• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 680
— 21.02.2020 19:14

Quş ətinin ixrac imkanları hansı səviyyədədir?

KepezTV Player

Azərbaycanda toyuq əti istehsalının maya dəyəri nisbətən yüksək başa gəldiyi üçün bu məhsulu hələlik ixrac etmək mümkün deyil. Amma ixracı stimullaşdırmaq olar. Bu istiqamətində atılmalı addımlardan Valeh Anaroğlu danışacaq.

İl ərzində quşçuluqla məşğul olan fermerlərə yerli məhsulla birlikdə 550-600 min ton yem lazım olur. Bunun 120-130 min tonu buğda, 130-140 min tonu qarğıdalı, bir o qədəri də soyanın payına düşür. Adıçəkilən yem məhsulları isə xaricdə istehsal edildiyindən qiymətlərə təsirsiz ötüşmür.

Zöhrab Süleymanov - fermer: Heyvandarlığın digər sahələrindən fərqli olaraq quşçuluq sahəsində perspektiv daha asandır. Bizdən asılı olmayan xeyli səbəblər var ki, onlar istehsala geniş təsir edir. Quş yeminə daxil olan komponentlərin xeyli hissəsi ancaq kənardan təmin olunur. Şrotlar, makro və mikroelementlər, vitaminlər kənardan gəlir deyə bahadır.

Xarici ölkələrdə quş ətinin bir kq-ı 1,70 - 2 azn-ə başa gəldiyi halda, Azərbaycanda bu, təxminən 3,40 - 4 azn arasında dəyişir. Buna görə də ölkəyə quş ətinin ixracı üçün xaricdən sifarişlər edilmir. Amma sifarişlər olarsa, məhsulun göndərilməsinə imkan verən maddi-texniki şərait var.

Mayıs Musayev - Aqrar Tədarük və Təchizat ASC-nin mətbuat katibi: Qərb zonası üzrə təchiz edilən ərzaq və kənd təsərrüfatı məhsulları arasında quş əti məhsullarından yumurta üstünlük təşkil edir.Ay ərzində 10 tona yaxın tələbat mövcuddur.Eyni zamanda 100.000 ədəddən yuxarı yumurta tələbi mövcuddur.

Toyuqlar üçün yemlərin – buğda, qarğıdalı, soya və s-nin xarici ölkələrdən gətirilməsi toyuq əti istehsalının stimullaşmasına mane olur. Yem məhsullarının ucuz başa gəlməsi üçün yerli istehsalı genişləndirmək, quşçuluq müəssisələrinin fəaliyyətini genişləndirmək lazımdır.

Arif Tağıyev - Quşçuluq mütəxəssisi: Azərbaycanda fəaliyyət göstərən quşçuluq fabrikləri özlərinə lazım olan qeyri-ənənəvi yemləri, baytarlıq preparatlarını başqa dövlətlərdən alır, bu da qiymət baxımından baha başa gəlir.Ölkəmizdə qeyri-ənənəvi yemləri, preparatları hazırlayan xüsusi müəssisələr olmalıdır.Bunun əsasında da fermerlər,quşçuluq fabriklərinin sahibləri həmin ucuz başa gələn yerli məhsulları istifadə etməlidir.

Azərbaycanda quşçuluğun inkişafı ilə bağlı mütərəqqi addımlar atılır.Bu addımlardan biri də yem texnologiyasının inkişaf etdirilməsidir.Mütəxəssislərin və fermerlərin bildirdiyinə görə, Azərbaycanda istehsal olunan yem məhsullarının artırılması quşçuluğun inkişafına öz töhfəsini verə bilər.