• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1072
— 07.01.2021 20:47

"Unutmasınlar ki, dəmir yumruq yerindədir"

KepezTV Player

“Baxmayaraq ki, Ermənistan ərazisindən bizə qarşı namərd atəşlə törədilən hərbi cinayət nəticəsində onlarla mülki şəxs həlak oldu, şəhərlərimiz bombalandı. Biz Ermənistan ərazisinə keçmədik. Biz beynəlxalq hüquqa hörmətimizi göstərdik. Baxmayaraq ki, mənfur düşmən üçün heç bir mənəvi çərçivə yoxdur, heç bir mənəvi dəyər yoxdur”. Bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirə də deyib. Azərbaycan torpaqlarında qanunsuz biznes fəaliyyəti göstərən şirkətlərin məsuliyyətə cəlb olunacağını qeyd edən dövlət başçısı Qarabağa Azərbaycanın icazəsi olmadan səfər edənlərlə bağlı da danışıb.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Fransadan bir heyət getmişdi, parlament üzvləri. Əfsuslar olsun ki, sülhməramlı qüvvələr onlara bu icazəni vermişdilər. Halbuki, biz bu sülhməramlı qüvvələr qarşısında məsələ qoymuşduq ki, bizim icazəmiz olmadan heç bir xarici vətəndaş Dağlıq Qarabağa gedə bilməz. Nəticədə Fransa səfiri bizim Xarici İşlər Nazirliyinə çağırıldı, nota verildi. Biz səssiz qalmayacağıq. İndi mənə məlumat verildi ki, Ermənistanın xarici işlər naziri Xankəndiyə gedib. Sənin orada nə işin var? Müharibə onların yadından çıxmasın. Unutmasınlar ki, dəmir yumruq yerindədir. Bu səfərlərə son qoyulmalıdır. Biz xəbərdarlıq edirik, əgər belə təxribat xarakterli addımlar atılacaqsa, Ermənistan daha da peşman olacaq. İndi münasibətlərin normallaşdırılması istiqamətində addımlar atılır. Rusiya öz vasitəçilik imkanlarını tərəflərə təqdim edib. Bu yaxınlarda Ermənistana və Azərbaycana səfər etmiş Rusiya hökumət nümayəndələrindən ibarət heyət əsasən bu mövzular haqqında söhbətlər aparmışdır. Yaxşı, əgər münasibətlər normallaşacaqsa, o zaman belə təxribat xarakterli “səfərlərə” nə ehtiyac var? Nəyi göstərmək istəyirlər? Yenəmi bizi qıcıqlandırmaq istəyirlər? Unutmasınlar ki, onlara çox baha başa gəldi bu tipli addımlar. Ona görə bütün səfərlərə son qoyulmalıdır. Heç bir xarici vətəndaş bizim icazəmiz olmadan o əraziyə gedə bilməz. Heç bir beynəlxalq təşkilat, - ancaq Qırmızı Xaç istisna olmaqla, - oraya gedə bilməz. Bu, bizim ərazimizdir. Bütün dünya bu ərazini Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistanın xarici işlər naziri, sən kimsən ki, oraya gedirsən? Xəbərdarlıq edirik. Əgər buna oxşar addım təkrarlanarsa, bizim cavabımız çox sərt olacaq. Elə birinci dəfə biz Xarici İşlər Nazirliyi vasitəsilə onlara xəbərdarlıq etdik. Ondan sonra xəbərdarlıq başqa cür veriləcək. Onların ayağı oradan kəsilməlidir. Otursun öz ölkəsində.

