• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1889
— 16.03.2020 20:02

Pul əl çirkidir?

KepezTV Player

İnsan gün ərzində müxtəlif əşyalarla təmasda olur. İctimai nəqliyyatda tutacaqlar, qapı dəstəkləri, iş alətləri və sairə. Bunlar hamısı mikrob mənbəyidir və biz əgər xəstələnmək istəmiriksə evə gəldikdə mütləq əllərimizi yumalıyıq. Amma sən demə ən böyük mikrob yuvası bizim cibimizdə, çantamızda, yaxud da portmanatımızdadır. Yəqin anladınız ki, söhbət pullardan gedir.

Pul əl çirkidir. Sən demə, bu ifadə yalnız məcazi mənada işlənmir. Sözün həqiqi mənasında da insanların əllərinin çirki müxtəlif cür mirkoblarla birlikdə qiymətli əskinazların üzərində olur.

Xəstəlik mənbəyi olan pullar səhhətimiz üçün ciddi təhlükələr yarada, insanları müxtəlif infeksiyalar, dəri xəstəlikləri, hətta vərəmə yoluxdura bilər.

Əslində pulları zərərsizləşdirmək elə də çətin məsələ deyil. Çünki mikrobların əksəriyyəti ultrabənövşəyi şüaya, 200 dərəcə temperatura qarşı davamlılıq göstərmir. Mərkəzi Bankdan verilən rəsmi məlumata görə, Azərbaycanda təkrar dövriyyəyə buraxılan pul nişanları xüsusi infraqırmızı və ultrabənövşəyi şüalandırmadan keçirilir, sterilizasiya edilib qablaşdırılır. Həmin pullar Mərkəzi Bankın xüsusi rejimli xəzinə saxlanclarında saxlanılır. Sözügedən xəzinələr də sanitar epidemik normalara uyğun, dövri olaraq dezinfeksiyası edilir. Amma, hər bir halda ehtiyatı əldən vermək olmaz. Nəticə etibarı ilə, sanitar-gigiyenik normalara ciddi əməl etməli, pulların sağlamlığımıza qənim kəsilməsinə yol verməməliyik.