• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1117
— 31.12.2020 20:27

Azərbaycanın zəfəri!

KepezTV Player

Bu gün yola saldığımız 2020-ci il Azərbaycan üçün qürur, qələbə ili oldu. Demək olar ki, 30 ildir duyulmayan haqq səsimizi dünyaya çatdıra, bizim olanı qolumuzun, Ordumuzun gücünə ala bildik. Bu, həm də ölkə başçısının apardığı uğurlu siyasətin nəticəsi idi. “Qarabağ bizimdir və nida işarəsi!” ifadəsi məhz bu il sözdən əmələ keçdi. Bu yolda şəhidlər verdik, yaralılarımız oldu. Kimi qolunu, kimi ayağını, kimi də gözlərinin nurunu itirdi. Bütün bu qurbanlarımız bizə Qələbənin sevincini yaşatdı. O sevinc ki, biz onu bir igidin ömrü qədər gözləmişdik. Elə igidlər də ömürlərindən pay verib bu ili unudulmaz etdilər.

Azərbaycan erməni qəddarlığı, məkri, hiyləsi ilə çoxdan tanışdır. 200 ildən artıqdır ki, düşmənin terrorist və quldur dəstələri azərbaycanlılara qarşı qətliamlar törədir, torpaq iddiaları irəli sürürlər. Bu, 1990-cı ilin əvvəlində özünü daha qabarıq şəkildə göstərməyə başladı. Həmin illər ölkəmizdə yaranan xaosdan istifadə edən ermənilər Azərbaycanın beynəlxalq aləmdə tanınan ərazisinin təqribən 20 faizi, Dağlıq Qarabağ və Azərbaycanın digər yeddi rayonunu işğal etdilər. Ermənilər insanları təkcə yurd-yuvasından, evindən qovmadı, həm də canından etdi, etnik təmizləmə apardılar. Həmin vaxt Azərbaycanda əhalinin sayı 8 milyon idi. Onların 1 milyonu erməni faşizmi nəticəsində köçkün vəziyyətinə salındı. Dünya tarixinə qara ləkə kimi düşən Xocalı soyqırımı da özlərini illərdir “məzlum xalq” kimi göstərən ermənilərin daha bir vəhşiliyi oldu. Ancaq nədənsə 30 ilə yaxın müddətdə dünya bu soyqırıma, torpaqları işğal altında olan Azərbaycanın haqq səsinə qulaqlarını tıxadı, həqiqətə gözlərini yumdu. Biz hər zaman ədalətin yerini tapmasını gözlədik. Ancaq görünən o oldu ki, illərdir səsləndirdiyimiz o xoşagəlməz ifadə hələ çox işlədiləcək: “Dünya birliyi bu ədalətsizliyə hələ də dözür”. Səbrin, dözümün də bir həddi var. O həddi keçəndə, ədaləti qan, can bahasına bərpa etmək lazım olur. 27 sentyabrda ermənilər tərəfindən başladılan xaincə hücum bu münaqişənin dönüş nöqtəsi oldu. Biz qələbə qazandıq. Layiq olduğumuz qələbəni. 44 gün tap gətirdi qarşımızda, düşmən kapitulyasiya etdi. Ordumuz 300-dən artıq yaşayış məntəqəsini, strateji yüksəklikləri, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, şəhər tipli Suqovuşan, Hadrut qəsəbələrini, Xocavənd rayonunun bir hissəsini, Murovdağ dağ silsiləsini, həmçinin Laçın, Kəlbəcər rayonlarının bir hissəsini azad etdi.

8 noyabrda isə xarı bülbülün məkanı, Qafqazın incisi, Azərbaycanın saysız mədəniyyət xadimlərinin yetişdiyi Şuşa şəhəri öz övladlarını qarşıladı. Bu qalibiyyət dünya hərb tarixinə qızıl hərflərlə yazıldı desək, yanılmarıq. İgidlərimiz Şuşa qayalıqlarına yüngül silah-sursatla dırmaşaraq şəhərə daxil oldu və hər birimizə illərdir gözlədiyimiz o möhtəşəm xəbər üçün canları bahasına döyüşdülər. Şəhid oldular, yaralandılar, amma xalqa o sevinci yaşatdılar. Şuşanı azad etdilər.

