İşğaldan azad edilmiş ərazilərdə günəş və külək elektrik stansiyaları tikiləcək. Energetika Nazirliyinin məlumatına görə, həmçinin 6 rayonda - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə günəş elektrik stansiyalarının tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyuluşu potensialı 7214 meqavat olan 8 perspektiv ərazi müəyyən edilib. Hər bir ərazi üzrə düşən günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı müəyyənləşdirilib. Bu hesablamalar ərazilərin prioritetləşdirilməsindən və seçilməsindən sonra ilkin texniki iqtisadi əsaslandırmaların hazırlanmasında istifadə ediləcək. Müəyyən edilmiş ərazilərdə torpaqların gələcəkdə kənd təsərrüfatı məqsədləri üçün istifadə perspektivlərini nəzərə alaraq, ilkin qiymətləndirmələr bu ərazilərin günəş enerji potensialının 4000 meqavatdan çox olmasını bildirir. Laçın və Kəlbəcər rayonlarının Ermənistanla sərhəddə yerləşən dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin 7-8 metr/saniyə olduğu geniş ərazilər mövcuddur. İlkin olaraq Laçın rayonunun ərazisində sahələri 8048 ha və 4297 ha olan 2 ərazi, Kəlbəcər rayonu ərazisində sahəsi 5324 ha olan bir ərazi seçilib. Bu ərazilərdə külək enerji stansiyalarının tikintisi üçün infrastruktur, coğrafi relyef və digər faktorlar nəzərə alınaraq, ilkin olaraq külək enerji potensialı 500 meqavatadək qiymətləndirilir.
- Baxış: 234