• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 18.09.2020 20:03

3000 il bundan əvvələ aid dini ibadətgah yeri

KepezTV Player

Azərbaycanda ilk dəfə olaraq Xoşbulaq yaylağında aparılan arxeoloji qazıntı işləri zamanı 3000 il bundan əvvələ aid dini ibadətgah yeri aşkar edilib. Həmçinin dəniz səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən bu abidənin ətrafında aparılan ekspedisiya müddətində kurqan tipli arxeoloji abidəyə də rast gəlinib və tədqiq edilməyə başlanılıb.

Arxeoloji qazıntı işlərinə avqustun 15-dən başlanılıb və sentyabrın 8-nə kimi aparılıb. Xoşbulaq kəndindən təxminən 500 metr aralıda Daşlıqala təpəsi deyilən ərazidə aparılan qazıntı zamanı xüsusu tikili qalığı aşkar edilib. 21 kvm ərazidə olan bu tikili dörd künc formadadır. Zamanəmizə qədər gəlib çıxan tikilin divarının hündürlüyü 1 metr olmaqla şimal tərəfindən qapısı da var.

Bəxtiyar Cəlilov - Daşkəsən Arxeoloji Ekspedisiyasının rəhbəri: Təbii ki, kurqanların əhatəsində olan belə bir yerdə ən uzaq kurqandan 5 m aralıda tam kurqanların əhatəsində yaşayış yerinin olması təxmin edilən deyil. Oradan tapılan nümunələr daşdan hazırlanan xüsusi yerlər, hücrələr və tonqal yerləri uzun müddət burada görünür ki, hansısa dini ayinlər yerinə yetirilib. Əşyayi dəlillər bu yerin dini bir ibadətgah olduğunu, dini ayinlərin, dini virtualların həyata keçirildiyi bir tikilinin qalığı olduğu qənaətinə gəlməyə bizə imkan vermişdi.

Respublikamızın bir çox bölgələrində aparılan qazıntılar zamanı dini ibadətgah yerlərinə rast gəlinsədə, bu ərazidə aşkar edilən maddi sübütlar onu deməyə əsas verir ki, bu cür qədim ibadədətgah ilk dəfədir aşkarlanır.

Bəxtiyar Cəlilov - Daşkəsən Arxeoloji Ekspedisiyasının rəhbəri: Ərazidə hələ ki, belə xüsusi ibadətgahın, dini ayinlər üçün nəzərdə tutulmuş tikilinin aşkar olunması ilk dəfədir ki, rast gəlinir. Belə böyük bir dini ibadətgah üçün nəzərdə tutulmuş xüsusu tikili demək olar ki, indiyə kimi kurqanlar olan hissədə dəfn ayinləri icra edilən ərazilərdə nekropollarda rast gəlinməyib.

Arxeoloji qazıntılar zamanı ibadətgahın ətrafında kurqanlar da aşkar edilib. Bu kurqanlar təxminən 3 min il bundan əvvələ aid edilir. Kurqanların üzəri sal daşlarla örtülüb və dörd künc formadadır.

Qəbir kamerasından aşkar edilən insan skeletinin qalıqları və maddi mədəniyyət nümunələri əsasında kurqanın bir qadına məxsus olduğu müəyyən edilib. İnsan üzü şərqə doğru olmaqla, sağ tərəfi üstə bükülü vəziyyətdə dəfn edilib. Kurqan kamerasından aşkar edilən artefaktlar əsasən metal və mineral daşlardan hazırlanan bəzək əşyaları ilə təmsil olunub.

Surxay Orucov - tarixi abidələrin mühafizəçisi: Burada 3 min il bundan qabaq olmuş qədimi əşyalar tapılıb. İnsan sümükləri, muncuq tapılıb. Bu kurqandan 4-5 yerdə var. Zağalıda, şamlıq deyilən ərazidə, daşlı təpə qalaçasında var, eləcə də digər yerlərdə də var. Dövlət tərəfindən də qorunur hər zaman qoruyuruq.

Gördüyünüz ərazi Daşlıtəpə qalası adlanır. Qalaça təxminən 3 min il bundan əvvələ aiddir. Arxeloji qazıntılar zamanı həmin ərazidə də 15 ailə yeri aşkar edilib.

Aşkar olunan bütün nümunələr və dəlillər AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutuna aparılıb. Daha geniş nəticələr əldə edilmək üçün laborator tədqiqatlar ediləcək. Bundan sonra isə ərazidə geniş tərkibli arxeloji qazıntıların aparılması nəzərdə tutulur.

Elnur Vahidoğlu