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Əziz Şuşa, sən azadsan! Necə gözəl səslənir. Biz bu cümləni duymaq üçün ömrümüzün 30 ilini gözləmişik və hər gözləyəndə “Fəryad” filmindəki o səhnəni yada salıb ağrımıza, eşidilməyən haqq səsimizə sığınmışıq.

Bir daha gördük ki, haqq nazilir, amma üzülmür. Mütləq öz yerini tapır, gec ya tez...

Azad Bayramov tarixçi:3 tərəfli bəyanatdan danışır, nə zaman imzalanması və bizə gətirəcəyi üstünlüklər

Biz Vətən müharibəsinin qalibiyik, Ermənistan isə işğalçılıq müharibəsinin məğlubu. Məğlubiyyətin belə bir ədəbi var. Qonşularımızın bixəbər olduğu ədəb. 90-cı illərdə Qarabağ və ətraf rayonlarda torpağı işğal olunan azərbaycanlılar dönəcəkləri günün ümidi ilə evlərinin açarlarını özləri ilə gətirmişdilər. Onsuz da başqa əşya gətirməyə macal da tapmamışdılar. Yaşadığı yerdən unitaza qədər söküb aparan ermənilər isə köçdükləri Kəlbəcərdə, Laçında evlərə od vurdular. Təəccüblənmədik. İnsan yalnız özünün olanı qoruyur. Oğruların isə bir adəti var. Oğurluq edib evdən çıxanda iz itirmək üçün oranı yandırmaq.

Azərbaycanlıların Kəlbəcərdən didərgin salınması yadınıza gəlirmi?

Melkonyan və dəstəsi 10 saat vaxt verir

Terrorçu Melkonyan və dəstəsinin gülərək dediyi o 10 saat verilmədi. Kəlbəcər sakinləri öz evlərindən qovuldular, döyüldülər, öldürüldülər. Ancaq Azərbaycan hökuməti bütün bu iyrəncliyə rəğmən yenə də humanistlik nümayiş etdirərək, Kəlbəcərdə yaşayan ermənilərə köçməsi üçün 10 gün də əlavə vaxt verdi. Ermənilərin köçü 25 noyabrda yekunlaşdı. Bu tarixin özü də taleyin ironiyası idi. Çünki ermənilər Kəlbəcərdən orada ən çox qan tökən Melkonyanın doğulduğu gündə çıxıb getdilər.

Düşmən özü də Azərbaycan hərbçisinin mənəviyyatına, mərhəmətinə bələddir. Əks halda Ağdamın Gülablı kəndində məskunlaşan ermənilər orada qalan əşyalarını çıxartmaq üçün hərbçilərimizə müraciət etməzdilər.

Ağdamdan çıxarmaq

Münaqişənin 44 günü ərzində Azərbaycanın 94 nəfər dinc vətəndaşı, o cümlədən 11 uşaq öldürüldü, 400-dən çox sakin yaralandı, 5 mindən çox ev tamamilə dağıdıldı. Erməni silahlı qüvvələri münaqişə zonasından uzaqda yerləşən şəhərlərə, o cümlədən Gəncəyə, Bərdəyə  ballistik raket zərbələri endirdilər. Ancaq törətdikləri cinayətlər, dünya ölkələrinə yalvarışlar da onları məğlubiyyətdən qurtarmadı. Azərbaycan qalibiyyətini Zəfər paradı ilə bütün dünyaya bir daha nümayiş etdirdi. Paradda 3000 nəfərdən artıq şəxsi heyətin, 150-dək hərbi texnikanın, müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin, hərbi gəmi və katerlərin nümayişi ilə yanaşı Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş etdirildi.

Kəlbəcər - yazılı maşın

İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti: Ermənistan rəhbərliyi bir il bundan əvvəl demişdi ki, “Qarabağ Ermənistandır və nöqtə”. Mən isə demişdim ki, “Qarabağ Azərbaycandır və nida”. Bu gün bütün dünya görür ki, Qarabağ Azərbaycandır! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı! Yaşasın Azərbaycan əsgəri!

Ruhəngiz Hacıyeva