Pandemiyanın gündəm olduğu bir dövrdə müəyyən imtahan tarixlərinin açıqlanmaması abituriyentlər, orta məktəb şagirdlərində əlavə stress, həyəcan yaradır. Burada söhbət, xüsusilə qəbul imtahanlarından gedir. Hansı ixtisası seçəcəyi ilə bağlı dəqiq qərara gəlməyənlər kim, həmin peşə üzrə gələcəkdə gəlirli iş tapa biləcəyi mövzusunda narahatlıq keçirənlər kim.Bəs görəsən, belə olan məqamda nə etməli? Əməkdaşımız Nazənin Zaman mövzunu araşdırıb, baxaq.
Fədai Əfəndiyev UTECA-nın "Davamlı İnkişaf və Təhsil Texnologiyaları Mərkəzi"nin direktoru: İstənilən tələbə öz ixtisasında düzgün bilik alarsa, özünü düzgün şəkildə inkişaf elətdirərsə o gəlirli iş tapacaq. Bizdə belə bir anlayış var. Bank sektoru üzrə təhsil alıb, orada işləsəm yüksək maaş alacam. Marketinqlik üzrə oxusam, bir çox müəssisələrdə marketinq rəhbərləri kimi maaş ala bilərəm. Bu tamamilə yalnış düşüncə tərzidir. Həmin tələbə özünü o məbləği alacaq səviyyədə inkişaf etdirmədikdən sonra ona heç kim düşündüyü pulu verəsi deyil.
Əslində, yalnış hesab olan düşüncə tərzi tək bu deyil. Çoxları imtahan faktorunun abituriyentlərdə yaratdığı stress amilini də mənfi sayır. Halbuki qədərində stress, istənilən şəxsin lazımı yerə fokuslanmasını təmin edir.
Zahid Tağıyev psixoloq: Dövlətimizin gözəl qayda-qanunları var. Abituriyentlərə 15 seçim imkanı tanıyır. Mən şübhə etmirəm ki, həmin siyahıda onun sevdiyi ixtisaslar da var. Abituriyent onların içində özünə ən yaxın olan, performansının ən yüksək ola biləcəyi daha yaxşı olar. Amma biz dəfələrlə şahid olmuşuq ki, tələbələrin əksəriyyəti istədiyi ixtisasa qəbul olmasa da sonradan həmin ixtisası sevə bilir. Onlara maraqlı gəlir, hətta performanslarını yüksəldə bilirlər.
Amma bu abituriyentin şəxsi göstəriciləri seçdiyi sahə üzrə mütəxəssis olmağa rəvac verdiyi halda, mümkündür. Gələcəkdə özünü gəlirli sahədə görmək istəyənlər, ən azından ideal hesab etdiyi iş adamlarının kriteriyalarına sahib olmalıdır.
Fədai Əfəndiyev UTECA-nın "Davamlı İnkişaf və Təhsil Texnologiyaları Mərkəzi"nin direktoru:Heç kim o adamın hansı əziyyətlə ora gəldiyini, hansı biliyə sahib olduğunu, nə qədər çox işlədiyini düşünmür. Elə deyir ki, bu işin pulu çoxdur, gedim o sahəni seçim. Amma bu səhv yanaşmadır. Hər bir abituriyent fikirləşməlidir ki, mən özümü elə düzgün formada inkişaf etdirib, elə düzgün ixtisası, universiteti seçməliyəm ki, səhərisi gün ehtiyac olan kadr olum və mənə əmək haqqı olaraq, lazımi vəsaiti versinlər.
Bəzən valideynlər abituriyenti öz istəklərinə uyğun yönləndirir və sonradan bunun peşmanlığını yaşayırlar. Nəticə etibarı ilə, belələri üçün gələcəkdə iş tapa bilməmək sadəcə bəhanə olur.
- Baxış: 650