• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 935
— 07.02.2021 19:04

200 illik dəyirman

KepezTV Player

Kiçik Qafqaz dağlarının ətəyində, Kürəkçay çayının sahilində yerləşən Goranboy qədim yaşayış məntəqələrindən biri hesab edilir. Bunu rayonun Şadılı kəndindəki iki əsrə yaxın yaşı olan su dəyirmanı da təsdiq edir. Hələ də işlək vəziyyətdə olan qurğunun fəaliyyəti əhalinin una olan tələbatını ödəyir.

Bir vaxtlar dövrünün sayılıb-seçilənlərindən olan Şadlı İsgəndərə məxsus olan bu dəyirmanı hazırda onun nəvələri işlədir. Kürəkçaydan ayrılan suyun işə saldığı çarx vasitəsi ilə fəaliyyətə gələn dəyirman heç bir elektrik enerjisi sərf etmədən buğdanı üyüdərək una çevirir.

Əkbər Hüseynov - Şadılı kənd icra nümayəndəsi: Şadılı kəndi çox qədimi kənddir. Uzun illər qədim bir tarixi vardır bu kəndin. Şadılı kəndində uzun müddətdə 6 dənə su dəyirmanı olub Kürək çayın üzərində. O dəyirmanların hər biri dağılıb hal-hazırda biri fəaliyyət göstərir. Hansı ki, 1988-ci ildə bərpa olunub, hal hazırda bu gün ki günə qədər işləyir. Kənd camaatı bu dəyirmandan istifadə edir.  

Qədim dəyirmanlardan biri olan bu dəyirmanın yaşı 200 ilə yaxındır. Dəyirman buğdanı isitmədən üyüdür. Beləliklə alınan unun tərkibi dəyişmir və müalicəvi əhəmiyyəti çoxalır.

Tağı Tağıyev - dəyirmançı: Bu bizim dəyirmandır, babamızdan qalan dəyirman. Bu su dəyirmanıdır su ilə işləyir. Suyu açırıq su yuxarıdan təzyiqlə pərə vurur. Sonra buğdanı tökürük, dəyirmanı işə salırıq gördüyünüz kimi. 50 kq buğdanı 2-2,5 saat arası üyüdür. Yəni suyun təzyiqindən çox şey asılıdır. Qış ayında bir az çətin olur, su donur ona görə. Yəni bu şəkildə işlədirik, baba mülki baba yadigarı kimi. Müraciətlər çoxdur ən çox şəkər xəstəliyi, mədə-bağırsaq problemi olan insanlar. Həkimlər tərəfindən göndərilənlər çox olur. Son illər xəstəliklər artandan demək olar ki, müraciətlər daha çoxdur.

Goronboyda bu su dəyirmanında üyüdülən unu əldə etmək üçün insanlar sıraya düzülür. Burada üyüdülən unu almaq üçün yalnız kənd sakinləri deyil, həm də ətraf bölgələrdən də insanlar gəlir.

Kazım Kazımov - kənd sakini: Biz kənd sakini olaraq bu dəyirmandan tez-tez istifadə edirik, taxıllarımızı gətiririk üyütmək üçün. Müalicəvi əhəmiyyətli olduğunu bildiyimiz üçün daha çox bu unlara üstünlük veririk. Nəinki biz bura ölkənin digər ərazilərindən taxıl üyütmək üçün gətirirlər.

Məhərrəm Tağıyev - kənd sakini: Gəlmişəm dəyirmana un götürməyə. Bu unun çox gözəl keyfiyyətləri var. Şəkər xəstəliyinin dərmanıdır. Həkimlər məsləhət buyurur ki, bu qara undan yemək lazımdır.

Dəyirman yerli əhəmiyyətli memarlıq abidəsi olaraq qeydiyyata alınıb.