• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 747
— 21.09.2015 15:53

Şəmkirdə sənədsiz sərnişin daşıma ilə məşğul olan xeyli sürücü aşkarlanıb

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şəmkir Regional Şöbəsinin əməkdaşları yol polisləri ilə birlikdə reyd keçirib. Hədəf sənədsiz sərnişin daşıma ilə məşğul olan sürücüləri aşkarlamaq olub. Yoxlamalar zamanı xeyli sayda belə sürücü barəsində müvafiq tədbir görülüb.

Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzadan sonra Şəmkirdə də Nəqliyyat Nazirliyinin müvafiq strukturu yol polislərinin iştirakı ilə kütləvi yoxlamalar aparıb.

Özləri ilə yanaşı onlarla sərnişinin taleyinə cavabdeh olan sürücülər tutulan əksər iradlarla razılaşmayıb. Hətta müfəttişlərin saxla işarəsinə tabeçilik göstərməyənlər də olub. Yalnız yol polislərinin müdaxiləsindən sonra belə avtomobillərin saxlanılması mümkün olub.

Reyd zamanı heç bir sənədi olmadan sükan arxasında əyləşənlərə də rast gəlinib. Belə sürücülərin avtomobilləri cərimə meydançasına aparılıb. Sərnişinlər isə digər nəqliyyat vasitəsi ilə mənzil başına yola salınıb. Yol polisinin sərnişindaşıma qaydalarına əməl etməyən sürücülərə tutduğu iradlar isə xırda mübahisələrlə yadda qalıb.  

Şəmkirdə nəqliyyat müffətişləri ilə yol polisinin reydi maraqlı anlarla yadda qalıb. Belə ki, bəzi sürücülər sərnişin daşıma qaydalarını pozmaqla yanaşı, mikroavtobuslardan yük daşıma kimi istifadə edirlər. Bu isə sonda əlavə problemlərə yol açır.

Ümumilikdə gün ərzində 10-a yaxın sürücüyə inzibati protokol yazılıb. Sürücülük hüququ olmadan sərnişin daşıyan 3 sürücünün avtomobili isə cərimə meydançasına aparılıb.

Qafar Qarayev- DANX-nin Şəmkir Regional Şöbəsinin rəisi: “Sərnişinlərdən xahişim odur ki, onlar da nəzərdə tutulan dayanacaqlardan, stansiyalardan və yaxud da avtovağzallardan istifadə etsinlər. Çünki həmin yerlərdə bizim müfəttişlərimiz hər bir şeyə nəzarət edir”.

Qeyd edək ki, nəqliyyat müffətişləri ilə yol polislərinin reydləri qarşıdakı günlərdə də davam etdiriləcək.

Natiq Hüseyn