• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 4044
— 20.09.2020 20:42

Bağlarda üzüm qaldı..

KepezTV Player

Ölkə üzrə 16 min hektardan çox ərazidəki üzüm bağlarının 90 faizi bar vermə qalibiyyətlidir. Fermerlər hazırda məhsulun yığımını aparır və məhsuldarlıqhər hektara 10-15 ton arası gözlənilir. Qərb bölgəsində əsasən süfrə sortlarından təbrizi, texniki sortlardan isə bayan şirə və xindoqnı becərilir. Ancaq nə fayda, əldə edilən üzümün satışında qiymətinin aşağı olması istehsalçılar üçün məqbul deyil.

Lətif Mehdiyev fermer:Ucuzu da gəlib aparan yoxdu. Əvvəllər 1, 1.20, 1.30, 1.50 olurdu. Alıcılar da yaxşı daşıyıb aparırdılar. İndi 30 qəpikdi alan da yoxdu. Deyir bazarda sata bilmirik. Əlimizdə qalır.

Azər Mehdiyev fermer:Əvvəlki illərdə üzüm bir manata satılmayana kimi yığıma başlamamışam. Satıcılar deyəndə əsasən də təbrizini  deyirdim ki 1 manat olanda gələrsiz. Oktyabrın 15-20-dək saxlayırdıq. Bilirdim ki sata biləcəm. Birdən 5-10 maşın gəlirdi. Yığıb çatdıra bilmirdik. İkinci növbə sabaha qalırdı. İndi isə qiyməti alıcılar qoyur. 30, 40, 45 qəpik.

Eyni vəziyyət texniki sortların satışında müşahidə edilir. Emal üçün becərilən məhsula çəkilən illik xərcsatış qiymətindən baha başa gəldiyindən, alıcının isə olmamasından ziyana gətirib çıxarır.

Nofəl Xəlilov fermer:Bizim 14 hektar üzüm bağımız var. Keçən il biz üzüm 32 qəpiyə Tovuza verdik. Bu il məhsulumuz keçən ildəkindən boldu. Hektardan 120-130 sentner məhsuldarlıq gözlənilir. Ancaq qiymətlər bizi qane etmir. Qiymət 20-25 qəpik arasındadı. Bu da xərclərə görə bizi fermer kimi qane etmir.

Üzümün satılmaması isə məhsulun elə dərilmədən bağlarda xarab olması gətirib çıxarır. Bu da bir sıra təsərrüfatçıları üzüm bağlarını ləğv edərək başqa istiqamətə yönəltməyə vadar edir.

Lətif Mehdiyev fermer:Əvvəllər çox yaxşıydı. Bazarda üzüm gedirdi, satırdıq. Xərclərini də ödəyirdi. İndi çox çətindi. Bazarda işləmir. Belə getsə, gəlir əldə edə bilməyəndən sonra bunu ləğv edəcəyik.

Nofəl Xəlilov fermer: Hər hektara çəkilən illik xərc 1000-1100 manat eləyir. Bizdə 2-3 hektar bağı olan kiçik fermerlər var. Mən onlarla görüşəndə deyirlər ki, üzüm bağlarını ləğv edəcəyik. Yəni xeyr etmir. Buna görə də bizim ən yaralı nöqtəmiz, çətinliyimiz üzümü təhvil verməkdir. Başqa bizim çətinliyimiz yoxdur. Üzümdü becərmişik, göz qabağındadı. Çətinlik bircə emal müəssisələrinə üzümü sərfəli qiymətə verməkdir.

Şəraba çevrilməyən üzüm

Dəyərli məhsuldan meyvə kimi istifadə edilsə də istehsal olunan üzümüm 70%-dən çoxu şərab istehsalına yönəlir.

Azərbaycanda üzüm bağlarının əsas hissəsi süfrə üzümü tutur. Ancaq qərb regionunda daha çox texniki sortlara üstünlük verilir ki, bu da sözügedən regionda şərabçılığa marağın çox olmasından irəli gəlir.

Elə bu səbəbdəndir ki, mövcud vəziyyət bölgənin fermerlərini narahat edir. İstehsal müəssisələrinin üzümü almaması, ya da çox ucuz əldə etmək istəyi fermerlərə əziyyətlərinin barını götürməyə imkan vermir. Bunun da müəyyən səbəbləri var. İlk olaraq pandemiyaya görə restoranların, kafelərin işləməməsi, toy və digər şənliklərə icazə verilməməsi şərab istehsalçılarının bazarını bağlayıb. Digər tərəfdən eyni səbəbdən şərabın xaricə ixracı kəskin azalıb.

