Həyətyanı sahələrdə və iri təsərrüfatlarda saxlanılan heyvanlar peyvəndlənməyə cəlb edilir. Profilaktik məqsəd daşıyan tədbirlər Şəmkir və Samuxda da aparılır. Baytar həkimlər ineksiya yolu ilə heyvanlarda müxtəlif xəstəliklərə qarşı immunitet yaradır.
İribuynuzlu və təkdırnaqlı heyvanlar qarayara əlehinə, sahibli itlər isə quduzluğa qarşı peyvənd edilir. Baytar həkimlər bruselyoza və vərəmə qarşı da müayinələr aparır. Heyvanlardan götürülən qan nümunələri diaqnostik yoxlamadan keçirilərək vəziyyət öyrənilir. Həyata keçirilən profilaktik tədbirlər Samux rayonunda bəslənən 168 min xırda, 23 min baş iribuynuzulu heyvanın yoluxucu xəstəliklərdən qorunmasına zəmin yaradır.
Mürvət Bağırov- Samux Rayon Baytarlıq İdarəsinin rəisi: “Tədbirlər öz müsbət nəticəsini verir. Rayon ərazisində iri və xırdabuynuzlu heyvanlar arasında heç bir yoluxucu xəstəlik aşkarlanmayıb. Epizootik durum sabitdir. Tədbirlərimiz soyuq zəncir sisteminə əməl olunaraq aparılır”.
Şəmkirdə də epizootik vəziyyəti stabil saxlamaq üçün sahə baytar həkimləri fərdi təsərrüfatları gəzərək, profilaktik tədbirlər həyata keçirir, ehtiyac duyulan yerlərdə mal-qara müayinəyə cəlb olunur. Rayonda saxlanılan 60 min baş iribuynuzlu və 3 min baş təkdırnaqlı heyvan qarayara, 20 min sahibli it isə quduzluq əlehinə peyvənd edilir.
Məmməd Qasımov- Şəmkir Rayon Baytarlıq İdarəsinin rəis əvəzi: “İcra nümayəndələri və bələdiyyələrlə birlikdə əhali arasında profilaktik söhbətlər aparılır. Əhali də bizimlə sıx təmasda olur. Buna baxmayaraq, bir daha təsərrüfat sahiblərinə müraciət edərək tədbirlərimizdə iştirak etməyə çağırıram ki, heyvanlar arasında infeksion xəstəliyə rast gəlinməsin”.
Artıq rayonun Qasım İsmayılov, Könüllü, Qılıncbəyli və Qaralar kəndlərində peyvəndlənmə işləri başa çatmaq üzrədir.
Akif Hüseynov- təsərrüfat sahibi: “Peyvəndləmə vaxtı-vaxtında aparılır. Təsərrüfatımda heç bir xəstəlik müşahidə olunmayıb. Bu gün də peyvənd etdilər”.
Respublika ərazisində heyvanların peyvəndlənməsi mart ayına qədər yekunlaşmalıdır.
Natiq Hüseyn
- Baxış: 1228