• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1486
— 05.10.2015 14:58

Ölkə ərazisində bir neçə tükürpədici qətllər törədilib

Bu gün tükürpədici qətllərlə yadda qalıb. Tərtərdə oğul ona həyat verənlərin həyatına son qoyub. Qazaxda ər azyaşlı övladının gözü qarşısında arvadını öldürüb.  Paytaxtda isə qonşuların mübahisəsi ölümə yol açıb.

Tərtərdə törədilən dəhşətli qətl rayonun Cəmilli kəndində qeydə alınıb. 27 yaşlı Qurban Nəsibov amansızcasına 64 yaşlı atası Xanbaba Nəsibovu və anası Nazlı Nəsibovanı öldürüb. O, valideynlərini yatdıqları yerdə başlarına küt alətlə vurmaqla qətlə yetirib. Qurban Nəsibov Cinayəti törətdikdən sonra qonşu kənddə yaşayan bacısının evinə gedərək valideynlərinin yuxudan oyanmadıqlarını bildirib. Qohumlar olub-bitənlərdən bundan sonra xəbər tutub. Hadisə yerinə rayon prokurorluğunun və polis şöbəsinin əməkdaşları gəliblər. Hər iki meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Tərər Rayon Şöbəsinə aparılıb. Cinayəti törətməkdə təqsirli bilinən Qurban Nəsibov saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.

Qazaxda ata azyaşlı uşağının gözü qarşısında qatil olub. Dəhşətli ailə faciəsi rayonun Kəmərli kəndində baş verib. Bıçağı əlinə alan 29 yaşlı Ramin Rəhimov 23 yaşlı arvadı Aygünə bir neçə zərbə vuraraq onu öldürüb. Rəhimovlar ailə qurduqdan sonra bir müddət paytaxtda yaşayıblar. Bir neçə gün öncə isə ailə başısı doğma kəndlərinə qayıtmaq qərarına gəlib. Elə qətli də məhz Kəmərlidə - öz yaşadığı evdə törədib. Ramin həyat yoldaşının qohumlarına zəng vuraraq gəlib qızlarını aparmasını tələb edib, daha sonra isə polisə təslim olub. Qohumları Kəmərliyə çatanda 23 yaşlı qızın qətlə yetirildiyini biliblər. Cinayətin hansı səbəbdən törədildiyi hələ ki, məlum deyil.

Bakıda isə qonşular arasında yaranan mübahisə ölümlə nəticələnib. Hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Bakı fəhləsi küçəsində yaşayan 45 yaşlı Hikmət Rəhimovla qonşusu 39 yaşlı Elsevər Əliyev arasında yaranan mübahisə o həddə çatıb ki, qonşular bir-birini nalayiq söyüşlərlə təhqir ediblər. Bu zaman Hikmət Rəhimov bıçaqla Elsevər Əliyevə ağır xəsarət yetirib. Əliyev hadisə yerindəcə dünyasını dəyişib. Hikmət Rəhimov isə cinayətdə istifadə etdiyi bıçağı da özü ilə götürərək polisə təslim olub.

Hər üç faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir. 

İlham Məmmədzadə