• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 777
— 13.10.2015 18:21

Sürücü diqqətsizliyi və yağmurlu hava ölkədə avtoqəzalara səbəb olub

Yağmurlu hava ölkə ərazisində bir sıra qəzalara yol açıb. Həmişə olduğu kimi, yenə də sürücü diqqətsizliyi ön planda olub. Xoşbəxtlikdən ölüm faktı qeydə alınmayıb.

Ağdam rayonu ərazisində məktəbliləri daşıyan “RAF” markalı mikroavtobus qəza törədib. Hadisə rayonun İmamqulubəyli kəndi ərazisində baş verib. Mikroavtobusda Ağdam Olimpiya İdman Kompleksində məşqdən çıxan yeniyetmə idmançılar olub. Hadisə zamanı bir neçə nəfər xəsarət alıb. Yaralılar – 13 yaşlı  Eltac Fərəcov,  16 yaşlı  Ruslan  Məhərrəmov, 10 yaşlı Sahib Əsgərov, 17 yaşlı Kərim Kərimli müxtəlif bədən xəsarətləri ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Onlardan biri Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Göyçayda baş verən yol nəqliyyat hadisəsi zamanı at avtomobilin içinə girib, iki nəfər xəsarət alıb. Hadisə dünən gecə saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 211-ci kilometrliyində, Göyçayın Qarabaqqal kəndi ərazisində qeydə alınıb. Rayonun Cəyirli kənd sakini 21 yaşlı Aqil Adıgözəlov “VAZ 2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən yolun ortasındakı atı vurub. Zərbənin təsiri nəticəsində at avtomobilin içinə girib. Hadisə zamanı at ölüb, sürücü və sərnişini - 22 yaşlı Ağarza Saabov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Məlumata görə, hadisəyə gecənin qaranlıq vaxtı atın magistral yola nəzarətsiz buraxılması və sürücünün onu görməməsi səbəb olub.

Tovuzda "Vaz 21-07" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində yol qəzası qeydə alınıb, sürüclərdən biri xəsarət alıb. Hadisə bu gün günorta saatlarında rayonun girişində - Qala kompleksinin qarşısında baş verib. Nəticədə VAZ-ın sürücüsü - 33 yaşlı Samir Vəliyev xəsarət alıb və dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəzaya ötmə əməliyyatının düzgün yerinə yetirilməməsi səbəb olub. Qəza ilə əlaqədar bir müddət magistralda avtomobillərin hərəkəti dayanıb.

Gəncədə isə yolu keçmək istəyən şəxslər qəzaya düşüblər. Hadisə Gəncə şəhər Dəmiryol vağzalının yaxınlığında qeydə alınıb. Fərid Cəfərov idarə etdiyi “Mercedes” markalı avtomobillə  ərazidə yerləşən marketlərdən birindən çıxaraq yolu keçmək istəyən şəhər sakinləri - 25 yaşlı Eşqin Məmmədov, onun bacısı 28 yaşlı Aytən Məmmədova və 21 yaşlı Fəqanə Əlibəyovanı vurub. Nəticədə hər üç şəxs bədənin müxtəlif nahiyələrinin xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. Yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bütün faktlarla əlaqədar cinayət işi açılıb, araşdırma aparılır.

Vəfa Şairova