• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1303
— 11.12.2020 20:23

Bayraqdar atasının yolunu davam etdirən qazi

KepezTV Player

İndi təqdim edəcəyimiz qazi işğaldan azad olunan vətən torpağına bayraq sancan qəhrəman hərbçilərimizdəndir. Bu onun uşaqlıq arzusu, xəyalı olub. Elə qazinin atası da birinci Qarabağ döyüşlərində bayraqdar idi. Atanın yolunu davam etdirən qəhrəman qazimizi yaxından tanıyaq.

Çavuş Rəşad Əsədov 2017-ci ildən hərbi xidmətsəsir. Hər bir hərbçi kimi onun da arzusu olub, Qarabağda bayrağımızı dalğalandırmaq. Başlanan Vətən müharibəsi isə bu istəyin reallaşdırılmasına zəmin yaradıb. Rəşad Əsədov da döyüşlərə atılaraq düşmən taptağından qurtulan ərazilərə üçrəngli bayrağımızı sancıb.

Rəşad Əsədov - qazi: Babalarım, atam hamısı döyüşçü olublar. Bunların qanından mənə keçib. Mən də ürəklə hər yerdə döyüşmüşəm. Füzulinin alınmasında məndə yaxından iştirak etmişəm. Fəxr edirəm ki, mənim də köməyim dəyib. Füzulidə Kurqan deyilən yer var. O yüksəkliyə bayrağı özüm sancdım.

Atası Əli Əsədov da birinci Qarabağ döyüşlərində ordunun bayraqdarı olub. Hərbi tədbirlərdə də qazi atası ordunun önündə addımlayıb. Oğlunun vətən müharibəsində sücayəti isə atanı daha da qürurlandırır.

Əli Əsədov - qazinin atası: Müdafiə olunmuşuq biz və həmişəfə nisgil, dərd çəkmişik. Bu bizim üzərimizdə ağır yük olub. Şükür ki, bu yükü bunlar atdılar, irəli getdilər, zəfər çaldılar. Bunun özü böyük təskinlikdir, fəxrimizdir, uğurumuzdur. Mən ata kimi fəxr edirəm. Fəxr edirəm ki, oğlum üzərinə düşən vəzifələrin üzərindən uğurla gəldi. İrəli getdi və torpaqların azad olunmasında onun xidmətləri oldu.  

Ən yaxın dostu Xansu da Vətən müharibəsinin qazilərindəndir. O da aktiv döyüşlərin getdiyi dövrdə Rəşadın qəhrəmanlıqları, igidliyindən çox eşidib.

Xansu Əliyev - qazi: Cənab ali baş komandana təşəkkürümü bildirirəm ki, biz gənclərə bu şəraiti yaratdı. Biz də getdik işğalda olan torpaqlarımızı azad etdik. Bu məni çox sevindirir. Mən Cəbrayıl, Qubadlı, Laçın torpaqlarında iştirak etmişəm. Mən orada Rəşadın səsini sorağını eşidirdim ki, ermənin 50 yaxın əsgərini məhv etdibdi.

Üç rəngli bayrağımız güclü ordumuzun rəşadəti, hərbiçilərimizin qəhrəmanlığı nəticəsində Qarabağda dalğalanır. Bu illərin arzusu, illərin istəyi idi.

Elnur Vahidoğlu