• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2368
— 15.09.2014 01:12

Döyüş qabiliyyəti artan Azərbaycanda ordunun peşəkarlığı da yüksəlir

Hazırda respublikada ordu quruculuğu ən prioritet məsələlərdən biridir. Təbii ki, müharibə şəraitində yaşayan ölkə üçün bu, xüsusi əhəmiyyət kəsb edir. Maddi-texniki bazası müasirləşən, döyüş qabiliyyəti artan Azərbaycanda ordunun peşəkarlığı da yüksəlir. Azərbaycanın hərbi məqsədlər üçün böyük məbləğdə vəsait xərcləməsi, dövlət büdcəsində ən böyük xərclərin orduya ayrılması zirehli maşınlar, ən müasir tanklar, artilleriya qurğuları və digər texnikalar baxımından düşmən üzərində dəfələrlə üstünlük yaradıb və istənilən hədəfi məhv etmək imkanı verir. Elə ali baş komandan, prezident İlham Əliyevin izlədiyi Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri də bir daha göstərir ki, ölkə həm xaricdən ən müasir hərbi texnikalar alır, həm də yerli hərbi sənayesini daha da inkişaf etdirir və genişləndirir.

4 min nəfərədək şəxsi heyət, 80 tank, 100-dək zirehli döyüş maşını, 80-ə qədər artilleriya sistemi, 10 döyüş təyyarəsi, 20-dək döyüş və nəqliyyat-döyüş vertalyotlarinin iştiraki ilə yerinə yetirilən təlimlərdə Azərbaycan ərazisinin müdafiəsi və təcavüzkarın məğlubiyyətə uğradılması məqsədilə Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin birgə fəaliyyətinin planlaşdırılması və təşkili, həmçinin dövlət sərhədinin mühafizəsi və müdafiəsi, əks-hücuma keçməklə təcavüzkarın əsas qüvvələrinin darmadağın edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub. Təlimlərdə qarşıya bir sıra məqsədlər qoyulub və tam yerinə yetirilib. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və Dövlət Sərhəd Xidmətinin birləşmə, hissə və bölmələrinin ərazi müdafiəsi çərçivəsində birgə döyüş tətbiqinin planlaşdırılması və qarşılıqlı əlaqənin təşkili üzrə müxtəlif səviyyələrdə qərargahlar arasında əlaqələndirmənin təmin edilməsi təlimin başlıca hədəflərindən biri idi. Dövlət sərhədinin mühafizəsi, ərazi müdafiəsinin aparılması və əks-hücum əməliyyatının gedişində Silahlı Qüvvələrin və başqa silahlı birləşmələrin uzlaşma fəaliyyətinə nail olunması, birləşmə, hissə və bölmələrin döyüş fəaliyyətinin sinxronlaşdırılması da təlimlərdə diqqət yetirilən məqamlardandır. Birgə döyüş fəaliyyətinin gedişində qoşunların əlaqələndirilən şəkildə idarə edilməsi və informasiya mübadiləsinin saxlanması üzrə qərargah fəaliyyətinin məşqinə də xüsusi diqqət yetirilib. Hərbi təlim təlimlər göstərdi ki, Azərbaycan əraziləri işğaldan azad etməyə qadir güclü orduya malikdir.

İlham Əliyev - Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı: “Əfsuslar olsun ki, vasitəçilər danışıqlarda ədalətin bərpa edilməsinə deyil, daha çox müharibənin olmaması ilə bağlı səy göstərirlər. Belə olan halda Azərbaycan ordu quruculuğuna daha da böyük diqqət göstərir, göstərəcəkdir və danışıqlar nəticə verməsə, bizim başqa yolumuz qalmayacaqdır. Biz müharibə istəmirik. Biz çalışırıq ki, məsələ sülh yolu ilə həll edilsin. Ancaq görürük ki, iyirmi il ərzində bu məsələ öz həllini tapmır. Bu məsələni dondurulmuş vəziyyətdə saxlamaq istəyən qüvvələr, əfsuslar olsun ki, öz niyyətlərinə, öz məqsədlərinə nail olurlar. Biz isə bu vəziyyətlə barışmaq istəmirik və barışmayacağıq. Biz sülh istəyirik. Amma, eyni zamanda, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını istəyirik. Bizim tələbimiz əsaslıdır. Bizim tələbimiz tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, tarixi Azərbaycan torpağıdır”.

