Samux rayonunda şəkər çuğundurunun səpininə martın əvvəlindən başlanılıb. Artıq 340 ha ərazidə səpin işləri yekunlaşıb. Dekabrda şum aparılarkən yüksək məhsul əldə etmək üçün əkilən hər hektara 200 kq amofos və 100 kq kalium gübrələri də verilib.
Şaiq Nəcəfov - fermer: Keçən il məhsul yaxşı oldu. İndi də yerimiz çoxdu. İmişli Şəkər Zavodu ilə müqavilə bağlamışıq. İndi də 200 ha yerimiz var. Səpin gedir. Səpinimizə baxırıq, 3-4 günə səpinimiz yekunlaşacaq.
Bu il Samuxda şəkər çuğunudurunu əkmək üçün 80 mülkiyyətçi ilə İmişli Şəkər Zavodu müqavilə bağlayıb. Müqavilənin şərtlərinə görə bütün xərcləri zavod öz üzərinə götürüb.
Zöhrab Məmmədov - İmişli Şəkər Zavodunun Samux bölgəsi üzrə nümayəndəsi: Bir hektara zavod tərəfindən mülkiyyətçiyə kömək üçün 1230 manat subsidiya verilir. Bütün onun nəqliyyat xərclərini, daşınmasını, texnika ilə təmin edir,. Zavod mülkiyyətçiyə hər cür köməyini edir. Onun üçün də şəkər çuğundurununa maraq çoxdu.
Bundan başqa şəkər çuğunduru əkən hər mülkiyyətçiyə dövlət tərəfindən 1 hektara 4 manat subsidiya da verilir. Bütün bunlar isə fermerləri daha da ruhlandırır.
Rahil Həsənov - Samux Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru: Əgər vətəndaş 40 t məhsul istehsal edibsə 160 manat dövlətdən subsidiya alır. Elə olur ki, insanlar 80-100 ton hektardan məhsul alıblar onlar 1 ha 300-400 manat dövlətdən subsidiya alırlar. Yəni torpaqdan nə qədər çox məhsul görürsənsə gəlirlərin artmaqla yanaşı dövlətin sənə göstərdiyi dəstək bir o qədər də artır.
Ötən il Samux rayonunda 560 ha əraziyə şəkər çuğunduru əkilib. Fermerlər əkilən şəkər çuğundurundan hektardan orta hesabla 45 ton məhsul yığıb ki, bu da 24 min ton məhsul deməkdi. Bu il isə Samuxlu fermerlər şəkər çuğunduru əkilən sahələri 40 ha artrırıb. Səpin aprelin sonuna tam yekunlaşacaq. Daha sonra isə iyunun əvvəlindən şəkər çuğundurunun mərhələli şəkildə suvarılması aparılacaq. Məhsul yığımına isə sentyabrdan başlanılacaq.
- Baxış: 1367