Vüqar Mikayılov istehsal müəssisəsinin rəhbəri:Pandemiya ilə əlaqədar olaraq şərab zavodları illik ixrac gücünün bir hissəsini istifadə edə bilmədi. Yəni öz malllarının bir hissəsini eksport edə bilmədi. Bu il müəssisələrin üzüm götürmə ehtimalı 30 faizə qədər aşağı düşdü. Belə ki, xarici ölkələrlə əlaqələrin zəifləməsi, digər ölkələr eksport potensialının aşağı düşməsi üzüm məhsulunun Azərbaycanda qalmasına gətirib çıxardı.

Aydın Əmrahov istehsal müəssisəsinin nümayəndəsi:Şərab məhsulları ən çox turizmdə, şadlıqlarda, toylarda istifadə olunur. Bu sahələrin fəaliyyəti dayandı. Həmin sektorların işləməməsi şərabçılıqdan da yan ötmədi. Fermerlər haqlı olaraq narazıdırlar. Onlar da məhsul  becəriblər, sata bilmirlər. Biz məhsullarımızı sata bilsəydik niyə də fermerdən üzüm almayaq. Alarıq da, satarıq da. Bu bizim üçün də yaxşı olar. Satıb gəlir əldə edərik. Onlar üçün də yaxşı olar ki, zəhmətlərinin qarşılığını ala bilərlər.

Bununla yanaşı ötən il əldə edilən şərabın zavodların çənlərində qalması da vəziyyətə təsirsiz ötüşməyib.

Pandemiyaya görə bir çox emal müəssisələri satış həyata keçirə bilməyiblər. Bunu anbarlarda yığılan məhsullardan da görmək olar.

Problemdən çıxış yolu

Ekspertlər isə bu cür problemlərin yaşanmaması üçün ailə şərabçılığının inkişaf etdirilməsini təklif edirlər. Bir sıra Avropa ölkələrində uzun illərdir tətbiq edilən bu üsul çətinliklərin həllinə kömək edir.

Mehman İsmayılov Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasının direktoru: Kiçik emal müəssisələrinə üstünlük verilməsi və ailə şərabçılığının inkişaf edirilməsi daha məqsədəuyğundur. Belə ki, ailə şərabçılığı dünya praktikasında da özünü doğrultmuşdur. İspaniya və Fransa kimi dövlətlər, eləcə də qonşu ölkə Gürcüstanda da  yaxın illərdə ailə şərabçılığına geniş şərait yaradılmışdır. Ailə şərabçılığı inkişaf etdirildiyi təqdirdə 1, 2, 3 hektar bağı olan hər bir fermer məhsulunu özü emal edər və itkinin qarşısını alar.

Kiçik emal müəssisələrinin yaradılması müəyyən məsrəflər hesabına başa gəlsə də iqtisadi cəhətdən mühim əhəmiyyət daşıyır.

Mehman İsmayılov Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasının direktoru:Bunun iqtisadi səməsi də böyükdür. Hər bir bölgədə kiçik emal müəssisəsinin yaradılması daha məqsədəuyğundur. Ona görə ki, daşınma xərclərinin azalması və yüksək keyfiyyətli şərab materialı əldə etmək üçün daşınmada oksidləşmə reduksiya prosesinin qarşısının alınması məqsədilə bölgələrdə üzüm qəbulu məntəqələrinin artırılması daha vacibdir.

Qərb bölgəsində 4500 hektardan çox ərazidə üzüm bağları var. Qarşıdakı illərdə də üzümçülük və şərabçılıqda eyni problemlərlə qarşılaşması sahələrin azalacağına münbit zəmin yaradır. Bu şərab emalına da təsirsiz ötüşməyəcək. Ölkədə üzümçülük və şərabçılığın inkişaf etdirilməsinin prioritet olduğunu nəzərə alsaq belə

halın baş verməsi icra edilən dövlət proqramları ilə uzlaşmır. Odur ki, həm təsərrüfatçılar, həm də istehsalçılar dövlətdən dəstək gözləyir.