• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 895
— 30.09.2015 21:13

Şəmkirdə dəfələrlə mal-qara oğurluğu edən dəstənin bundan sonrakı planları boşa çıxdı

Polis 3 nəfərdən ibarət dəstəni zərərsizləşdirib.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının şikayət əsasında apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Elxan Qurbanova məxsus fərdi təsərrüfatdan 2 baş iribuynuzlu mal-qara oğurlamaqda şübhəli bilinən Naxçıvan sakini 29 yaşlı Məhərrəm Həsənov və Daşkəsən rayon sakini 27 yaşlı Coşqun Mikayılov saxlanılıb. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, bu, saxlanılan şəxslərin törətdiyi yeganə oğurluq hadisəsi deyil. Onlar bundan əvvəl də, yəni, iyun ayının 18-də Göygöl sakini Şahin Rzayevlə əlbir olaraq rayonun Daşkəsənlə həmsərhəd Çaykənd kəndindəki fərdi təsərrüfatdan 4 baş iribuynuzlu mal-qara oğurlayıblar.

Pakizə Quliyeva- Şəmkir Rayon Polis Şöbəsinin baş müstəntiqi: “Müəyyən edilib ki, 3 şəxs Daşkəsən rayonundan Şəmkir çayını keçib, Şəmkir rayonuna daxil olublar. Burada vətəndaş Mahmud Qasımova məxsus fermadan 4 baş iribuynuzlu mal-qara oğurlayaraq birgə mal bazarında satıblar”.

Saxlanılan şəxslər əməllərini etiraf ediblər. İlkin ifadə zamanı bildiriblər ki, məqsədləri bu yolla gəlir əldə etmək olub. 

Məhərrəm Həsənov- saxlanılan şəxs: “Biz Könüllü kəndinə getdik. Ordan 2 baş mal-qara oğurlayıb aparanda polis yolda bizi saxladı”.

Coşqun Mikayılovsaxlanilan şəxs: “Daşkəsən rayonu ərazisindən Şəmkirə keçdik. Ordan çətinliklə də olsa 4 baş mal-qaranı Bərdəyə apardıq. Əldə etdiyimiz pulu öz aramızda böldük”.

Şahin Rzayev- saxlanılan şəxs: “4 baş mal-qaranı oğurladıq, hər birini 450 manata satdıq, maşın pulunu çıxandan sonra hərəmizə 320 manat pul düşdü”.

Şəmkir polisi dəstənin başqa oğurluq hadisələri törədə biləcəyini də istisna etmir. Bununla bağlı araşdırmalar davam edir. Məlum faktlar üzrə isə cinayət işi açılıb.

 

Natiq Hüseyn