da bu msələdə müəyyən nöqsanlar olduğunu etiraf etdilər. Aidiyyatı təşkilatların və məsul şəxslərin cəzalandırılacağına tezliklə bu problemin aradan qaldırılacağına söz verdilər. Biz də ümidlə bu işlərin həyata keçəcəyini gözləyirik.

Həlli gözlənilən bu məsələ tək şəhər sakinləri üçün yox, Nizami yurduna gələn qonaqlar üçün də rahatlıq yaradar. Həm də Gəncə barədə formalaşan müsbət imici bir qədər də artırar. Nizami ilində şairin yurduna layiq, hamar yollarla getmək arzusu ilə...

 

Elnur Vahidoğlu