• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1728
— 25.05.2017 15:52

Ölkədə ixracın stimullaşdırılmasında qarşıya çıxan əngəllər nədir?

KepezTV Player

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, Azərbaycan təzə meyvə və fındığın, tərəvəz məhsullarının ixracı üzrə kifayət qədər müsbət göstəricilərə malikdir. Həmçinin qeyri- qida məhsulları üzrə ixrac imkanları da yüksəkdir. Mövcud şəraitdə Avropa və Qərb bazarları da daxil olmaqla ixracın genişləndirilməsinə ehtiyac var. Ancaq bunun üçün zəruri şərtlərdən biri məhz bazar infrastrukturunun inkişafı ilə bağlıdır. İndi ixracın stimullaşdırılmasında qarşıya çıxan əngəllər və həlli yollarından danışacağıq.

2015-ci ildə təzə meyvə və fındıq məhsulları üzrə 220,2 milyon ABŞ dolları, tərəvəz məhsulları üzrə ildə 91,7 milyon ABŞ dolları gəlir əldə edilib. Ölkədə, xüsusilə pomidor, kornişon, təzə meyvə -xurma, nar, alma, gilas, şaftalı, yaşıl çay yarpağı, günəbaxan yağı, şəkər və şəkər məhsulları və günəbaxan tumu kimi məhsulların ixracının artırılması üçün böyük imkanlar mövcuddur. Qeyd olunanlarla yanaşı, nar, kartof, zəfəran, təbii bal, yun, gön-dəri də potensial ixrac məhsulları qrupuna daxil edilir.

Elçin Salahov- kənd təsərrüfatı mütəxəssisi: “MDB ölkələri istisna olmaqla Avropa ölkələrinə ixracla bağlı tələbləri var. Bizim istehsalçılar isə tələbləri tam ödəyə bilmirlər. Bu birinci növbədə qablaşdırma ilə, ilkin emalı və ixraca hazırlanması ilə bağlıdır. Həmçinin belə bir sertifikat var. Global club adlanır. Həmin təşkilatın Azərbaycanda da nümayəndəliyi var. Həmin sertifikatı almaq üçün təşkilatın tələbləri var”.

İstehsalçıların ixrac bazarları və onların tələbləri barədə məlumatlılıq səviyyəsi də aşağıdır. Məhsulun emalı ilə bağlı Avropa ölkələrinin çox ciddi tələbləri olduğundan müasir emal texnologiyası tətbiq etmək və həmin texnologiyanı idarə edə bilən böyük menecment sistemi qurmaq lazımdır.

Xaliq Məmmədov- Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC-nin sədr müavini: Azərbaycan böyük addımlar atsa da bu sahədə kadr potensialı lazımdır. On, yüz milyonlarla bazar var. Ancaq bunların hamısının öz standartları var. Kodeks alimentarius beynəlxalq standartlar qurumunun tələbləri var. O tələbləri Azərbaycan müəsisələrinə çox sürətlə tətbiq etmək lazımdır. Və gecəni gündüzə qatıb həmin standartları tətbiq etməklə biz "Made in Azerbaijan" brendini dünyaya tanıda bilərik”.

“Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı” “Strateji yol xəritəsi”ndə də ixracın təşviqi üçün icra olunacaq tədbirlər göstərilib. Artıq “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə Azexport.az resursu fəaliyyət göstərir. Portalın missiyası Azərbaycan mənşəli mallar haqqında məlumatların təqdim edilməsi və onların daxili və xarici bazarlarda satışı üçün əlverişli platformanın yaradılmasıdır. Bu missiyanı həyata keçirmək üçün dünyanın və Azərbaycanın aparıcı nəqliyyat-logistika şirkətləri Azərbaycan mallarının daşınması üçün əlverişli şəkildə Azexport.az-a inteqrasiya olunublar. Hazırda portalda 3219 məhsul üzrə 1527 istehsalçı qeydiyyatdan keçib. Bundan başqa Azərbaycan istehsalçıları və onların istehsal etdikləri məhsullar haqqında da ətraflı məlumatları daha geniş auditoriyaya təqdim etmək məqsədilə İxracın və İnvestisiyaların Təşviqi Fondu tərəfindən export.az portalı da fəaliyyət göstərir. Portal üzrə 100-dən çox şirkət qeydiyyatdan keçib.

Rüfət Məmmədov- AZPROMO-nun Prezidenti: “Portalla bağlı planlar genişdir. Növbəti mərhələdə biz həmin portala logistika xidmətinin inteqrə edilməsini planlaşdırırıq. Biz istəyirik ki, bu portal vasitəsilə bizim şirkətlərimiz professional logistika xidmətləri ilə məşğul olan şirkətlərlə birbaşa əlaqə qursunlar. Eyni zamanda portal vasitəsilə logistika ilə bağlı xərcləri və vaxtlarla bağlı ilki məlumatları əldə edə bilsinlər. Eyni zamanda portalda təmsil edilən şirkətlər bazasını genişləndirməyi planlaşdırmışıq və bu portalın imkanları və orada əks olunan məlumatlar barədə də xarici ölkələrdə daha geniş auditoriyada təqdimatların keçirilməsini nəzərdə tuturuq”.

Planlaşdırılan tədbirlərin icrası nəticəsində isə 2020-ci ildə real ÜDM-in 90 milyon manat olacağı proqnozlaşdırılır. Həmçinin kənd təsərrüfatı məhsulları üzrə ixracının həcmi artaraq birbaşa və dolayı olaraq 5060 iş yerinin açılacağı gözlənilir. 2020-ci ilədək ölkə üzrə kənd təsərrüfatı məhsulları ixracı üzrə 200 fermer ixtisaslaşacaqdır.

 

Jalə Qurbanova