• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1635
— 07.02.2021 19:40

Yoluxanların sayının azalması arxayınlıq yaratmamalıdır

KepezTV Player

Son vaxtlar koronavirusa yoluxma statistikasında, eləcə də xəstəlikdən sağalanların sayında müşahidə edilən müsbət tendensiya ümidverici olduğu qədər ehtiyatı əldən buraxmaq üçün əsas yaratmır. Ölkədə virusla mübarizənin kifayət qədər uğurla aparılması nəticəni xeyrimizə dəyişsə də qaydalara əməl etmək kimi öhtəliklərimiz dəyişmir.

Cənubi Qafqazda koronavirusla bağlı ilk dəfə olaraq peyvəndləmə ölkəmizdə başlayıb. Dərmanlar ötən ilin dekabrında gətirilib və bu ilin yanvarın 18-dən peyvəndləmə aparılır. Könüllü olaraq ilk vaksinlər xüsusi risk qrupuna aid olanlar tibb işçilərinə vurulur. Həmçinin ardıcıl olaraq yaşı 65-dən yuxarı olan, eləcə də hüquq mühafizə orqanları və digər kateqoriyadan olan vətəndaşlar da peyvəndləməyə cəlb edilir. Əhalinin peyvənd olunması, yoluxma sayının və ölüm hallarının azalması isə insanlarda arxayınlıq yaratmamalıdır.

Arzu Abdullazadə - həkim-əczaçı: Baxmıyaraq əhalinin əksər hissəsi vaksinasiya olunacaqdır. Maska rejiminə riayət olunması, spirtdən istifadə və sosial məsafənin saxlanması şərtləri yenə yerində qalacaqdır. Bunun heç bir vaksinasiya ilə əlaqəsi yoxdur. Deyilən karantin rejimi qaydları yerində duracaqdır. Normal iş şəraitimiz, həyatımızın əvvəlki qaydasına qayıtmaq üçün vaksinasiyadan imtina etmək düzgün deyil.

Artıq 1 ildən artıq bütün dünyanın mübarizə apardığı pandemiyaya qarşı Azərbaycan nümunəvi siyasət həyata keçirir. İstər modul tipli xəstəxanaların tikilməsi, vətəndaşlara birdəfəlik müavinətlərin verilməsi, iş adamlarına, sahibkarlara dövlət tərəfindən dəstək göstərilməsi buna bariz nümunədir. Həmçinin bu müddət ərzində ölkəmiz dünya dövlətləri üçün örnək olacaq nümunəvi addımlar da atıb.

Naqif Həmzəyev - millət vəkili: Möhtərəm cənab prezidentimiz İlham Əliyev tərəfindən dünyaya Qoşulmama hərəkətinin sədri olaraq bir müraciət ünvanlandı. BMT-yə üzv olacaq dövlətlərin əksəriyyəti birlik və həmrəylik çağrışına müsbət cavab verdi. Pandemiya ilə mübarizədə Azərbaycan liderinin, prezidentimizin bu çağrışı çox müsbət qarşılandı. Pandemiya ilə mübarizə zamanı dəstəyə köməyə ehtiyacı olan 30-a yaxın ölkəyə Azərbaycan dövləti tərəfindən humanitar yardımlar göndərildi. Bu da dünya dövlətləri tərəfindən müsbət qarşılandı. Vurğulamaq istəyirəm ki, qətiyyən biz rahatlaşmamalıyıq. Peyvəndləmə o demək deyil ki, biz bu risqdən sığortalanmışıq. Bu belə deyil, biz mütləq sonuna qədər bütün göstərişlərə əməl etməliyik.

Hər bir insan verilən tövsiyyələrə, təlimatlara riayət etməlidir. Çalışmalıyıq ki, ehtiyac yoxdursa evdən çölə çıxmıyaq, ictimai nəqliyyat və taksidən istifadəni məhdudlaşdıraq.

Hüseyn Hüseynov - sakin: Dövlətimiz məsləhət görür hamı da əməl etməlidir. Baxmıyaraq kiçik dövlətdir bizi kimi stabil hərəkət edən ikinci dövlət yoxdur. Ona yenə arxayın olmaq lazım deyil. Yenə çalışmaq lazımdır deyilən qayda-qanunlara əməl etmək lazımdır.

Telman Vəliyev - sakin: Arxayınçılıq heç kəsə əsas vermir. Burada ancaq ümumi bəlaya ümumi mübarizə lazımdır. Şükür indi ölüm sayı azalıb yeddiyə tək rəqəmliyə düşüb. Bundan sonra sıfıra endirərik. Onunla da bu xəstəliyə qalib gələrik.

Bu xəstəliyə qalib gəlməyin yeganə yolu hər bir vətəndaşın özünün bu işdə aktiv olmasıdır. İctimai qınaq edilməlidir. Dövlətə bu işdə yaxından kömək edilməlidir. Özümüzün və ətrafdakıların sağlamlığını istəyiriksə biz qətiyyən rahatlaşmamalıyıq. Bu bəlaya qalib gəlmək üçün deyilən tələblərə əməl etməliyik.

Elnur Vahidoğlu