Əşyaların interneti (İnternet of things - İoT). Termin kimi çoxumuza tanış olmaya bilər, amma nəzərə alsaq ki, bu konsepsiya bəşəriyyətin yaşayış şəraitini, həyat normalarını və düşüncə tərzini tamamilə dəyişəcək, haqqında öyrənməyə dəyər.
Əşyaların interneti sensorlarla və birlikdə işləmək üçün simli və ya simsiz internet bağlantısı ilə təmin olunmuş gündəlik cihazların nəhəng sistemidir. Burada yalnız kompüter, noutbuk, smat telefonlar, tabletlər nəzərdə tutulmur. Əşyaların interneti digər gündəlik, “ənənəvi ağıllı olmayan” əşyaları da əhatə edir. Bu əşyaların içərisinə yerləşdirilmiş yeni texnologiyalar nəticəsində artıq onlar da internet üzərindən bir-birinə qarşılıqlı təsir edə bilir, o cümlədən uzaqdan idarə oluna və ya izlənə bilir. Bu sistemin çalışması üçün ən vacib olanı internet bağlantısı və bağlantı xidmətlərini təmin etmək imkanı verən güclü, dayanıqlı rəqəmsal infrastrukturdur. İoT sisteminin əsas məqsədi daha sağlam, səmərəli və məhsuldar qərarlar qəbul etmək üçün əlavə obyektiv verilənlər toplamaqdır.
Əşyaların interneti deyincə, burada yalnız gündəlik istifadə edilən əşyalar nəzərdə tutulmur. Bu, əslində düşündüyümüzdən daha geniş məhfumdur. Məsələn, İoT ilə hava şəraitinin sənaye istehsalı ilə əlaqələndirilməsi kimi məlumatlar toplamaq da mümkündür.
İoT həyatı asanlaşdırır
Əşyaların interneti hər hansı bir məhsulun insanlarla qarşılıqlı əlaqəsinə əsaslanan anlayışdır. Məsələn, evinizin elektrik sistemi “ağıllıdırsa” siz ona məsafədən əmr verə bilirsiniz və evdən çıxdıqdan sonra işıqları söndürdüyünüzdən əmin olmasanız belə, bunun üçün narahat olmayacaqsınız. Yaxud da soyuducunuz içərisində qalan qidaları ölçə bilər və istifadə olunan məhsullarla bağlı sizə məlumat verə bilər. Nəticədə siz müəyyən məhsulları almaqla bağlı narahatlıq keçirməyəcəksiniz. Bunu sizin əvəzinizə soyuducunuz düşünəcək. Əşyanız davamlı olaraq ehtiyatı ölçəcək, satın aldığınız məhsulların son istifadə tarixlərini izləyəcək və sizi məlumatlandıracaq.
Ümumilikdə ağıllı evlərdən danışarsaq, bu, əşyalar, alətlər və sistemlərin uzaqdan idarəetməsini və monitorinqini aparmaq üçün bir-biri ilə əlaqəli cihazlardan istifadə edən sistemdir. Ev avtomatlaşdırılıbsa, sahibi sensorlu monitorlar, ağıllı telefonlar və ya tabletlər kimi vasitələrlə əmlakının təhlükəsizliyi, enerji səmərəliliyinə nəzarət etmək imkanına malikdir.
Qənaət, təhlükəsizlik məsələlərinin asan həlli, ağıllı idarəetmənin qurulmasından tək evlər deyil, sənaye obyektləri, yaşayış binaları, hotellər, ticarət mərkəzləri, ofislər, xəstəxanalar, təhsil müəssisələri də yararlana bilər.
Ağıllı şəhərlər
Əşyaların internetinin əsas tətbiq sahələrindən biri də şəhərlərdir. Bu, idarəetməni asanlaşdırır, həyatımızı rahatlaşdırır, vaxta və xərclərə qənaət edir. Məsələn, sadə bir misal. İndiki sistemlə ətrafda heç bir avtomobil, yaxud piyada olmasa belə, işıqforun qırmızı işığında gözləməyə məcburuq. Halbuki, ağıllı sistemlə işıqforda yalnız yol verməli olduğumuz zəruri hallarda gözləyə bilərik.
Smart Azərbaycana doğru
Ölkənin rəqəmsallaşdırılması, informasiya texnologiyalarının bütün sahələrdə tətbiqini prioritet kimi qarşıya qoyan Azərbaycan artıq bu istiqamətdə müəyyən addımlar atıb. 2011-ci ildən nəqliyyatı intellektual idarəetmə sisteminin tətbiqinə başlanılıb. Məqsəd Bakıda nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasıdır. Üç mərhələdən ibarət olan intellektual nəqliyyat sisteminin sonuncu mərhələsi respublikanın bütün bölgələrində yerləşən nəqliyyat infrastrukturunu əhatə edəcək.
Prezident İlham Əliyevin 27 fevral 2020-ci ildə imzaladığı sərəncamla təsdiqlənən “Açıq hökumətin təşviqinə dair 2020–2022-ci illər üçün Milli Fəaliyyət Planı”da “Ağıllı şəhər”lə bağlı pilot layihənin həyata keçirilməsi imkanlarının araşdırılması məsələsi öz əksini tapıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi 2020–2021-ci illərdə “Ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparmalı və pilot layihə həyata keçirilməsi imkanlarını müəyyənləşdirməlidir.
“Ağıllı şəhər” layihəsi “ağıllı işıqlandırma” (Smart lightning), “Ağıllı parkinq” (Smart parking), ekoloji monitorinq (Environmental monitoring), üz tanıma (Face Recognition), avtomobil nömrələrinin tanınması (Plate Recognition), açıq Wi-Fi (Public Wi-Fi) və s. əhatə edir. Buraya “Ağıllı avtovağzal”ı da əlavə etmək olar ki, Bakıda bu layihə bir neçə ildir tətbiq olunur.
Azərbaycan daha uzağa gedərək artıq “Smart Nation” – yəni, “Ağıllı ölkə” proqramı üzərində işləməyə başlayıb.
İoT-un tətbiq sahələri
Ölkəmizdə əşyaların interneti texnologiyasının verdiyi imkanlardan neft-qaz hasilatı, sənaye kimi sahələrdən tutmuş ticarət, turizm kimi sektorlarda yararlanmaq olar. Qeyri-neft sektorunun prioritet olduğu və kənd təsərrüfatının inkişaf etdirilərək əvvəlki nüfuzunun geri qaytarılmasının başlıca məqsədlərdən biri olduğu bu dönəmdə “ağıllı kənd təsərrüfatı”nın tətbiqi isə xüsusi vurğulanmalıdır. Azərbaycan artıq bu istiqamətdə də işlərə başlayıb və beynəlxalq şirkətlərlə əməkdaşlıq edir.
Əşyaların interneti texnologiya sahəsindəki növbəti böyük addımdır və qarşımızda yeni, daha geniş imkanlar dünyası açır.
Vəfa Şairova
- Baxış: 359