Bu üzdən də Azərbaycan ordu quruculuğuna mühüm önəm verir. Hazırda güclənən Azərbaycan Ordusu Ermənistan üçün böyük təhlükə mənbəyidir. Hansı ki, bunu ermənilər də etiraf edir. Özünü müdafiə edə bilməyən ölkə isə müstəqil deyil. Bu etiraf əslində elə məğlubiyyətin etirafıdır. Bu gün güclənən Azərbaycan Ordusu məsələnin həlli üçün ən birinci amildir. Hətta atəşkəs rejimi şəraitində belə milli ordu erməniləri təşvişə salır. Təmas xəttində tam şəkildə əldə edilən üstünlük və vəziyyətə tam şəkildə nəzarət də bunu bir daha təsdiq edir. Sülhsevər siyasət yürüdən Azərbaycanın iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.

İlham Əliyev - Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı: “Biz dəfələrlə mötəbər beynəlxalq kürsülərdən eşidirik ki, məsələ sülh yolu ilə həll olunsun. Amma məsələnin sülh yolu ilə həll olunması bizim iradəmizdən asılıdır. Biz istəyirik ki, bu, sülh yolu ilə həll edilsin. Bizim iradəmizə, siyasətimizə heç kim təsir edə bilməz. Bunu hamı bilsin. İlk növbədə Ermənistan və bu məsələ ilə məşğul olan vasitəçilər də bilsinlər ki, ancaq Azərbaycanın sülhsevər mövqeyi bu gün vəziyyəti sülh şəraitində, atəşkəs rejimində saxlaya bilər. Ancaq bizim səbrimiz tükənməz deyildir.
Bu gün təmas xəttində əldə etdiyimiz üstünlük artıq reallıqdır. Azərbaycan cəmiyyətində, Azərbaycan Ordusunda ruh yüksəkliyi müşahidə olunur. Ermənistanda, Ermənistan ordusunda ruh düşkünlüyü müşahidə olunur. Əgər belə olmasaydı, təkcə birinci rübdə 40 min erməni öz ölkəsini həmişəlik tərk etməzdi”.

Hərtərəfli şəkildə düşmən üzərində qazanılan üstünlük bundan sonra da hərbi imkanları artırmaqda, danışıqlar masasında prinsipial mövqeyini gücləndirməkdə bir stimuldur. Bunun əsas mənbəyi Azərbaycan xalqı, onun iradəsidir, Azərbaycan Ordusu və Azərbaycan əsgəridir. Bu amil Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcək böyük qüvvədir. Azərbaycan öz ordusuna və dövlətinə güvənir. Azərbaycan dövləti və Azərbaycan Ordusu isə öz vətəndaşlarını müdafiə edir.

İlham Əliyev - Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı: “Bugünkü təlimlərdə göstərilən peşəkarlıq, texniki imkanlar, cəmiyyətdə yaşanan və güclənən vətənpərvərlik ruhu istənilən anda məsələnin tezliklə, hərbi yolla həll edilməsinə şərait yaradır. Düşmən bunu bilir və ona görə qorxu içindədir.
Biz hələ ki, danışıqlara sadiq qalacağıq. Ancaq bir daha demək istəyirəm ki, səbrimiz tükənir və Azərbaycan Ordusu hər an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazırdır, buna qadirdir. Bizim əsas vəzifəmiz ərazi bütövlüyümüzün bərpasıdır. İşğal edilmiş torpaqlar ilk növbədə azad olunmalıdır, ondan sonra Dağlıq Qarabağ, - o da işğal edilmiş torpağımızdır, - Azərbaycan nəzarətində olmalıdır. Azərbaycan bayrağı işğal edilmiş bütün şəhərlərdə, o cümlədən Şuşada, Xankəndidə qaldırılmalıdır və qaldırılacaqdır. Bu, bizim əsas vəzifəmizdir. Biz bu vəzifəyə çatacağıq. Biz hər gün, hər an bu hədəfə yaxınlaşırıq. Bugünkü təlimlər bir daha onu göstərir ki, biz bu hədəfə bir addım da yaxınlaşmışıq”.

İrimiqyaslı birgə əməliyyat-taktiki təlimlərində qarşıya qoyulan bütün məqsədlərə nail olunub və təlimə cəlb edilən bütün şəxsi heyət yüksək döyüş hazırlığı nümayiş etdirib.