Goranboyda pambıq sahələrində bir neçə gündür ki, səpinə start verilib. Fermer təsərrüfatlarında növbəlilik əsasında aparılan işlər arat olunan sahələrdə, xüsusi texnikalar vasitəsilə həyata keçirilir. Əkilən pambıq çiyidi daha məhsuldar və xəstəliyə davamlı Türkiyədən gətirilən sortlar vasitəsilə aparılır.
Goranboy fermerləri ağ qızıldan yüksək gəlir əldə etmək üçün sahələrdə işlərə başlayıblar. Aprel ayının birinci ongünlüyündən başlayan səpin 1 ay ərzində 5 min hektar ərazidə 447-ə yaxın fermerin sahəsində aparılacaq. Bunu üçün pambıq məntəqələrində təsərrüfat sahiblərinə çiyidinin və gübrənin satılması, eləcə də traktor və texnikalar təklif olunur. Türkiyədən gətirilən pambıq toxumlarının 1 kiloqramının qiyməti fermerlərə 5 manata verilir. Təxminən 1 hektar üçün isə 25 kiloqram çiyidin səpilməsi nəzərdə tutulur.
Sahib Xəlilov – fermer: "Ötən il 28 hektar sahədə pambıq əkmişdim. Onlarda 90 sm gen cərgə ilə əkilmişdi. Hər hektardan 27 sentner məhsul əldə etmişdim. Builki məhsul ilində səpinə start verilib. Hazırda sahələrimizdə mala və səpin aparılır. Bu il əkəcəyimiz toxumlar Türkiyədən gətirilən xarizma sortlarıdır ki, bu sortlar öz məhsuldarlığı ilə seçilir".
Ötən il olduğu kimi bu il də sahələrdən bol məhsul əldə etmək üçün səpini vaxtında və aqrotexniki qaydalara əməl etməklə aparmaq daha vacibdir. Bunun üçün mexaniklərin üzərinə də böyük iş düşür.
Malik Qasımov –traktorçu: "Səpin kompaniyasına hazırlıq məqsədilə səpin aqreqatları üçün hazırlıq görülüb. Hazırda səpinə çıxmışıq. Müasir texnikalarla səpinini həyata keçiririk, heç bir çətinliyimiz yoxdur. Gün ərzində 20 hektar sahədə toxum səpirik".
Goranboy rayon Kənd Təsərrüfatı İdarəsindən verilən məlumata görə, ağ qızılın əkib becərilməsi üçün hər hektara görə, dövlət tərəfindən təsərrüfatlara güzəştli şərtlərlə 530 manat verilib. Bu da rayon fermerlərinin pambığa olan marağını daha da artırıb.
Yaqub Tanriverdiyev -Goranboy rayon Kənd Təsərrüfatı İdarəsinin rəis müavini: "Ötən il 2 min hektarda pambıq əkilmişdi. Ortalama hər hektardan 18 sentner olmaqla 3576 ton xalis çəkidə pambıq istehsal edilmişdi. Dövlət dəstəyindən ruhlanaraq artıq 5 min hektarda pambıq əkilməsi üçün hazırlıq işləri görürlər. Sahələr arat olunub, şum işləri yekunlaşıb, səpinin həyata keçirilməsi üçün bütün lazımi işlər görülüb".
Əkilən ağ qızılın tədarükü bu il Goranboyda 2 qəbul məntəqəsində aparılacaq. Məhsulun keyfiyyətindən asılı olmayaraq isə pambığın hər kiloqramı üçün fermerlərə 60 qəpik pul ödəniləcək.
Xaliq Qurbanlı
- Baxış: 916