• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1689
— 23.07.2020 19:59

Yeni pambıq sortunun təcrübəsi aparılır

KepezTV Player

Samuxda Kənd Təsərrüfatı Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında bağlanan müqavilə əsasında yeni pambıq sortlarının sınaq əkini aparılıb. Artıq əldə edilən məhsulun ilkin qiymətləndirilməsinə də başlanılıb. Məqsəd bu bitkinin becərilməsinə geniş imkanlar yaratmaq və pambıqçılığa marağı artırmağa yönəlib.

Bitki mühafizə və texniki bitkilər elmi-təhqiqat institutunda yeni sortların alınması istiqamətində işlər iki bölgədə həyata keçirilir. Xəstəliklərə davamlılığın yoxlanılması yönündə təcrübəni institutun alimləri Samux rayonunun ərazisində yerləşən baza təcrübə sahəsində aparırlar. Gəncə-78 və Gəncə-80 sortlarının yaradılmasında məqsəd məhsuldar, tez yetişən, yüksək lift çıxımına malik olan, yerli iqlim şəraitinə uyğun sortlar yetişdirməkdir.

Elçin Xəlilov - BMTBETİ-nin direktoru: Bu il pambıqçılığın inkişaf etdirilməsi üçün bir neçə beynəlxalq layihə həyata keçirilir. Belə layihələrdən biri də fiziki mutagenist yolu ilə pambığın məhsuldarlığına, xəstəlik və zərərvericilərə qarşı keyfiyyətli mutant formalarının alınması layihəsidir. Layihədə uğurlu nəticələr və alınan nəticələrin üzərində tədqiqat işləri aparılır.

Xəstəliklərə, quraqlığa, şoranlığa davamlı olan və yeni üsullu ərsəyə gələn sortların digərlərindən fərqi də var.

Ələddin Tağıyev - BMTBETİ-nin seleksiya şöbəsinin müdiri: Bu metodun digər metodlardan fərqi nədir? Əsas ənənəvi metod hibridləşmədə seçmə metodudur. Lakin bu müasir təcrübi mutagenizm metodunda seleksiya prosesi qısalır. Yəni 8 ilə yeni sort yaratmaq olur. Ancaq ənənəvi sortlar 13-15 il çəkir. Həm də fərq odur ki, digər metodlardan fərqli olaraq burada qeyri-adi bitki formaları – məsələn dərin dilimli olur. Elə bitki var ki, hər buğumundan qoza çıxır. Bir tağda 25-30 qoza olur, onda da cüt-cüt yetişir.

Hazırda təcrübəsi aparılan sortların geniş ərazilərdə əkilməsi həyata keçirilməyəcək. Bu proses laboratoriyada sınaqdan keçdikdən sonra reallaşacaq.

Nəzakət İsmayılzadə - Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin koordinatoru: Bu il bu təcrübədən əldə olunan mutant formaların institutun biotexnologiya laboratoriyasında xəstəliklərə, quraqlığa, şoranlığa davamlılığınin müəyyənləşdirilməsi üçün analiz və təhlillər aparılacaqdır. Bu üsul dünyanın inkişaf etmiş ölkələrində də Türkiyədə, Yunanıstanda, Pakistanda tətbiq olunub və müsbət nəticələr əldə edilib.

Müsbət nəticə əldə edildikdən və rayonlaşdırıldıqdan sonra yeni yaradılan sortların respublikanın daha böyük pambıqçılıqla məşğul olan fermer təsərrüfatlarında əkilməsi planlaşdırılır.