Ermənistan Azərbaycanın humanist addımlarını qiymətləndirməlidir

Prezident İlham Əliyev diqqətə çatdırıb ki, üçtərəfli bəyanatda təsbit olunmasa da, Azərbaycan sülhməramlıların Qarabağda humanitar işlərlə məşğul olmasına göz yumur. Çünki başa düşürük ki, orada insanlar yaşayır, indi qış gəlib, hava soyuqdur. Orada müəyyən işlər görülməlidir ki, bu qış orada yaşayan ermənilər üçün problem yaratmasın. İndi yüklərin böyük hissəsi ora Azərbaycan ərazisindən gedir - Bərdəyə qədər dəmir yolu ilə, ondan sonra maşınlarla Dağlıq Qarabağa aparılır.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Əlbəttə, biz imkan verməyə də bilərdik. Ermənistan 30 il bizim suyumuzu kəsib, 100 min hektar torpağı susuz qoyub. Baxmayaraq ki, həm Sərsəng, həm də Suqovuşan su anbarları o vaxt ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə və onun fəaliyyəti nəticəsində inşa edilmişdir. Ermənistan bizim suyumuzu kəsmişdi. Amma mən yenə də deyirəm, biz heç vaxt onların səviyyəsinə düşməməliyik. Bu gün Dağlıq Qarabağda yaşayan insanlar bizim vətəndaşlarımızdır. Mən demişəm, onlar görəcəklər ki, Azərbaycan rəhbərliyi altında onlar yaxşı yaşayacaqlar. Ona görə biz bu imkanları verdik. Yoxsa Laçın dəhlizi ilə oraya yük daşımaq çox çətin məsələdir. ...Eyni zamanda, imkan verdik ki, - söhbət bizim ərazimizdən keçən yollardan və azad edilmiş torpaqlardan gedir, - erməni vətəndaşlar Qubadlı rayonundan keçən yoldan istifadə etsinlər. Bunu gərək onlar qiymətləndirsin, yoxsa yox. Bu, bizim torpağımızdır. Başa düşürük ki, yol oradan keçib. Sovet vaxtında sərhədlərin o qədər də böyük əhəmiyyəti yox idi, orada yaşayan erməni əhalisi bəlkə də bilməyib ki, bu, Azərbaycan ərazisidir. Çünki kim onlara deyə bilərdi ki, bu, Azərbaycan ərazisidir. Onlar hesab ediblər ki, bu, Ermənistan ərazisidir. İndi biləndə ki, bu, Azərbaycan ərazisidir və Azərbaycan sərhədçiləri oraya gəlib yerləşiblər, əlbəttə, onlar stres keçiriblər. Amma yenə də mən göstəriş vermişdim ki, bir adamın burnu qanamamalıdır. Onlara başa salın ki, bu, bizim yerimizdir, bizim torpağımızdır, çıxıb getsinlər. Vaxt verdik onlara. Ermənistan tərəfi bizdən xahiş etmişdi ki, yanvarın 2-nə qədər vaxt verin. Biz də vaxt verdik. Vaxt verməyə bilərdik. Mən oraya bir hərbi dəstə göndərə bilərdim və görüm nə günə düşərdilər onlar. Bunu etdikmi? Yox! Amma onlar edərdilər.

Ermənilərin dağıtdığı yerlər açıq səma altında muzey kimi qalacaq

“Gəncədə yaşayış binalarının Ermənistan tərəfindən ballistik raketlərlə dağıdılması və bunun nəticəsində bir çox insanın həlak olması faktı erməni vəhşiliyini bir daha bütün dünyaya göstərib”, - deyən Prezident İlham Əliyev vurğulayıb ki, evlər yenidən tikilməlidir, amma həmin yerlərdə yox. Həmin yerlər xatirə komplekslərinə çevrilməlidir. Eyni zamanda, şəhərlər bərpa olunarkən hər bir şəhərdə dağıdılmış yerlər Ermənistan işğalının açıq səma altında muzeyi kimi qalmalıdır. Bunu heç kim heç vaxt unutmasın deyə. Ərazilərin minalardan təmizlənməsi əməliyyatlarına gəlincə, dövlət başçısı ANAMA-nın yenidən təşkili ilə bağlı göstəriş verib. Qeyd edib ki, yeni yaradılacaq qurum ən müasir texnika ilə təchiz edilməlidir. Minalardan təmizləmə, şəhərsalma qaydaları, infrastruktur layihələri və tikinti işləri ən müasir standartlara cavab verməlidir. Dövlət başçısı vurğulayıb ki, bundan sonra Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərlərində və hər hansı bir başqa yerdə köçkünlər üçün evlər tikilməməlidir. Keçmiş köçkünlər üçün evlər ancaq azad edilmiş torpaqlarda inşa ediləcək.

Məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti:Bu yaxınlarda müşavirə keçirərkən mənə məlumat verildi ki, bütövlükdə keçmiş məcburi köçkünlərin 52 faizi şəhərlərdə məskunlaşıb. Bu insanların böyük əksəriyyəti kənd yerlərindən didərgin salınıb, ancaq nədənsə məskunlaşma şəhərlərdə aparılıb. Əlbəttə ki, bu insanları yenə də rayon yerlərinə qaytarmaq üçün xüsusi proqram olmalıdır. Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər - öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. ... Ancaq bildirmək istəyirəm ki, məcburi köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək. Bu qərarı mən qəbul etdim. Artıq göstəriş verdim ki, Dövlətqaçqınkomun balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilsin. Kifayət qədər böyük bir proqramdır. Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə yerləşdirilməlidir. Bu, ədalətli qərardır. Hesab edirəm ki, köçkünlər, bağışlayın, keçmiş köçkünlər bunu düzgün anlayacaqlar. Mən hər şeyi həmişə necə var elə də demişəm. Mən bilirəm ki, onlar bu evləri uzun illər idi gözləyirdilər, amma indi torpaqlar azad olunub. Ona görə, keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid ailələrinə vermək çox düzgün qərardır.

Toğanalı-Kəlbəcər yolu Laçınadək uzanacaq

Laçın və ya Kəlbəcərdə müasir beynəlxalq hava limanı tikiləcək

Naxçıvan dəhlizinin açılması üçün konkret işlər gedir

Şuşa şəhərinə ənənəvi yolların hazırda bizim üçün o qədər də məqbul olmadığına diqqət çəkən Prezident İlham Əliyev bu yollardan Rusiyanın sülhməramlı qüvvələrinin müşayiəti ilə, gələcəkdə isə sərbəst şəkildə istifadə ediləcəyini, o cümlədən gələcəkdə Ağdam-Xankəndi-Şuşa yolu ilə də gedib-gəlinəcəyini deyib. Digər vacib layihəyə də start verilib. Söhbət Toğanalı-Kəlbəcər yolunda tunellərin tikintisindən gedir. Eyni zamanda, Horadizdən Zəngilana, oradan Qubadlıya və oradan da Laçına qədər yolun çəkilməsi üçün hazırlıq işləri görülür. Toğanalıdan Kəlbəcərə çəkiləcək yol Laçın rayonunadək davam etdiriləcək.

Bundan əlavə, Laçın və ya Kəlbəcər rayonlarının ərazisində müasir beynəlxalq hava limanının tikilməsi üçün yer axtarılır. Füzulidə beynəlxalq aeroport isə bu il fəaliyyətə başlayacaq.

Dövlət başçısı diqqətə çatdırıb ki, Horadiz-Füzuli və ondan sonra Füzuli-Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Eyni zamanda, Horadiz-Ağbənd dəmir yolu yenidən tikiləcək. Hazırda Naxçıvan dəhlizinin açılması üçün də konkret işlər gedir. Sərhədlərin qurulması istiqamətində təxirəsalınmaz işlər aparılmasının vacibliyinə toxunan Prezident İlham Əliyev Qarabağ bölgəsinin çox zəngin turizm potensialından da söz açıb. Dövlət başçısının sözlərinə görə, indidən turizm marşrutları işlənib hazırlanmalıdır ki, artıq həyat bu bölgəyə qayıdandan sonra vaxt itirmədən turizm sektoru da inkişaf etsin.